“Zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib” -QURUM AÇIQLAMA VERDİ

Ötən gün sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info-ya danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib:

 

“Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapmışdır.

 

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılmışdır.

 

Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılmış, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilmişdir, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilmişdir”.

 

Teymur Mərdanoğlu bildirib ki, hazırda yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən ananın valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırıb. O əlavə edib ki, azyaşlı müvafiq uşaq müəssisəsinə yerləşdirilib.

 

Şəbnəm

Gununsesi.info