
“İki gün öncə hava limanında taksi xidməti ilə bağlı qərar elan edilərkən rəqabət mühitinin boğulmasına yönəlmiş inzibati yanaşmaların doğru olmadığı barədə əhatəli yazmışdım”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov qeyd edib:
“Bu gün isə Ombudsman Aparatı məlumat verdi ki, hava limanında taksi xidməti və qiymət siyasəti ilə bağlı monitorinq aparılıb. Rəsmi açıqlamadan kiçik bir hissə:
“Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.”
Addım təqdirəlayiqdir. Amma hesab edirəm ki, bu məsələyə münasibət bildirməli olan qurum təkcə Ombudsman Aparatı ilə məhdudlaşmamalıdır.
Ümumiyyətlə, Ombudsman institutundan söz düşmüşkən, çoxdan irəli sürmək istədiyim bir təklifim vardı. Ökəmizdə Prezident tərəfindən təyin edilən və birbaşa ona hesabat verən Biznes Ombudsmanı institutunun yaradılmasına və ona müvafiq səlahiyyətlərin verilməsinə ciddi ehtiyac var”.
Onun fikrincə, belə bir institut sahibkarların hüquqlarının qorunmasına, inzibati maneələrin aradan qaldırılmasına, ədalətli rəqabət mühitinin təmininə, dövlət–biznes dialoqunun güclənməsinə və ən əsası xarici investorlar üçün etibarlı, cəlbedici iqtisadi mühitin formalaşmasına xidmət edəcək strateji bir mexanizm olar.
“Ölkəmizdə böyük investisiya forumları keçirilir, cənab Prezident beynəlxalq tədbirlərdə hər dəfə nə qədər məşğul olsa da, mütləq vaxt ayıraraq qlobal investorlarla şəxsən görüşür, ölkəyə investisiyanın cəlbi üçün bütün imkanlar səfərbər edilir.
Amma bəs, investorlar ayrı-ayrı sahələrdə inzibati metodlarla rəqabətin boğulduğunu görsə, bu, onları tərəddüdə salmazmı?!
Qlobal investor sadəlövh deyil. O, diqqəti cəlb etməyən ən kiçik çatışmazlıqları belə görür, dərindən təhlil edir və qərarlarını buna əsasən verir. Onların gözündən heç nə yayınmır. Buna görə də bu tip məsələlərdə xüsusilə diqqətli olmalıyıq.
Məhz buna görə də səlahiyyətli Biznes Ombudsmanı institutunun yaradılması ölkəmizin iqtisadi inkişafında strateji bir addım, önəmli mərhələ olardı”-deyə o əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni taksi tariflərini tətbiq edib və bu, sərnişinlər arasında narahatlıq yaradıb. Yeni qiymət siyasətinə görə, 3 km-ə qədər məsafələr üçün ödəniş 6 manat, 3–25 km arası hər km üçün 0,95 manat, 26 km-dan yuxarı isə hər km üçün 0,70 manat təşkil edəcək.
Şəhərin mərkəzinə olan əsas marşrutlarda bu tariflər 25–30 manat civarında dəyişir ki, bu da şəhər daxilindəki digər nəqliyyat xidmətləri ilə müqayisədə xeyli yüksək hesab olunur.
Bəzi ekspertlərin fikrincə, bu addım monopoliyanın güclənməsinə və sərnişinlər üçün əlavə maliyyə yükünün yaranmasına xidmət edir.