Rusiya ƏDV-ni artırır - UKRAYNA İLƏ MÜHARAİBƏ İQTİSADİYYATI ÇÖKDÜRÜB

24 sentyabrda Rusiya Maliyyə Nazirliyi ƏDV-nin 2026-cı il yanvarın 1-dən 20 faizdən 22 faizə qədər qaldırılmasını elan edib.

Bu addım 2026-2028-ci illərdə əlavə vəsaitlərin əsasən müdafiə ilə təhlükəsizlik sahələrinə yönəldilməsi nəzərdə tutur. Gözlənilən nəticəyə görə əlavə olaraq büdcəyə təxminən 1 trilyon rubl(təxmini 12.5 milyard dollar) daxil olacaq.

Rusiyada ƏDV-nin 20 faizdən 22 faizə qaldırılması çox ciddi siqnaldır və Ukraynadakı müharibənin ölkə iqtisadiyyatını necə dərin böhran içinə saldığını göstərir. Rəsmi izah budur ki, guya büdcəni möhkəmləndirmək və müdafiə ilə təhlükəsizlik xərclərini maliyyələşdirmək lazımdır. Amma əslində mənzərə daha kritikdir, əlavə dəyər vergisinin artırılması onu göstərir ki, dövlət artan maliyyə tələblərini qarşılaya bilmir və yükü birbaşa əhali ilə biznesin üzərinə qoyur.

ƏDV dolayı vergidir və nəticədə hər zaman istehlakçının çiyninə düşür, çünki qiymətlər artır.

Onsuz da yüksək olan inflyasiya şəraitində ƏDV-nin qaldırılması malların və xidmətlərin daha da bahalaşmasına səbəb olacaq. Bu isə ilk növbədə aşağı gəlirli təbəqələrə zərbə vuracaq, çünki onların maaş və pensiyaları artan qiymətlərə uyğunlaşa bilmir. Real gəlirlər azalacaq, alıcılıq qabiliyyəti zəifləyəcək, daxili bazar daralacaq. Belə şəraitdə biznes ya qiymətləri qaldıraraq müştərini itirəcək, ya da zərərlə işləyəcək. Nəticədə bir çox müəssisə qeyri-rəsmi sektora keçəcək, kiçik və orta sahibkarlığın bir hissəsi isə bağlanmaq məcburiyyətində qalacaq.

Son aylarda iqtisadi artım əsasən hərbi sifarişlərin hesabına qorunurdu, lakin bu tendensiya da zəifləyəcək. Vergi yükünün artması investisiyaları cazibədar etmir, dövlət istənilən vaxt yeni vergilər tətbiq edə bilərsə, uzunmüddətli layihələrə kim sərmayə qoymaq istəsin ki?

Xarici investorlar artıq demək olar ki, tamamilə çəkilib, yerli kapital isə müxtəlif yollarla ölkədən çıxarılmağa çalışır. Bu proses pul və texnologiya axınını sürətləndirir və iqtisadiyyatı texnoloji geriləmə vəziyyətində saxlayır.

Maliyyə baxımından vəziyyət sadəcə “dəlikləri yamaqla” bənzəyir. Hakimiyyət əlavə trilyon rubl yığacağını gözləsə də, bu yalnız bir-iki il ərzində büdcə kəsirini azalda bilər. Çünki xərclərin strukturu dəyişmir, əsas vəsaitlər müharibəyə və güc aparatına gedir, inkişaf və modernləşməyə yox. Uzunmüddətdə isə vergi bazası daralacaq, yük artdıqca biznesin dövriyyəsi azalır, nəticədə vergi yığımının həcmi də düşür. Bu, dövlətin öz maliyyə dayaqlarını daha da zəiflədəcək.

Sosial risklər də artmaqdadır. Qiymətlərin yüksəlməsi və real gəlirlərin azalması cəmiyyətdə narazılığı dərinləşdirir, xüsusilə də regionlarda, harada ki, onsuz da yaşayış səviyyəsi aşağıdır. Hakimiyyət məcburən sosial ödənişləri artıracaq, amma bu, büdcəyə əlavə yük gətirəcək və kəsiri yenidən böyüdəcək. Beləliklə, inflyasiya, vergi artımı və xərclərin yüksəlməsi qapalı dairəyə çevrilir və iqtisadiyyatı daha da ağır vəziyyətə salır.

Nəticə etibarilə, ƏDV-nin artırılması sadəcə büdcəni doldurmaq üçün texniki addım deyil. Bu, müharibənin Rusiyanın iqtisadi dayanıqlığını necə sürətlə dağıtdığını açıq şəkildə göstərir. Dövlət artıq özünü daimi vergi artımı olmadan maliyyələşdirə bilmir, iqtisadiyyat hərbi xərclərin təzyiqi altında boğulur, cəmiyyət isə getdikcə daha çox yoxsulluq və qeyri-müəyyənliyə sürüklənir. Bu, müvəqqəti çətinlik deyil, uzunmüddətli dərin böhranın əlamətidir və müharibə uzandıqca vəziyyət daha da ağırlaşacaq.

 

Kamran Cəfərov

Gununsesi.info