Məşhur İslam məzhəblərinin siqaretin haramlığı haqda mövqeyi və orucu pozması ilə bağlı rəyi
Məzhəbindən asılı olmayaraq əksər müctəhid və fəqihlərin rəyinə görə siqaret və qalyan kimi vasitələrdən istifadə etmək orucu pozur. Kim oruclu olduğu halda bilərək siqaret yaxud qalyan çəksə həm qəza, həm də kəffarə gərəkir.
Lakin İraqın mərhum dini liderlərindən olan Ayətullah əl uzma Seyid Sadiq Sədr və Livanın mərhum dini lideri Ayətullah əl uzma Əllamə Seyid Məhəmməd Hüseyn Fəzlullaha görə siqaret çəkmək orucu pozmur. Lakin sonuncunun fətvasına görə siqaretin alışı, satışı, daşınması, tədarükü, çəkilməsi və tövsiyyə edilməsi, reklamı da ümumiyyətlə haramdır.
1. Cəfəri (şiə) məzhəbinin ümumi rəyinə görə siqaret və oxşar məmulatların istifadəsi haram yox, məkruhdur. Tüstüsünün daxilə çəkilməsi orucu batil edir.
2. İbadiyyə (nə sünni, nə şiə) məzhəbinə görə də siqaret qəti haramdır, orucu da pozur. Omanın Baş Müftisi və İbadiyyə məzhəbinin ən nüfuzlu alimlərindən olan Şeyx Əhməd əl-Xəlili siqaret çəkməyin, həmçinin tütün məmulatlarının ticarətinin haram olduğu barədə qəti fətva vermişdir.
3. Zeydiyyə (nə sünni, nə şiə) fiqhinə görə də, bədənə aşkar zərər verən, sağlamlığı pozan və malı israf edən hər bir şey haramdır. Müasir tibbin siqaretin xərçəng və digər ölümcül xəstəliklərə səbəb olduğunu sübut etməsi bu məhsulun haram sayılmasına gətirib çıxarır. Orucu da batil edir.
4. Müasir Sələfi (sünni) alimlərinin böyük əksəriyyətinə görə də siqaret haramdır. Orucu da pozur.
5. Dünya müsəlmanlarının böyük çoxluğunu özündə toplayan Hənəfi (sünni) məzhəbinin alimlərinin də əksəriyyətinə görə siqaret haram yaxud təhrimən məkruhdur. Bilərək çəkənin orucu batil olur, gərək qəza və kəffarə tutsun.
6. Şafii (sünni) məzhəbində siqaretin hökmü ilə bağlı müasir və klassik alimlər arasında fərqli fikirlər olsa da, müasir dövrün əksər alimləri onun haram olduğunu bildirirlər. Orucu da pozur, qəza və kəffarə gərəkdirir.
7. İsmaili (şiə) məzhəbinə görə siqaret qəti haramdır. İsmaili məzhəbinin Nizari qolunun imamlarının (Ağa Xanların) bu mövzudakı mövqeyi aşağıdakı əsaslara söykənir:
İmamın Fərmanları: İndiki İmam IV Şah Kərim əl-Hüseyni (Ağa Xan) siqaret çəkməyi, spirtli içki və narkotik istifadəsini “şər və zərərli” vərdişlər adlandırmış, onları mənəviyyata və sağlamlığa ziyan vuran “sosial bəlalar” kimi xarakterizə etmişdir. Orucu da pozur.