Qardaşım, bacım!
Bir həqiqəti qarışdırmayaq: dövlət ayrı anlayışdır, hökumət ayrı, parlament ayrı. Dövlət – xalqın varlığı, iradəsi, tarixidir. Hökumət isə idarəetmə mexanizmidir. Parlament qanunverici orqandır. Onların heç biri bir-birinin sinonimi deyil.
Hansısa mənzil-istismar sahəsinin yarıtmaz fəaliyyəti tənqid olunursa, bu dövlətə qarşı çıxmaq deyil. Hansısa deputat məsuliyyətsiz danışırsa və buna etiraz edilirsə, bu dövlətçilik əleyhinə mövqe deyil. Hətta hökumətin yanlış qərarını açıq şəkildə tənqid etmək də dövlətə düşmənçilik sayılmamalıdır.
Əksinə, ictimai rəy susmursa, vətəndaş cəmiyyəti problemləri qabardırsa, bu, sağlam cəmiyyətin əlamətidir. Səbatsız bir nazir xalqa zidd qərar verirsə, ona “dayan” demək dövlətçiliyin müdafiəsidir.
Çünki dövlət məmurun şəxsi mülkiyyəti deyil. Dövlət xalqındır.
Vəzifə isə imtiyaz yox, məsuliyyətdir.
Vətəndaşa xidmət etmək istəməyən məmur, tənqidi “dövlətə qarşı çıxmaq” kimi təqdim etməklə əslində ikiqat xəta edir: həm vəzifəsinin ruhuna zidd davranır, həm də ictimai rəyi manipulyasiya etməyə çalışır.
Tənqid xəyanət deyil.
Ədalətli tənqid – inkişafın mühərrikidir.
Pərviz Yəhyalı
Gununsesi.info











