
Bu gün Cəbrayıl şəhərinə 50 ailə – 119 nəfər köçürülüb.
Gununsesi.info xəbər verir ki, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan “Qobu Park 3” şəhərçiyindən yola salınıb.
Cəbrayıl şəhərinə köçürülən ailələr bölgələr üzrə bu formada bölünüb: Bakı şəhərindən – 18 ailə (76 nəfər), Biləsuvar rayonundan – 12 ailə (50 nəfər), Abşeron rayonundan – 11 ailə (42 nəfər), Sumqayıt şəhərindən – 6 ailə (22 nəfər), Şabran rayonundan – 2 ailə (8 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (1 nəfər).
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən qurulan Cəbrayıla qayıdan sakinlər
hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
“İlk dəfə həyətimizə girəndə…”
Ənvər Əhmədov: “Özüm Cəbrayılın kəndindənəm, bu gün oğlumu, gəlinimi, nəvəmi yola salmağa gəlmişəm.
İlk dəfə öz həyətimizə gedəndə nitqim tutulmuşdu.
İndi nə hiss etdiyimi sizə deməkdə çətinlik çəkirəm. Bircə onu bilirəm ki, ağır hissdi…
Yuxuma tez-tez Cəbrayılda gəzdiyimiz cığırlar, suyundan içdiyim bulaqlar girir.
Bir də heç kəsə belə köçkünlük həyatı qismət eləməsin. Dövlətimizə Allah qüvvət versin, ordumuzu qorusun.
Bu günə şükürlər olsun…”
Mehriban Turabxanova: “32 ildir ki, bu günü gözləyirəm. Prezidentimiz, ordumuz sayəsində inanırdıq ki, biz o torpaqlara qayıdacağıq. Bu gün ilk dəfə Cəbrayıla gedəcəm. Həyat yoldaşım bir neçə dəfə getmişdi, amma təəssüf ki, qayıdış qisməti …”, – sözünü yarımçıq kəsən Mehriban xanım göz yaşlarını saxlaya bilmədi.
Qeyd edək ki, bu köç də nəzərə alınmaqla ümumilikdə Cəbrayıl şəhərinə cəmi 615 ailə (2690 nəfər) köçürülüb.