Deputat çağırış etdi: "Sahibsiz və dilənən uşaqlar gündəlikdən çıxmalıdır"

“Uşaqlar məktəbdə fiziki imkanlarını inkişaf etdirməlidir. Lakin məktəblərdə idman zallarının vəziyyəti qənaətbəxş deyil. Standartlara uyğun olmayan idman zallarında uşaqlar tam inkişaf edə bilmir. Məktəblərdə üzgüçülük hovuzları yoxdur və pulsuz hovuz tapmaq çətindir”.

Gununsesi.info bildirir ki, deputat Fazil Mustafa bu sözləri Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi zamanı səsləndirib:

“Bəs bunun mexanizmini necə tapaq? Ailə böyük işlər görür, amma imkanları məhduddur. Burada 2 milyon 730 min nəfərlik kontingentdən söhbət gedir. Bu səbəbdən nazirliyin bütün imkanlarını səfərbər etmək üçün böyük bir büdcəyə sahib olmaq lazımdır. Ola bilsin ki, ailənin içindəki problemləri tam öyrənmək mümkün deyil, amma Azərbaycan hər bir uşağın monitorinqini aparmalıdır. Uşaqların vəziyyəti araşdırılmalıdır, çünki hər bir uşaq ölkə üçün potensialdır”.

Fazil Mustafa əlavə olaraq edib ki, bir uşağın yetişməsi üçün hər bir regionda bu komitənin müvafiq nümayəndəsi olmalıdır və böyük büdcə ayrılmalıdır.

“Sahibsiz uşaq, dilənən uşaq, narkotik qurbanı olmuş uşaq, insan alverinə cəlb olunmuş uşaq – bu hallar Azərbaycan gündəliyindən çıxmalıdır. Biz potensialın böyük hissəsini laqeydlikdən və ya imkansızlıqdan hansısa taleyin ümidinə buraxırıq.

Buna görə də bu qanunun icrası ilə bağlı mütləq konkret və effektiv təkliflər ortaya qoyulmalıdır”.

 

Şəbnəm

Gununsesi.info