Hadisə yerindən qaçan sürücüləri nə gözləyir? - Hüquqşünas

  • By Admin2
  • 10 Fevral 2026 14:43

Sosial şəbəkələrdə bəzən yayılan qəza videolarında görünür ki, hadisəni törədən sürücü hadisə yerindən hansısa səbəblərdən qaçır.

Buna bəzən qorxu, həyəcan, bəzən isə məsuliyyətsizlik səbəb olur.

Bu isə özlüyündə cəzanın ağırlığını artırır.

Bəs həqiqətdə necə olmalıdır?

Qanun bu barədə nə deyir?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır.

Hüquqşünas eyni zamanda deyib:

“Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı hadisələr baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur”.

Orxan

Gununsesi.info