
Xəbər verdiyimiz kimi, İlham Əliyev ilə Vladimir Putin 9 oktyabr 2025-ci il tarixində Düşənbədə təkbətək görüşü olub.
Görüş zamanı bir sıra iqtisadi-ticari, o cümlədən 25 dekabr 2024-cü il tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzasının təfərrüatları müzakirə edilib.
Sözügedən görüş Azərbaycan-Rusiya münasibətlərində olan gərginliyin azalması ilə də xarakterizə edir.
O da aydın məsələdir ki, bir ildir davam edən gərginliklər həm də digər məsələlər, daha dəqiq, 27 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə ilə əlaqədardır. Belə ki, həmin tarixdə iki qardaş — Hüseyn və Ziyəddin Səfərovlar öldürülüb, 9 nəfər saxlanılıb.
Bundan sonra isə Azərbaycan diasporlarına qarşı təzyiqlər davam edib. Sözügedən təzyiqlər nəticəsində 1 iyul 2025-ci il tarixində Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski Yekaterinburqda saxlanıblar. 16 iyul 2025-ci il tarixində isə Mutvalı Şıxlinski barədə məhkəmə qərarı çıxarılıb və onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Beləliklə, bütün bu proseslərdən sonra hər iki liderin görüşü sonrası ortaya daha bir sual çıxır.
Görəsən, Prezident İlham Əliyev və Vladimir Putin görüşündən sonra xüsusilə Azərbaycan diasporunun strukturlarına qarşı edilən təzyiqlər, daha dəqiq, dağıdılma siyasətinə də son veriləcəkmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Gununsesi.info-ya danışıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyev və Vladimir Putin arasında Düşənbə şəhərində keçirilən bu görüş, heç şübhəsiz ki, son vaxtlar hər iki ölkə arasında yaranan gərginlik, siyasi böhranın həlli istiqamətin atılan addımdır:
“Əvvala, gərginliyə görə yaranan münasibət qarşı tərəfin üzərinə düşürdü. Bura məlum təyyarə faciəsi, daha sonra Rusiyanın davranışı, iki nəfərin qətlə yetirilməsi də daxil olmaqla, Azərbaycan diasporu nümayəndələrinə qarşı təzyiqlər, miqrasiya siyasətində xüsusilə azərbaycanlılara qarşı sərt davranış, Rusiya KİV-lərində anti-Azərbaycan təbliğatı, bir sözlə, bütün bu məsələlər Bakı-Moskva münasibətlərinə çox böyük kölgə salmışdı”.
Sözügedən görüş isə kifayət qədər uğurlu hesab edilə bilər. Cənab Prezident İlham Əliyev bu görüşdə də öz prinsipial və qəti mövqeyində idi və bu qətiyyət də Rusiya Prezidenti tərəfindən tam anlaşıqlı qarşılandı. Putin bir neçə dəfə söylədi ki, biz öz üzrhaxlığımızı yenə də edirik”.
Elman Nəsirov, həmçinin bildirib:
“Azərbaycanın tələblərindən biri o idi ki, beynəlxaq hüquqa uyğun olaraq, bu vəziyyətə görə kompensasiya ödənilsin. Putin söz verdi ki, təbii ki, kompensasiya ödəniləcək. Üstəlik, cinayətkarlar cəzalandırılmalıdır. Gərginliyin azaldılmasını hər iki tərəfdə həbsdə olan şəxslərin azad edilməsilə görmək mümkümdür.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hər iki ölkə arasındakı məlum gərginlik aradan qalxır. Əslində, başqa cür mümkün deyil, çünki biz əbədi qonşularıq. Qonşular arasında gərginliyin yaşanması isə heç bir tərəfə xeyir gətirə bilməz. Hesab edirik ki, qarşı tərəf bu istiqamətdə müsbət addımları atmağa başlayacaq.
Vladimir Putinin bu istiqamətdə olan məlum mövqeyi fonunda digər qurumların, təşkilatların, nazirliklərin, televiziyanın, medianın da analoji davranış həyata keçirəcəyinə inanırıq. Yəqin ki, Zatulin kimilərinin də səsi batacaq. Onlara Kremldən verilən anti-Azərbaycan təbliğatına son verəcəklər. Düzdür, Zatulin kimilərinin daxilindəki mahiyyət dəyişmir. Amma öz davranışlarına korrektələr etmək məcburiyyətində olacaqlar”.
Elmar