
Elm və təhsil sahəsində uğur qazanmaq üçün hansı bilik və bacarıqlar vacibdir?
Xarici dil bilikləri bu sahədə nə qədər önəmlidir?
Bu suallar son illərdə tez-tez müzakirə olunur və mövzu aktuallığını qoruyur.
Gununsesi.info-ya danışan dosent İlham Əhmədov mövzunu belə şərh edib:
“E. Əmrullayev 2020-ci ildə deyirdi: “İngilis dilini bilməyən elm və təhsildən danışmasın.” 2025-ci ildə isə ehtimal ki, belə deyəcək: “Çin dilini bilməyən elm və təhsildən danışmasın.”
Əslində isə düzgün yanaşma belə olmalıdır:
- Elm və təhsili yetərincə bilməyənlər bu sahələrdə fikir bildirməməlidir. Son illərin təcrübəsi bunu bir daha göstərdi.
- Bu gün elm və təhsil sistemində tənqidi və sistemli düşüncə xarici dil biliklərindən daha vacibdir. Yəni, tənqidi və sistemli düşüncə olmadan elm və təhsildən danışmaq doğru deyil.
Süni intellekt xarici dil maneələrini asanlıqla aradan qaldıra bilir, lakin tənqidi və sistemli düşüncənin əhəmiyyətini əvəz edə bilməz.
Təhsilimizin indiki vəziyyəti göstərir ki, menecerlər ingilis dilini bilsələr də, tənqidi və sistemli düşüncələri zəifdir. Bunu onların təhsil sahəsindəki tənqidlərə münasibətindən də görmək mümkündür.
İngilislər, amerikalılar və çinlilər yalnız dillərinə görə deyil, tənqidi və sistemli düşüncələri sayəsində inkişaf ediblər. Eyni şəkildə almanlar, fransızlar, yaponlar və koreyalılar da irəliləyişlərini bu düşüncə tərzinə borcludurlar.
Əgər ingilis dilini bilmək elm və təhsildə uğurun əsas amili olsaydı, onda Hindistan, Pakistan, Avstraliya, Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrin bütün vətəndaşları alim olmalıydı”.
Şəbnəm