
Bakının bəzi yerlərində zibil qablarının yanında istifadə edilməyən geyimləri atmaq üçün əlavə qutular olur. Ancaq ora atılan geyimlər nə dərəcədə təmiz qalır bunu bilmək olmur. Xaricdə bu qutular illərlə var. Yaxud geyinilmiş paltarlar üçün dükan olmalıdır ki, ehtiyacı olan insanlar bundan yararlansınlar. Bunu təşkil edə biləcək bir ictimai təşkilat, təşəbbüs qrupu varmı?
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, bu təcrübə ta qədimdən bütün ölkələrdə, cəmiyyətlərdə olub:
“Bu təcrübə ta qədimdən var. Demək olar ki, bütün ölkələrdə, cəmiyyətlərdə olub. Bizdə də var. Bəzi yerlərdə belə bir məntəqələr düzəltmişdilər – “Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa gətir” şüarla fəaliyyət göstərirdi. İndi bilmirəm fəaliyyət göstərir, ya yox. Fəaliyyət göstərsə də, amma çox az miqyaslıdı. Bu bir növ sosial paylaşımdı, mənəvi bir borcdur. İnsanlar artıq əşyalarını, paltarlarını digər insanlara yardım, kömək etmək məqsədilə paylaşmalıdır. Bu hətta Amerikada, Yaponiyada, Rusiyada da belədir. Bizdə qeyri-təşkilatı formada olunur. Qohumlar, qonşular tanıdıqlarına, bildiklərinə istifadə etmədikləri paltar və əşyaları bağışlayırlar. Hətta uşaqlar böyüdükcə onlara təzə qalmış paltarları, ayaqqabıları verirlər. Bu çox yaxşı bir ənənədir. Amma bunu bir az geniş miqyasda təşkil etmək olar”.
Sosioloq vurğulayıb ki, bu işi böyük miqyasda təşkil etmək 1-2 nəfərin işi deyil:
“Bir ara mən şəxsən təşkil etmək istədim – onun yığılması çatdırılması, təmin olunması. Amma gördüm ki, çox böyük bir işdir. Bu 1-2 nəfərin işi deyil. Yaxşı olar ki, ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri, Qeyri h ökumət təşkilatları (QHT)vasitəsi ilə təşkil oluna bilər. Online şəkildə məntəqələr, xüsusi platformalar yaradıla bilər. İnsanlar orda birləşər. Hər kəsə nə lazımdırsa, gedib müəyyən məntəqədən götürər, yaxud kimlərdəsə artıq nəsə varsa, ora qoya bilər. Amma indiki dövrdə bunu yaratmaq bir qədər çətindir. Ona görə ki, bu məntəqələri saxlamaq üçün obyekt götürülməlidir. Obyektin icarə haqqı Bakıda çox bahadır. Onu kim ödəyə bilər? Böyük miqyasda təşkil etmək çətindir. O baxımdan bunu ya xeyriyyə cəmiyyətləri təşkil edə bilər, ya da QHT-lər sırf bu istiqamətdə belə bir layihə yaza bilərlər. Hər il dövlətdən qrant alırlar. Belə bir layihə ilə o xərcləri qarşılaya bilərlər.
Burda nəqliyyat xərcləri də var. Çünki elə yoxsul ailələr var ki, şəhərin hansısa yerindən gəlib o əşyaları aparmağa imkanı yoxdur. Bax bu kimi formalarda bunu təşkil etmək daha yaxşı olar. Çünki cəmiyyətlərə, bütün ölkələrdə hər təbəqədən- çətin vəziyyətdə yaşayan insanlar, xəstələr var. Onlara bu kimi paltarları, əşyaları, hətta dərman vasitələrini almaqda belə kimsə kömək edir. Tutaq ki, kimsə baha qiymətə dərman alıb, 50 dərmanın 15- ni istifadə edib 35-i qalıb. Onu zibilə atası deyil ki? Bu zaman o dərmanı ehtiyacı olan adama tapıb vermək olar. Belə nümunələr çoxdur. Kitablardan tutmuş hər bir şeyi ehtiyacı olan adamlarla paylaşmaq olar. Burda 100 % təşkilat olmalıdır. Dediyim kimi qrant layihəsi çərçivəsində müəyyən xərclər var ki, onu təşkil edə bilərlər. Biz də bunu təbliğ edərik. Sosial şəbəkələrdə hamı xəbərdar olar”.
Elçin Bayramlının sözlərinə görə sağlam məhsulların zibilliklərə atılması israfçılıqdır, halbuki nə qədər insanın onlara ehtiyacı var:
“Şəhərdə ən azı heç olmasa 5 yerdə məntəqələr olmalıdır, bölgələrdə isə 1 dənə olması kifayətdir. İnsanlar oranı tanıyar və mütəmadi olaraq ehtiyacı olduqları paltarları, əşyaları götürərlər. Eyni zamanda kimsə geyinmədikləri paltarları gətirib ora verər bilər. Siz görürsünüz nə qədər insan çətin vəziyyətdədi, ancaq baxırsan ki, nə qədər sağlam məhsullar zibilliklərə atılır. Xüsusilə də şəhərin mərkəzi hissələrinə, yeni tikililərin ətrafındakı zibil qablarına fikir versəniz görərsiniz ki, nələr atılır? Az istifadə olunmuş, yaxşı vəziyyətdə olan ayaqqabılar, paltarlar, müxtəlif ev əşyaları ləvazimatlar atılır. Bunlar həm də israfçılıqdır. Bir növ məhsulun batması deməkdir. Halbuki kimlərsə onları istifadə edə bilər. Bunun təşkil olunması üçün bir kampaniya yaratmaq olar. Mediada təbliğ etmək, ictimai təşkilatlara, xeyriyyə fondlarına çağırış etmək olar. Kimsə bunu öhdəsinə götürsə, biz də dəstək verərik. Məsələn: avtomobillə aparıb əhaliyə çatdırılması məsələsinə kömək edə bilərik, həmçinin müxtəlif formalarda bunun təbliğatını apara bilərik”.
Günel Həsənova