Hərbi qulluqçu 6 milyon manatlıq mənimsəmədə ittiham olunur - Məhkəmədə şok etiraflar

  • By Günel
  • 21 Avqust 2025 19:56

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə Xidmət Rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Namiq Mirzəyev Goranboy və Kəlbəcər rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə xidmətdə olarkən hərbi hissənin maliyyə sənədlərinə yanlış məlumatlar daxil edərək xüsusilə külli miqdarda pul vəsaitini müxtəlif kartlara köçürərək mənimsəyib.

Daha sonra ittihama münasibət bildirən Namiq Mirzəyev özünü ittiham üzrə qismən təqsirli bilib: “Cinayət Məcəlləsinin 179.4 və 308-ci maddələrlə ittiham olunuram. 308-ci maddə ilə özümü təqsirli bilirəm, 179.4-cü maddə üzrə isə qismən günahımı qəbul edirəm. Mən dövlətə 43 min manat ziyan ödəmişəm. Hazırda həbsdə olduğum üçün heç bir ödəniş edə bilmirəm”.

Daha sonra təqsirləndirilən şəxs vəkilinin və hakimlərin suallarını cavablandırıb. Suallara cavab verən mühakimə olunan şəxs mənimsədiyi pulları şəxsi ehtiyaclarına xərclədiyini deyib.

Proses şahid ifadələri ilə davam edib.

Növbəti proses avqustun 27-də davam edəcək.

Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqustunda DTX-nın vəsatəti əsasında həbs edilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Gununsesi.info