Jurnalistika ədalətli, vicdanlı olmağı tələb edir -Pərviz Həşimlidən Milli Media Gününə sözardı

25 ildən artıqdır ki, mediadayam. Gəncliyimi, ömrümün əhəmiyyətli hissini bu sahəyə bağlamışam.

Ölkənin ən nüfuzlu qəzetlərində, həmçinin BBC radiosu ilə çalışmışam. Çoxsaylı araşdırmaların, müsahibələrin, sensasion xəbərlərin müəllifi olmuşam. Ərdoğan baş nazir olanda ilk müsahibə alan qəzetçi olmuşam.

Prezident İlham Əliyev hələ Azərbaycanın AŞ PA-dakı deputat qrupunun rəhbəri olanda özəl müsahibə eləmişəm.

Polemika səviyyəsində olan müsahibəmdə yeni qəbulu gözlənilən Seçki Məcəlləsindən danışılıb.

Aldığım müsahibələrdən biri Prezident İlham Əliyevin sərəncamı ilə nəticələnib.

Belə ki, Özbəkistanda səfir olan sabiq MTN şefi Namiq Abbasovla müsahibəmdə “doğurdanmı, sürgündəsiz” deyə soruşmuşdum.

Diplomatik cavabı vardı: “Bugünə kimi nəvələrimlə vaxt keçirmədim. Çox istərdim ki, heç olmasa nəticələrimlə vaxt keçirim”.

Bu müsahibəmdən bir həftə sonra Prezident Namiq Abbasovu səfir kimi geri çağırdı. Bir sıra qurumlarda vəzifə şanslarım olub, şüurlu imtina etmişəm. Jurnalistika mənim üçün iş olmaqla yanaşı həm də həyat eşqi olub.

Jurnalistika risk tələb edir. Jurnalistika ədalətli, vicdanlı olmağı tələb edir. Nə yaxşi ki, bu keyfiyyətləri özümdə görürəm. Yüzlərlə haqqı tapdanan insanların yanında ola bilirəm.

Bugün də rəhbərlik etdiyim Gununsesi.info ədalətsizliklə üzləşən, haqqı tapdanan insanların ümid yeridir.

Saytımızın elektron poçtuna ölkənin hər yerindən şikayətlər gəlir. Vaxtilə, Azərbaycan hökumətinin ünlü simaları olan və sonradan həbs edilən insanlar belə ölkə başçısı tərəfindən səsinin eşidilməsi üçün bizi tribuna kimi görür.

Bugün Azərbaycan mediasının cəmiyyət qarşısında məsuliyyəti daha çoxdur.

Ölkənin məhkəmə-hüquq sisteminin mövcud reallıqlarında haqqı tapdanan insanları müdafiə eləməyi hər kəs bacarmır.

Biz bunu bacarırıq. Hara qədər onu bilmirəm.

Bəzən bu tənqidlərimizə görə salam-sağol etdiyimiz adamlara zənglər edirlər, şikayətlənirlər.
Bircə bunun olmamasını istəyirəm.
Çünki biz azadıq…
Polis öz rəisi tərəfindən incidilir, onu müdafiə edirik.
Həkimin , müəllimin haqqı tapdanır müdafiə edirik.
Vətəndaşın hüquqlarının müdafiəçisi olan vəkillər belə dara düşəndə müdafiə edirik.
Həbsdə olan həmkarlarımızı – Natiqi, Əzizi, Sevinci və başqalarını unutmuruq.
Həbsxana həyatı yaşayan bir jurnalist kimi bu həm də vicdan məsələsidir.
Bayramınız mübarək olsun!
 Bayramınız mübarək olsun!

Pərviz Həşimli 

Gununsesi.info