
Yeni dövrdə jurnalistika peşəsi əvvəlkindən daha mürəkkəb və tələbkardır.
İnformasiya axınının sürətlənməsi və qlobal xarakter alması jurnalistlərin fəaliyyət sahəsini genişləndirib və onların peşəkarlıq səviyyəsini yüksəltməyi zəruri edir.
Eyni zamanda, oxucu və izləyicilərin informasiya mənbələrinə münasibəti media mühitinin formalaşmasına ciddi təsir göstərir.
Gununsesi.info-ya danışan “Türküstan” Media Qrupunun rəhbəri jurnalist Aqil Camal vurğulayıb ki, yeni dövr jurnalistikasının əsas problemlərindən biri bilgi çatışmazlığıdır:
“Hətta jurnalistika fakultəsini bitirmiş gənc jurnalistlər özlərini ali təhsilli və ixtisaslı hesab edir, istənilən yerdə çalışa biləcəklərini düşünürlər. Amma artıq ilk andan aydın olur ki, gündəlik media fəaliyyəti və peşəkar jurnalistika ilə məşğul olmaq üçün tələb olunan ensiklopedik biliklərin – ölkə, bölgə, dünya və müxtəlif sahələrlə bağlı məlumatların, xronologiyanın izlənilməməsi, həmçinin məşhur və tanınmış ixtisaslı şəxslərin tanınmaması iş prosesində ciddi problemlər yaradır.
Bəzən görürük ki, bir-iki il və daha artıq müddət media sahəsində çalışan bəzi jurnalistlər hələ də bilgi çatışmazlığı ilə üzləşirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, bir çox gənc jurnalistlər saat 18:00-dan sonra işlərinin bitdiyini düşünür, yalnız növbəti iş gününün saatlarında fəaliyyət göstərməyə başlayırlar. Halbuki jurnalistika peşəsi, xüsusilə informasiya axınının intensiv və hadisələrin gərgin olduğu indiki dövrdə yalnız iş saatları ilə məhdudlaşmamalıdır.
Bu gün jurnalist ölkəmizdə, regionda və dünyada baş verən prosesləri xronoloji ardıcıllıqla izləməli və mənimsəməlidir. Bu isə jurnalistin, 50 il əvvəlki həmkarlarından fərqli olaraq, daha ağır və məsuliyyətli bir iş yükü daşıdığını göstərir. Çünki bu gün informasiya axını təkcə bir ölkənin sərhədləri ilə məhdudlaşmır; media fəaliyyəti artıq qlobal xarakter daşıyır.
Şəbnəm Rəhimova