Kamçatkada güclü zəlzələ

  • By Günel
  • 03 Avqust 2025 11:00

Kamçatka sakinləri Sakit Okeanda baş verən 6,8 maqnitudalı təkrar zəlzələdən sonra 19 sm-ə qədər sunami dalğasının yaxınlaşması ehtimalı barədə xəbərdar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsinin Telegram kanalında məlumat paylaşılıb.

Nazirlik bildirib ki, Aleut bələdiyyə dairəsinə 19 sm-ə qədər, Usti-Kamçatsk bələdiyyə dairəsinə 15 sm-ə qədər, Petropavlovsk-Kamçatski şəhər dairəsinə isə 3 sm-ə qədər sunami dalğası yaxınlaşa bilər.

Xatırladaq ki, iyulun 30-da səhər saatlarında Kamçatkada 8,7 maqnitudalı güclü zəlzələ baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 161 km məsafədə, ocağı isə 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda qeydə alınan ən güclü zəlzələ olub. Mütəxəssislər yeraltı təkanların ən azı bir ay davam edəcəyini bildiriblər.

***

10:06

Kamçatka yarımadasında 6,8 bal gücündə afterşok (təkrar zəlzələ) qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional filialı məlumat yayıb.

Zəlzələnin episentri və digər texniki detalları barədə əlavə məlumat verilməyib. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi açıqlama yoxdur.

Gununsesi.info