Lavrov Simonyana hansı mesajları verdi? -POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

“Əslində bu gərginliyə hər iki şəxs hazır idi. Alen Simonyan baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarıdır, ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir. Lavrov bunu bildiyindən Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana bildirib. Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq.

“Ermənistan Rusiyanın müttəfiqidir” –  xatırlatmasını edən Lavrovun sonrakı cümləsi mübahisəlidir. O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür. Lavrovun sözlərinin əksinə olaraq, Cənubi Qafqaz mürəkkəb vəziyyət arxada qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib. Lavrovun Simonyanla görüşündə rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki, hazırda sülh quruculuğundan Rusiya da faydalanır, taxılını dəmiryolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir”.

Qeyd edək, ki  Ermənistan parlamentinin sədri Alen Simonyan 5-6 fevral tarixlərində Rusiyaya planlaşdırılan rəsmi səfəri çərçivəsində xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırılıb.

 

Banu 

Gununsesi.info