Nuru Paşaya yardım aparan, qırmızılar tərəfindən güllələnən Sarı Yüzbaşı

Azərbaycan Xalq Cümhuriyyəti (1918-20) dövründə yaşamış və  Qarabağda milli hökumətin güclənməsinə çalışmış görkəmli dövlət və ictimai xadimlərdən biri də Sarı Həsənoğludur. Şuşa qəzasının Quzanlı və ətraf kəndlərdə səlahiyyətli nümayəndə vəzifəsində çalışmış yüzbaşı Sarı Həsənoğlu 1870-ci ildə Şuşa qəzasının Sofulu kəndində dünyaya göz açmışdı. 

Kənd ağsaqqallarının verdiyi məlumata görə, Sarı Həsənoğlu ortaboylu,  tökmə bədənli, güclü əzələli qollara malik zəhmli bir kişi olub. Qocaqlığı və igidliyi ilə yaşıdlarından seçilən Sarı gənc yaşlarından dövlət qulluğuna irəli çəkilmiş, ərazi üzrə səlahiyyətli şəxs-Yüzbaşı olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti yeni yarananda polis rəisi vəzifəsi mövcud deyildi. Çar dövründən qalma pristav, yüzbaşı vəzifələri saxlanılmışdı. Bölgələrdə indiki anlayışla ərazi üzrə sahə müvəkkili, eyni zamanda koxa vəzifəsini icra edirən yüzbaşılar qubernator, qəza rəisləri yanında fəaliyyət göstərir, rayon və qəsəbələrdə asayişi təmin edir, inzibati-polis funksiyaları yerinə yetirir, hökumətin qərarlarını icra edirdilər.

Yüzbaşının əsas vəzifəsi qəza və ya şəhərlərdə ictimai asayişi qorumaq və cinayətlərin qarşısını almaq idi. İstintaqa ilkin nəzarəti də onlar həyata keçirirdi. Onlar həmçinin yerli əhali yerli əhali ilə hökumət arasında inzibati əlaqəni təmin edir, fövqəladə hallarda hərbi və mülki strukturlarla birgə fəaliyyəti kooprdinasiya edirdi. 

Yüzbaşılar cümhuriyyət ordusunun mükəlləfiyyətlisi olaraq həm də hərbi rütbə daşımaqla müharibə olacağı təqdirdə təhkim olunduğu bölgə üzrə yüz nəfərlik bölüklərə rəhbərliyi həyata keçirirdilər.

1918-ci ilin mayın 28-də Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. O vaxt Gəncədə olan Osmanlı ordusunun generalı Nuru Paşa milli hökumətlə bərabər ordu quruculuğu ilə məşğul idi. O vaxt Gəncə və Qarabağ mülkədarları Qafqaz İslam Ordusunun qurulmasına maddi və mənəvi yardımlarını əsirgəmirdilər. Şuşa qəzasının Quzanlı kəndindən və ətraf ərazilərdən toplanmış maddi yardımları, silah və sursatı Gəncəyə aparmaq Sarı Həsənoğluya həvalə edilmişdi.

Sarı Həsənoğlu dəfələrlə Qarabağdan toplanmış yardımları Nuru Paşanın əsgərlərinə aparmışdı. Yolların qaçaq-quldurla dolu olduğu o qarışıq dövrdə silah-sursat, ərzaq yüklü arabaları paytaxta salamat çatdıran Sarı Yüzbaşı Gəncədə böyük hörmət qazanmışdı. 1920-ci ilin aprelin 27-də Xalq Cümhuriyyətini devirən və Azərbaycanı işğal edən XI Qızıl Ordu ölkədə qanlı qırğınlar həyata keçirir. Bir neçə ay ölkədə qırmızı terror rüzgarı əsir. AXC-yə xidmət etmiş, Qafqaz İslam Ordusuna yardımlar etmiş məmurlar, mülkədarlar məhv edilirlər. Bolşevik terroruna məruz qalanlardan biri də Sarı Həsənoğlu olur. Sarı Yüzbaşı 1920-ci ilin aprelində “sinfi düşmən” elan edilərək güllələnir. O zaman Gəncə ziyalıları bu böyük cümhuriyyət fədasinin nəşini AXC-nin ilk paytaxtı Gəncəyə aparıb orada dəfn etmək istəyirlər. Lakin  doğmalarının xahişi ilə Sarı Həsənoğlu doğulduğu Sofulu kəndində torpağa tapşırılır. 

Qeyd edək ki, Sarı Yüzbaşının məzarı Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində, Xaçın çayına gedən yolun üzərində, bir zamanlar mövcud olmuş Sofulu kəndinin girəcəyindədir. Sovet dönəmində kənd sakinlərinin “tək qəbir” adlandırdıqları məzar Quzanlı Ziyalıları Birliyinin təşəbbüsü və Sarı Həsənoğlunun nəticəsi Emin Həsənlinin şəxsi vəsaiti hesabına abadlaşdırılıb.

Elman Cəfərli,

Araşdırmaçı jurnalist

Gununsesi.info