Ombudsman: "Əlilliyi olan şəxslər üçün əlçatanlıq gücləndirilməlidir"

  • By Admin2
  • 03 Mart 2026 13:00

Ombudsman il ərzində ona ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi fəaliyyətləri çərçivəsində həyata keçirilən başçəkmələr və monitorinqlər, aparılan müşahidələr, qanunvericiliyin, habelə mediada və sosial şəbəkələrdə dərc edilən məlumatların təhlili nəticəsində, habelə sosial dövlət prinsiplərindən irəli gələrək insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, müsbət təcrübələrin tətbiqi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bir sıra məsələlər təklif edilib.

Gununsesi.info xəbər verir ki, həmin təkliflərə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə, habelə vətəndaşların təkrar müraciət etmək məcburiyyətində qalmalarına səbəb olduğunu, nəticə etibarilə hüquqların operativ və effektiv təmin olunmasına maneələr yaratdığını nəzərə alaraq, əlilliyin qiymətləndirilməsi prosesində iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi daxildir.

Bundan əlavə, infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, o cümlədən istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının, habelə ictimai nəqliyyatın, əsasən də metro stansiyalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə nəzarətin gücləndirilməsi, istismarda olan obyektlərin müyəssərlik baxımından monitorinqinin aparılması, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması, habelə metro və digər nəqliyyat vasitələrinin əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi, əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının bu fəaliyyətə cəlb edilməsini də qeyd etmək olar.

Qeyd edək ki, görmə qabiliyyəti məhdud olan şəxslərin imzasının hüquqi cəhətdən tanınması və imzalanma zamanı üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılması məqsədilə bu şəxslərin “ASAN imza” vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqlənməsinə imkan verən və ya digər əlçatan imzalama mexanizminin hazırlanması və tətbiqi fə təkliflər paketinə daxil edilib.

Orxan

Gununsesi.info