Psixoloq Fuad Əsədov intihar riski daşıyan şəxslərin davranışlarında müşahidə olunan mühüm əlamətlərə diqqət çəkib.
Onun sözlərinə görə, intihara meyilli insanlar bəzən gözlənilmədən sakitləşir, əvvəlki problemləri artıq ciddi qəbul etmirmiş kimi görünürlər.
“Hətta psixoloqa müraciət edən şəxslər belə birdən-birə vəziyyətlərinin yaxşılaşdığını, əvvəlki kimi narahat olmadıqlarını bildirə bilərlər. Məhz buna görə də psixoloqlar üçün ani yaxşılaşma və sakitlik şübhəli hal hesab olunur.
Bu dövrdə insanlar əşyalarını başqalarına paylamağa başlayır, istifadə etmədiklərini “istəsən götür” deyə ətrafındakılara təklif edirlər. Onlar tədricən həyatlarından bəzi şeyləri çıxarır, ünsiyyətdən qaçır, mesajlara cavab vermir, görüş təkliflərini geri çevirir və söhbətləri qısa kəsməyə çalışırlar”.
Psixoloqun sözlərinə görə, bu şəxslər eyni zamanda evlərini səliqəyə salır, mesajlarını və internet tarixçələrini silir, borclarını ödəyirlər.
“Kənardan bu davranışlar depressiyadan sonra həyatlarına nizam vermək kimi görünsə də, əslində bu, səssiz bir vida ola bilər. Bu cür əlamətlər müşahidə edildikdə səssiz qalmaq olmaz. Belə hallarda diqqətli olmaq, həmin şəxsin yanında olmaq, ona dəstək göstərmək və mütləq şəkildə yaxınlarını məlumatlandırmaq vacibdir”.
Şəbnəm












