
Jurnalistika ixtisasına qəbul prosesi ilə bağlı müzakirələr cəmiyyətdə hələ də davam etməkdədir.
Bir qrup insanlar, ümumən elə jurnalistlər qabiliyyət imtahanlarının vacibliyini vurğulasa da, digər bir çox şəxslər də bunun gərəksiz olduğunu bildirir.
Professor Qulu Məhərrəmli də qabiliyyət imtahanlarının yığışdırılması vacib olduğu fikrindədir.
“Yenə də jurnalistikaya qəbul imtahanı ilə bağlı ajiotaj yaşanır. Təkrar söyləməyə ehtiyac var: bəzi qızğın tərəfdarları olmasına baxmayaraq, bu qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur”.
Gununsesi.info xəbər verir ki, bu sözləri açıqlamasında Qulu Məhərrəmli bildirib.
O, həmçinin deyib:
“Jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət (musiqi, rəssamlıq, aktyorluq və s.) tələb edən sahə deyil. Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir. Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin”.