Son vaxtlar bir çox valideyn uşaqların sözə baxmamasından, tez əsəbiləşməsindən, aqressiv davranmasından şikayətlənir.
Evdə tez-tez əsəbi hallar olur, valideynlə uşaq arasında gərginlik yaranır. Bəzi valideynlər bunu uşağın “xasiyyəti” ilə bağlayır, bəziləri isə problemin başqa səbəbi olduğunu düşünür.
Bu mövzu cəmiyyətdə ciddi müzakirə olunur.
Görəsən, uşağın psixoloji problemi olduğu necə bilinir? Uşağı qorxu ilə böyütmək düzgündürmü?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan psixoloq Nabat Mirzəyeva bildirib ki, valideynlər müəyyən qaydaları tətbiq edə bilərlər, amma əgər uşaq qorxu ilə böyüyürsə, gələcəkdə onun özgüvəni zəifləyir:
![]()
“Uşaqlar sosial mühitdən qaçır, asosiallığa daha çox meyil göstərir, dərs tapşırıqlarından uzaq olmağa çalışır. Valideynlərinin bir fikir bildirdiyi zaman isə çox gərginləşir.
Uşaqlarla ünsiyyət quranda daha çox dalaşır və bundan əlavə olaraq diqqətsizliyi olur. Yəni, uşaq daha çox özünə qapanır və digər fəaliyyətlərə maraq göstərmir. Bu hallar psixoloji gərginliyin əlaməti kimi qiymətləndirilir.
Bundan başqa, yuxu pozğunluqlarını göstərmək olar. Gecələr kabus görürsə və qorxular tez-tez baş verirsə, həyəcanlanma halları davamlıdırsa və özünü dəyərsiz hiss edirsə – məsələn, “mən çox çirkinəm”, “mən gözəl deyiləm” deyirsə, insanlarla ünsiyyət zamanı fikrini ifadə etməmişdən tez qapanır və incinirsə, bu əlamətlər uşağın psixoloji gərginlik yaşadığını göstərir.
Əgər bu hallar gündəlik olaraq daha çox müşahidə olunursa, artıq uşaqda psixoloji gərginlik baş verir. Uşağı qorxu ilə böyütmək düzgün deyil. Valideynlər müəyyən qaydaları tətbiq edə bilərlər, amma əgər uşaq qorxu ilə böyüyürsə, gələcəkdə onun özgüvəni zəifləyir, iradəsi və fikir ifadə etmək bacarığı az olur. Fikrini ifadə etdiyi zaman qorxurlar.
Sözsüz ki, qorxu ilə böyüyən uşaqlar böyüdükdə, bəzi hallarda tam əks davranışlar sərgiləyə bilirlər. Daha gərgin, daha aqressiv, sərt və başqalarını incidici şəkildə böyüyən uşaqlar olurlar.”
Gülxanım Əliyeva













