close

2000-ci ilin parlament seçkisi: “Bu gedişlə hakimiyyət Azərbaycanı fəlakətə aparır”

Foto: Meydan TV

Natiq Cavadlı

II hissə

(Əvvəli 9 avqust tarixində)

Jerar Ştudman: “Şükürlər olsun ki, Azərbaycan xalqı dözümlü xalqdır və belə saxtakarlıqlara hələ də dözür”

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri sayılır.
Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.

Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.
Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.

2000-ci il parlament seçkiləri; “Elçibəy-İsa Qəmbər bloku” dağılır, Heydər Əliyev MSK-ya müraciət edir, Müsavat və Demokrat partiyaları seçkiyə buraxılır…

2000-ci ilin parlament seçkiləri noyabrın 5-nə təyin olunmuşdu. Seçkilərin ilk qalmaqalı “Elçibəy-İsa Qəmbər” seçki blokunun dağılması oldu. Əbülfəz Elçibəyin vəfatından sonra Müsavat Partiyasının Mirmahmud Mirəlioğlunun sədri olduğu AXCP-ni tanımaq haqda qərarı seçki blokunu dağıtdı. Nəticədə Əli Kərimlinin sədri olduğu AXCP və Müsavat ayrı-ayrılıqda seçkilərə qatıldı.

Foto: Meydan TV

Adıçəkilən seçki blokunda birinci Əbülfəz Elçibəyin, ikinci İsa Qəmbərin, üçüncü Əli Kərimlinin, dördüncü Arif Hacılının (o dövrdə Hacıyev idi – red.) adı yer alırdı. Əvvəlcə Əli Kərimli ilə saziş bağlayan Müsavat Partiyasının başqanı İsa Qəmbər iki ay sonra Mirmahmud Mirəlioğluyla oxşar saziş imzalayır.

YAP-ın siyahısı: Ölkənin ikinci şəxsi siyahıda Siyavuş Novruzovdan sonra…

Seçkilərin ikinci yaddaqalan olayı Yeni Azərbaycan Partiyasının proporsional seçki sistemi üzrə namizədlər siyahısı idi.

1995-ci ildə hakim partiyanın siyahısına akademik Ziya Bünyadov rəhbərlik edirdi, həmin vaxt ölkə başçısının oğlu, ARDNŞ Prezidenti İlham Əliyev namizədliyini Qaradağ rayonundan majoritar qaydada irəli sürmüşdü. Bu dəfə YAP-ın siyahısında birinci İlham Əliyevin adı gedirdi.

Siyahıda ikinci yerdə partiyanın icraçı katibi Əli Əhmədov, üçüncü Gənclər Birliyinin sədri Siyavuş Novruzov… Və daha sonra “91-lər”in aparıcı simalarından, Milli Məclisin spikeri Murtuz Ələsgərov idi ki, bu məsələ əsas müzakirə predmeti idi. Həmçinin Asya Manafova, Zahid Qaralov, Eldar İbrahimov, Südeif İmamverdiyev sonrakı sıralarda yer alırdı.

Foto: Meydan TV

Bir çox müşahidəçi bunu Heydər Əliyevin Murtuz Ələsgərova münasibətinin təzahürü hesab edirdi. Səbəb kimi 1999-cu ildə H.Əliyevin “Gülhanə” Xəstəxanasında olarkən M.Ələsgərovun gizli toplantı keçirərək hakimiyyətə iddiasını ifadə etməsi göstərilirdi. Hətta o vaxt H.Əliyev ANS televiziyasının bu barədə sualına “Murtuz Ələsgərov heç vaxt prezident olmayacaq”, – demişdi.

Haşiyə: 1995-ci il Milli Məclisində hakim partiyanı 53, 2000-ci il parlamentində isə 77 deputat təmsil edirdi.

VHP-də ikinci yer uğrunda mübarizə… “Heyf Rüstəmxanlıyla keçən 36 ilimə”

Sentyabrın əvvəlində partiyaların proporsional siyahısı müzakirə olunarkən qalmaqal sayıla biləcək olay Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) baş verdi. VHP-də Cümşüd Nuriyevlə baş katib postunu tutan Əsgər Məmmədov arasında ikinci yer uğrunda mübarizə gedirdi, sonda ikinci həmin yerə sahib oldu. Ancaq partiyanın Ali Şurasının yığıncağında sədr Sabir Rüstəmxanlı Əsgər Məmmədovu və beynəlxalq məsələlər üzrə katibi Ramiz Tağıyevi siyahıdan çıxartdı.

Onların yerinə Fəzail İbrahimli ilə Rafael Hüseynovun adı siyahıya salındı. Belə olanda Əsgər Məmmədovla Ramiz Tağıyev iclasda kvorum olmadığını və Sabir Rüstəmxanlının təkbaşına qərar qəbul etdiyini bildirdilər.

Əsgər Məmmədov və Sabir Rüstəmxanlı. Foto: modern.az

Ə.Məmmədov S.Rüstəmxanlının hakimiyyətlə separat danışıqlara getdiyini və buna görə ona “pay” veriləcəyini iddia etdi:

“Rüstəmxanlıyla 36 ildir ki, dostam. Bu illərdə onu yaxşı tanımamışam. Görünür, onun haqqında siyasi dairələrdə, camaat arasında danışılanların hamısı düz imiş. Heyf Rüstəmxanlıyla keçən 36 ilimə”.

Sabir Rüstəmxanlı isə deyilənləri böhtan adlandırdı:

“Belə təsəvvür yaradırlar ki, təsdiqlənmiş siyahıda dəyişiklik edilib. VHP-nin Siyasi Şurada təsdiqlənmiş siyahısı olmayıb. Amma qurultayda siyahıda kimlərin təmsil olunacağı təxminən müəyyənləşmişdi. Siyahı da vəzifə ardıcılığı ilə uyğun tutulmuşdu. Ramiz Tağıyevə dördüncü yeri təklif etdim. Onlar narazılıqlarını bildirəndə, təklif etdim ki, siyahıya başçılıq etsinlər, mən namizədliyimi majoritar qaydada verə bilərəm. Çalışırdım, onlara başa salım ki, hazırkı siyahıyla VHP-nin seçkiyə getməsi bizim üçün daha xeyirlidir. Yəni siyahıda ikinci və üçüncü yerləri tutanlar da nüfuzludular. MM-də partiyanı təmsil etmək üçün indiki namizədlər daha məqsədəuyğundurlar”.

MSK Arif Hacıyevin də imzasını saxta çıxarıb”

Sentyabr 18-də Mərkəzi Seçki Komisisyasının (MSK) Müsavat Partiyasının seçkiyə buraxmamaq haqda yekun rəyi siyasi dairələrdə narazılıqla qarşılandı. Bu, 1995-ci ildə partiyanın seçkiyə buraxılmaması presidentinin təkrarlanacağını yada saldı.

MSK-nin rəyində partiyanın MSK-ya 1280 imza vərəqəsində 56051 seçici imzası təqdim edildiyi qeyd olunurdu:

“Seçki Məcəlləsinin 43-cü maddəsinin 7-ci bəndinə əsaslanan ekspertlər 9758 imzadan 3047 imzanın düzgün, 6711 imzanı isə qeyri-düzgün sayıblar. Düzgün imzaların sayı 48931 olduğundan vahid namizədlər siyahısının qeydə alınması yetərli deyil”.

ЦИК Азербайджана
Foto: Meydan TV

MSK-da Müsavat Partiyasını təmsil edən Vidadi Mahmudov deyib ki, ekspertiza rəyində birbaşa imzaların saxta olunduğu qeyd edilməyib:

Orada yazılıb ki, bu imzalar saxta ehtimal oluna bilər. Hüquq isə ehtimala yox, fakta əsaslanır. Hətta partiyanın rəhbərlərindən Arif Hacıyevin də imzası saxta sayılıb”.

MSK-nin katibi İlqar Məmmədov ona cavab olaraq bildirib ki, onlar Müsavat Partiyasının 50 min imza toplaya bilmədiyini iddia etmirlər:

Müsavat Partiyası ondan da artıq imza toplaya bilər. Sadəcə, sənədlər diqqətsizliklə və biganəliklə hazırlanıb”.

Müsavat Partiyasının Seçki Qərargahının sədri Arif Hacılı isə hakimiyyətin 1995-ci ildə olduğu kimi bu dəfə də Müsavatı seçkidən kənarda qoymaq xətti götürdüyünü bildirib.
Onun fikrincə, MSK ekspert rəyinə deyil, Prezident Aparatının göstərişinə əməl edib.

Ardınca ADP də seçkiyə buraxılmır…

Üç gün sonra, sentyabrın 21-də MSK Demokrat Partiyasının imza vərəqələri haqda yekun rəyində 53644 imzadan 4744-nin saxta olduğunu açıqladı. Bununla da komissiya ADP-nin seçkiyə buraxmamaq haqda qərar çıxartdı. Amma partiyanın Ali Şurasının sədri Nurəddin Məmmədli imzalarla bağlı tərtib olunan protokola 5 ekspertdən ikisinin imza atdığını bildirdi.

MSK üzvlərindən biri “Azadlıq” qəzetinə demişdi ki, komissiyanın ekspertləri hətta partiyanın rəhbər şəxslərinin də imzalarını saxta çıxarıblar.

Rusiya mətbuatı Heydər Əliyevin ölüm xəbərini yaydı…

Sentyabrın ikinci yarısı Rusiyanın “Gazeta.ru” saytında ABŞ-da olan ölkə başçısı Heydər Əliyevin ölümü haqda məlumat Azərbaycanda rezonans doğurdu. Bu xəbər Azərbaycanda şok hadisə kimi qarşılansa da, yerli mətbuat xəbərə ehtiyatla yanaşaraq hakimiyyətin münasibətini gözlədi.

Sentyabrın 26-da PA-nın rəhbəri Ramiz Mehdiyev “Turan”a xəbəri təkzib etdi:

“Rusiyanın bəzi kütləvi informasiya vasitələri naməlum qaynaqlara istinad edərək Azərbaycan prezidentinin səhhəti haqda xoşagəlməz və təxribat xarakterli məlumatlar yayırlar. Ölkə başçısı Heydər Əliyev ABŞ-a səfəri zamanı soyuqlamış və müalicə üçün Klivlend şəhərindəki klinikaya müraciət etmişdi. Prezident klinkada tam müayinədən keçmiş, soyuqdəymədən müalicə olunmuşdu. Prezident dünən axşam və bu gün mənimlə əlaqə saxlayıb, respublikadakı vəziyyət haqda məlumat alıbdır. Dövlət başçısı özünü tam gümrah və sağlam hiss edir. O, sentyabrın 27-də Klivenddən Bakıya yola düşəcək”.

Ardınca İlham Əliyev də “Azadlıq” qəzetinə Mehdiyevin dediklərini təsdiqlədi.

Sentyabrın 26-da isə Heydər Əliyev ANS telekanalı ilə əlaqə saxlayaraq “Gazeta.ru” saytının yazdığından məlumatlı olduğunu və Ramiz Mehdiyevin Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey İvanovla danışdığını və sonuncunun da prezident Vladimir Putin məsləhətləşdiyini bildirdi.

Foto: ANS kanalı youtubedən screenshot

H. Əliyev sentyabrın 13-də Nyu-York və Vaşinqtonda “bərk soyuqladığını” dedi:

Həm də qrip idim. Həkimlər mənə dedilər ki, hansısa virus keçibdir. Çünki minlərlə adamla əl verib görüşmüşünüz. BMT-nin salonu da soyuq idi, bəlkə, orada bir şey olubdur. Klivneddə həkimlər dedilər ki, əvvəlcə müalicə, müayinədən keçməlisiniz. Bu müalicə bir az vaxt aparır. Mən ciddi pnevmoniya olmuşdum. Yoxladılar, müalicə uğurla keçdi, dedilər ki, sənin ürəyin cərrahiyə əməliyyatından əvvəlkindən daha yaxşı işləyir”.

ADP və Müsavatın majoritar dairələrdən namizədlərinə “qırmızı işıq”

Oktyabrın 2-də “Turan” İA birmandatlı dairələr üzrə ADP-nin 60 namizədindən heç birinin, Müsavat Partiyasının 81 namizədindən yalnız birinin qeydə alındığı haqda məlumat yaydı. Hətta müsavatçı şair Vaqif Səmədoğlunun da imzaları saxta çıxarılmışdı.

ABŞ və Avropa Şurasının çağırışından sonra Heydər Əliyev MSK-ya müraciət etdi

MSK-nın qərarlardan sonra ABŞ Dövlət Departamenti və Avropa Şurası Azərbaycan hakimiyyətinə bütün müxalifət partiyalarını seçkiyə buraxmaq çağırışı etdi.
Oktyabrın 6-da Prezident Heydər Əliyev MSK-ya müraciət edərək siyasi partiyaların Milli Məclisə proporsional seçki sistemi üzrə iştirakını məhdudlaşdıran qərarlara yenidən baxılmasını istəyib. Buna qədər isə MSK 14 siyasi partiya və blokdan yalnız 5-nin proporsional siyahısını qeydə almışdı.

Komissiya oktyabrın 7 və 8-də keçirilmiş iclasında Prezidentin müraciətini müzakirə edərək belə nəticəyə gəldi ki, seçkilərdə iştirak etmək niyyətində olan bütün siyasi partiyaların deputat mandatı uğrunda mübarizəsinə şərait yaradılması ölkədə azad və ədalətli seçkilər keçirilməsinə xidmət etmiş olar.

Foto: Meydan TV

MSK “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun 2.2-ci maddəsinin 10-cu bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı, Müsavat, Demokrat, Xalq Demokratik, Milli Konqres, Azərbaycan Naminə Alyans, Demokratik Azərbaycan Dünyası və Liberal partiyalarının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul etdi.

MSK: Kommunist Partiyası barajı keçdi, Müsavat keçmədi…

Azərbaycanda seçicilərin ümumi sayını 4.212.915 nəfər göstərən MSK birmandatlı seçki dairələri üzrə Milli Məclisə 88 deputatın seçildiyini elan etdi.

MSK-nın məlumatında çoxmandatlı seçki dairəsi üzrə barajı YAP-ın, AXCP-nin, VHP-nin və Kommunist Partiyasının keçdiyi göstərilirdi:

Yeni Azərbaycan Partiyasından 16, Azərbaycan Xalq Cəbhəsi Partiyasından 4, Vətəndaş Həmrəyliyi Partiyasından 3, Kommunist Partiyasından 2 deputat seçilib”.

Yeni Azərbaycan Partiyası (62,31 %) Azərbaycan Xalq Cəbhəsi Partiyası (10,95 %) Vətəndaş Həmrəyliyi Partiyası (6,43 %) Azərbaycan Kommunist Partiyası (6,33 %) Müsavat Partiyası (4,85 %) Azərbaycan Milli İstiqlal Partiyası (3,89 %) Azərbaycan Liberal Partiyası (1,29 %) Azərbaycan Demokrat Partiyası (1,06 %) Azərbaycan Naminə Alyans Partiyası (0,95 %) Milli Konqres Partiyası (0,51 %) Demokratik Azərbaycan Bloku (0,40 %) Azərbaycan Xalq Demokratik Partiyası (0,28 %) Demokratik Azərbaycan Dünyası Partiyası (0,26 %)”, – deyə komissiya qeyd etmişdi.

Ümumilikdə, YAP Milli Məclisdə 72, AXCP 6 (Əli Kərimli, Qulamhüseyn Əlibəyli, Cəmil Həsənli, Əliməmməd Nuriyev, Asim Mollazadə, Nizami Quliyev), VHP 3 (Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Rafael Hüseynov), Kommunist (Ramiz Əhmədov, Rauf Qurbanov), Müsavat (Vaqif Səmədoğlu, Şirzad Əyyub) partiyaları 2, AMİP 2 (Rüfət Ağalarov, 2001-ci il yanvarın 7-də 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən əlavə seçkilərdə Hidayət Qulamov), SRP (Xanhüseyn Kazımlı), AVP (Fəzail Ağamalı) hər biri ayrılıqda 1 yerə sahib oldular.

2000-ci il parlamentinə bitərəflər adı ilə yer alanlar da vardı: İqbal Ağazadə, Şamil Qurbanov, Nazim İbrahimov, Zəlimxan Yaqub, Anar Məmmədxanov, Maqsud İbrahimbəyov, Əsmətxanım Məmmədova, Madər Musayev, Bəxtiyar Vahabzadə, Nairə Şahtaxtinskaya, Vladimir Timoşenko, Mikayıl Mirzəyev, Asəf Hacıyev, Bəhruz Qəndilov, Səttar Möhbalıyev, Bəxtiyar Əliyev, Novruz Quliyev, Gövhər Baxşəliyeva, Azər Kərimli, Fəttah Heydərov, Zeynəb Xanlarova, Tapdıq Kamalov, Gültəkin Hacıbəyli, Anar Rzayev, Cahangir Hüseynov, Zakir Zeynalov, İlqar Qılıcov, Elton Məmmədov, Şadman Hüseynov.

Yeni parlamentdə qadınların sayında azalma oldu (14 nəfər, 1995-ci il parlamentində 15 qadın təmsil olunurdu), amma yeni simalar vardı:

Afət Xanbabayeva, Aynur Sofiyeva, Amaliya Pənahova, Asya Manafova, Bahar Muradova, Məlahət Həsənova, Gültəkin Hacıbəyli, Gülər Əhmədova, Gülçöhrə Məmmədova, Zeynəb Xanlarova, Gövhər Baxşəliyeva, Rəbiyyət Aslanova, Nairə Şahtaxtinskaya, Əsmətxanım Məmmədova”.

“Seçkinin bitməsinə az qalmış total saxtakarlıq təlimatı verilib”

Əlbəttə, müxalifət nəticələrlə razılaşmadı və seçkini tanımadığını elan etdi.

Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərdə qalib gəldiklərini bildirdi:

Beynəlxalq müşahidəçilər, xarici ölkələrin səfirləri, partiyamızın seçkilərdə qalib gəldiyini bilirlər. Bu bizim üçün həddən artıq mühümdür. Qalanı texniki məsələdir, biz xalqın verdiyi səslərin qorunması istiqamətində mübarizəmizi davam etdirəcəyik”.

Etibar Məmmədov seçkinin nəticələrini ədalətli saymayaraq 5 noyabr seçkilərini Azərbaycan tarixində “ləkə” adlandırdı:
“Bu gedişlə hakimiyyət Azərbaycanı fəlakətə aparır”.

Foto: Meydan TV

AMİP lideri bu barədə seçki günü və növbəti gün keçirdiyi mətbuat konfranslarında danışdı:

“Yerlərdə saxtakarlıq haqda təlimatlar Prezident Aparatından verilib. Onların birincisi noyabrın 4-də gecə, ikinci təlimat seçki günü saat 14-də verilib. Üçüncü təlimat bu gün saat 18-də olmalıydı, amma gözləməyiblər, seçkinin bitməsinə az qalmış total saxtakarlıq təlimatı verilib”.

VHP sədri Sabir Rüstəmxanlı noyabrın 5-də xalqa qarşı hörmətsizlik edildiyini bildirib:

Müsavatı, AMİP-i, ALP və ADP-ni parlamentə buraxmamaqla hakimiyyət müxalifəti üz-üzə qoymaq siyasəti aparır. Xüsusən də bizi və Əli Kərimovu sosial dayaqdan məhrum edib, ictimaiyyətin gözündən salmaq istəyirlər. Mən Milli Məclisə qatılmağı özümə rəva bilmirəm”.

Foto: Meydan TV

AXCP sədri Əli Kərimli parlament seçkilərini seçki yox, tamaşa saydı:

“İlkin müşahidəmizə əsasən əhalinin 22-30 faizi seçkidə iştirak edib”.

Onun sözlərinə görə, bütün dairələrdə AXCP-nin topladığı səsləri 6-10 faizə endiriblər:

“Şübhə etmirəm ki, Müsavat, Demokrat, Liberal, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi partiyaları da barajı aşıblar”.

“Seçki görünməmiş saxtakarlıq və qanun pozuntuları ilə keçdi”

Noyabrın 6-da ATƏT-nin Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasının Parlament Assambleyasının birgə mətbuat konfransında yaydıqları açıqlamada seçkilər “görünməmiş saxtakarlıq və qanun pozuntuları” kimi dəyərləndirildi.

“Şükürlər olsun ki, Azərbaycan xalqı dözümlü xalqdır və belə saxtakarlıqlara hələ də dözür”

ATƏT-nin Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Jerar Ştudman konfransda dedi ki, 5 noyabr seçkisi çox məyusedicidir: “Bu, bizim gözlədiyimizdən də çox pis seçkidir”.

Foto: Meydan TV

“Seçki günü qutulara kütləbi şəkildə bülletenlərin doldurulmasını, seçici saylarının artırılmasını, hədələnməsini, saxta protokollar tərtib edilməsini şəxsən müşahidə etmişəm. Əgər biz olmasaydıq, bir çox namizədlərin müşahidəçiləri gecəni həbsxanalarda keçirilməli olacaqdılar. Mən Azərbaycanda görməyi ehtimal etdiyim pozuntulardan qat-qat çox pozuntu gördüm. Şükürlər olsun ki, Azərbaycan xalqı dözümlü xalqdır və belə saxtakarlıqlara hələ də dözür”, – deyə Ştudman fikrini yekunlaşdırmışdı.

Mübariz Qurbanlı: “Yəqin, onlar Amerikada görmədiklərini burada görüblər”

Yeni Azərbaycan Partiyasının funksioneri Mübariz Qurbanlı deyilənləri qərəzli adlandıraraq bildirmişdi ki, onların bir qismi Azərbaycana gələrkən xeyirxah notlarla yüklənmişdilər:

Yəqin, onlar Amerikada görmədiklərini burada görüblər. Şəxsən mən seçkidə ba vermiş qüsurları qeyd etməklə bərabər bəzi müşahidəşilərin fikirləri ilə razı deyiləm”.

Heydər Əliyev İlham Əliyevi spiker vəzifəsinə təklif etdi…

İllər sonra, 2006-cı ildə hakim partiyanın yaradıcılarından Sirus Təbrizli bu sətirlərin müəllifinə seçkidən sonra Heydər Əliyevin müşavirə çağırdığı barədə danışaraq bildirmişdi ki, ölkə başçısı iclası açaraq İlham Əliyevi yeni parlamentin spikeri görmək istədiyini söylədi:

Foto: arxiv

“Buna ilk etirazı mən edəndə Heydər Əliyev təəccübləndi, amma arqumentimi səsləndirməyə söz verdi. Mən dedim ki, İlham Əliyevi spiker təklif etməklə onu zərbə altına qoyuruq. Çünki biz seçkini uduzmuşuq, seçkini Müsavat Partiyası udub. Cənab Prezident sizə səhv məlumat veriblər. Bundan sonra Heydər Əliyev Ramiz Mehdiyevə Məzahir Pənahovu çağırmağı tapşıraraq fasilə elan etdi. Fasilədən sonra MSK sədri çıxış edərək dediklərimi təsdiqlədi. Onu dinləyən Heydər Əliyev dedi ki, Murtuz Ələsgərov yerində qalır”.

Haşiyə: Hakim partiyanın 2000-ci il proporsional siyahısına 5 il əvvəlki siyahısında olanlardan Murtuz Ələsgərov, Mixail Zabelin, Asya Manafova, Eldar İbrahimov, Zahid Qaralov, Kərim Kərimov, Ağabəy Əsgərov, Sudeyf İmamverdiyev daxil edilmişdi. Siyahıda yeni adlar bunlar idi: İlham Əliyev, Əli Əhmədov, Siyavuş Novruzov, Məlahət Həsənova, Musa Quliyev, Ziyafət Əsgərov, Musa Musayev, Aynur Sofiyeva, Asif İmaməliyev, Aida Hüseynova, Alqış Musayev… Və onların hamısı parlamentə mandat qazandılar.

Seçkilərdən sonra…

İsmayılov ADP-dən getdi

Seçki gününün səhəri ADP həmsədri İlyas İsmayılov partiyadan ayrılaraq Ədalət Partiyasını bərpa etdiyini açıqladı. Digər həmsədr Rəsul Quliyev qərarı faciə saymadı:
“İlyas İsmayılov bizim dostumuz, silahdaşımızdır. Bu gün yenidən partiya yaradırsa, mənim üçün burada qeyri-adi heç nə yoxdur və qəti narahat deyiləm” (“Yeni Müsavat”, 7 noyabr, 2000-ci il).

Müxalifət parlamentə getməyəcəyi barədə saziş imzaladı, amma…

Noyabrın 13-də Seçicilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri M.Mütəllimli və O.Hüseynov Lalə Şövkət, İsa Qəmbər, Mirmahmud Fəttayev, Əli Kərimov, Etibar Məmmədov, Sərdar Cəlaloğlu və Sabir Rüstəmxanlı ilə görüşdülər. Üç saat davam edən görüşdən sonra müxalifət liderləri parlamentdə iştirak etməmək haqda saziş imzaladılar.

Sazişdə deyilirdi ki, 5 noyabr seçkilərinin saxta nəticələri əsasında formalaşdırılacaq parlamentdə hər hansı şəkildə təmsil olunmaqdan imtina edirlər; seçkilərin nəticələrinin ləğvi və Milli Məclisə yeni demokratik seçkilərin keçirilməsi sshəsində birgə əməkdalıq edirlər; götürülmüş öhdəliyə əməl edildiyi müddətdə bir-birinə qarşı ittihamlarla çıxış etməyəcəkləri və KİV-də bir-birinə qarşı əks təbliğat aparmayacaqları barədə öhdəlik götürürlər (“Turan” agentliyi, 23 noyabr, 2000-ci il).

Foto: Meydan TV

AMİP, VHP, AXCP, KXCP MM-də iştirak etməyəcəklərini bəyan etdilər.

AMİP sədri Etibar Hüsənli (sonralar Məmmədov – red.) agentliyə bildirib ki, partiyadan olan deputatlar parlamentin işinə qatılmayacaq və bugünlərdə deputatlıqdan imtina barədə ərizə yazacaqlar.

VHP sədri Sabir Rüstəmxanlı MM-in işində iştirak etməmək barədə sazişə imza atdığını qeyd etdi:

“Amma bu məsələ partiyadaxili müzakirələr zamanı müəyyən ediləcək”.

AXCP sədri Əli Kərimli məlum sazişə əsasən həm proporsional, həm də majoritar sistem üzrə mandat alan deputatların MM-in işində iştirak etməyəcəyini dedi:

“Təəssüf ki, majoritar sistem üzrə müxalifətdən seçilən deputatlar hələ belə saziş imzalamayıb. Bu saziş imzalandıqdan sonra AXCP üzvü olan deputatların mandatdan imtina məsələsi Ali Məclisdə müzakirə olunacaq”.

Ancaq sazişə yalnız KXCP sədri Mirmahmud Fəttayev əməl edərək mandatını qaytardı.

Əli Əhmədov: “Bu, İlham Əliyevin iradəsindən asılı olan məsələdir”

Seçkidən bir neçə gün sonra mətbuat konfransı keçirən YAP-ın icraçı katibi Əli Əhmədov İlham Əliyevin spiker olması haqda suala: “Bu, İlham Əliyevin iradəsindən asılı olan məsələdir”,- deyə bildirmişdi.

İlham Əliyev: “Mən bunu atamın tapşırığı kimi qəbul etdim”

İlham Əliyev “Moskovskiye novosti” qəzetinin (2000-ci il, 46-cı sayı, noyabr) “Azərbaycanda hakimiyyətin varislik yolu ilə verilməsi planına necə baxırsınız?” sualına mənfi cavab verib.

O təəssüflənib ki, müxalifət KİV-i Azərbaycanda dinastiya monarxiyasının formalaşması planını “uydurub”:

“Birmənalı şəkildə deyə bilərəm ki, belə söhbətlər çirkin niyyətlərin məhsuludur”.

Foto: Meydan TV

Onun sözlərinə görə, iqtidar demokratik dövlət qurmaq istəyir ki, həmin dövlətdə bütün əsas hüquqlara, şəxsiyyət azadlığına əməl edilsin, hakimiyyətdə şəffaf sistem olsun, bütün institutlar səmərəli fəaliyyət göstərsin. O, “Milli Məclisə başçılıq edəcəksinizmi?” sualına belə cavab verib:

“Gələcək taleyim barədə şayiələr həqiqətə və şəxsi arzularıma uyğun deyil. Lakin bir çox ölkələrdə qalib gələn partiyanın siyahısına başçılıq edən adam parlamentə rəhbərlik etmək şansı qazanır. Hazırda mənim belə arzum yoxdur”.

İlham Əliyev etiraf edib ki, partiya siyahısına başçılıq etmək atasının təkidilə olub:

Mən bunu tapşırıq kimi qəbul etdim. Atamın tapşırığı kimi”. “Atası tapşırsa, spiker ola bilərmi?” sualına oğul Əliyev: “Hər şey ola bilər. Mən öz planlarım haqda danışmışam. Nə olacağını isə təkcə Allah bilir”, – deyə qeyd edib.

Vaqif Səmədoğlu Müsavatdan çıxarıldı…

Vaqif Səmədoğlu Müsavat Partiyasından çıxarılmasını böyük bir anlaşılmaz adlandırmışdı:

Çünki Milli Məclisə seçilən gün partiya rəhbərliyindən həm şəxsi, həm də ictimai görüşlərdə yalnız və yalnız təbriklər eşitmişəm. Mənim fikirlərimi öyrənmədən haqqımda qərar çıxarıldı”.

Rza İbadovun qalib elan olunsa da…

Seçki günü Rza İbadov 12 saylı dairədən qalib elan olunsa da, sonradan həmin dairədən Milli Məclisdə “Jak Şirak qudurub” açıqlamasını səsləndirəcək Şamil Qurbanovun seçildiyi bildirildi.

11 seçki dairəsinin nəticələri ləğv edildi…

Seçkidən sonra 11 seçki dairəsində nəticələr ləğv edildi və 2001-ci ilin yanvarın 7-də həmin dairələrdə təkrar seçkilər keçirildi.

3 icra başçısı vəzifəsilə ilə vidalaşdı…

Seçkilərdə qanuna zidd müdaxilə etdiklərinə, seçicilərin öz iradəsini azad və sərbəst ifadə etməsinə maneçilik törətdiklərinə və seçki komissiyalarının fəaliyyətinə təzyiq göstərdiklərinə görə Yasamal Rayon İcra hakimiyyətinin başçısı Arif Ağayev, Hacıqabul Rayon İcra hakimiyyətinin başçısı Ağababa Qasımov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əli Məmmədov noyabrın 27-də vəzifələrindən dən azad edildi.

Azərbaycan Avropa Şurasına üzv oldu…

Seçkidən 3 gün sonra, noyabrın 8-də Azərbaycan və Ermənistan Avropa Şurasına üzv qəbul edildi.

Referendum: proporsional seçki sistemi ləğv edildi…

2 il sonra keçirilən referendum Azərbaycanda proporsional seçki sistemini aradan qaldırdı. Müxalifət referendumu boykot etsə də, hakimiyyət referendumun baş tutduğunu bildirdi.

Avqustda keçirilən referendum müstəqil Azərbaycanda ilk referendum idi. Bundan sonra 2009 və 2016-cı illərdə də referendum keçiriləcəkdi.
Referendum və oğul Əliyevin hakimiyyətə gətirilməsi planı…

2002-ci il referendumunda prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin səsçoxluğu – “50+1” prinsipi ilə hesablanmasını nəzərdə tuturdu. Müxalifət referendumu boykot qərarı qəbul etmişdi.

“Əliyevin təklifi hakimiyyətin qəsb edilməsinə aparan yoldur”

Ədalət Partiyasının sədri İlyas İsmayılov Konstitusiya dəyişikliklərinin hakimiyyətin bir əldə cəmləşdirilməsinə xidmət etdiyini demişdi:

Prezidentin səlahiyyətini müvəqqəti olaraq Milli Məclis sədrinin icra etməsi və 3 ay müddətində yeni seçki keçirilməsi daha düzgündür. H.Əliyev təklif edir ki, bu qayda ləğv olunsun və həmin səlahiyyət Baş nazirə verilsin. Bax, bu, hakimiyyətin qəsb edilməsinə aparan yoldur”.

Foto: Meydan TV

İ.İsmayılov H.Əliyevin dəyişikliklər haqda fərmanını belə qiymətləndirmişdi:

Konstitusiyanın 158-ci maddəsinə əsasən Əliyev əsas qanunun 6-cı fəslində (icra hakimiyyəti) əks olunan maddələrlə əlaqədar konstitusiyaya əlavələr təklif edə bilməz”.

O, proporsional seçki sisteminin ləğvini partiyaları siyasi səhnədən silmək məqsədi daşıdığını vurğulamışdı:

Proporsional seçki sistemi partiyaların formalaşmasına, güclənməsinə, ideyaların, proqramların təbliğinə, nəhayət, seçicilərin siyasi qruplaşmasına kömək edir.
Proporsional seçki sistemini ləğv etməklə partiyaların ölkənin siyasi həyatında iştirakı xeyli məhdudlaşdırılır”
(“Azadlıq” qəzeti, 2 iyul, 2002-ci il).

H.Əliyev: “Bacarırlarsa, boykot etsinlər”, E.Məmmədov: “Bacaracağıq”

AMİP sədri Etibar Məmmədov yerli mətbuata demişdi ki, referendumda müzakirəyə çıxarılan məsələlər Heydər Əlyevin səlahiyyətlərinə aid deyil və Konstitusiya ilə qadağan olunub. Ona görə də Əliyevin öz səlahiyyətlərinə aid olmayan məsələləri müzakirəyə çıxarması Konstitsiyanın pozulmasıdır, həmçinin bu, referendumu qeyri-qanuni edən səbəblərdən biridir.

AMİP sədri onu da vurğulamışdı ki, bu qədər maddənin birdən-birə dövlət başçısı tərəfindən müzakirəyə çıxarılması və dəyişdirilməsi təklifi ilə çıxış etməsi qanunvericiliyə ziddir.

Foto: Meydan TV

“Digər tərəfdən, referenduma birdən-birə bu sayda məsələnin qarışıq şəkildə çıxarılması səsverməyə əngəl törətməkdən başqa bir şey deyil. Çünki hətta mütəxəssislər belə o dəyişikliklərə “hə”, “yox” demək üçün ən azı 1 saat vaxt sərf etməlidirlər. Bütün xalq mütəxəssis deyil”.

E.Məmmədov H.Əliyevin “Bacarırlarsa, boykot etsinlər” açıqlaması əsasında verilən suala belə cavab vermişdi:

“Müxalifət bunu bacaracaq. Referendum elə bir situasiya yaradıb ki, hamının birgə, bərabər işləməsi üçün imkan var və bu prosesin gedişində hər kəs bacardığı, imkanları səviyyəsində iştirak edəcək”.

“Proporsional seçki sisteminin ləğvi partiyaların inkişafına kömək edəcək”

Prezident H.Əliyev proporsional seçki sisteminin ləğvi ilə bağlı müxalifətin “partiyaların inkişafına mənfi təsir göstərəcək” fikrini belə qiymətləndirmişdi:

Əksinə, bu addım partiyaların inkişafına kömək edəcək. Çünki əgər bir partiyanın nümayəndələri, həqiqətən, hansısa bir dairədən seçicilərin etimadını qazana bilərlərsə, oradan gedib seçilmək və konkret bir dairənin bir dairənin nümayəndəsi olmaq daha da hörmətlidir, nəinki siyahı ilə seçilmək. Bunun onlar üçün nə fərqi var, siyahı ilə seçiləndə də gedib öz namizədliyini müdafiə etməlidir, belə də. İndi parlamentdə 125 deputatın 20 faizi partiya siyahısı ilə seçilib. 20 faizin partiya siyahısı ilə seçilməsi partiyaları inkişaf etdirir, ancaq onların majoritar sistemlə seçilməsi partiyaları inkişaf etdirmir?! Bunlar, sadəcə, bəhanədir”. (14 avqust 2002-ci il, Naxçıvanda mətbuat konfransı, “Azadlıq” qəzeti).

Əliyev: “2003-cü ildə seçkidə özüm iştirak edəcəyəm”

Siyasi dairələrdə və mətbuatda bu referendumu H.Əliyevin oğlu İ.Əliyevi hakimiyyətə gətirmək üçün hazırlıq sayanlar vardı. Ona görə də referendumun keçirdiyi gün “Reuters”in əməkdaşı dövlət başçısı Heydər Əliyevə: “Oğlunuz İlham Əliyev qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürəcəkmi?” sualını verdi.

H.Əliyev: “Bunu o barədə danışanlardan soruşun”, – deyə cavab verərək, özünün 2003-cü il seçkilərində iştirak edəcəyini əlavə etmişdi.

Heydər Əliyev və İlham Əliyev. Foto: “Xalq qəzetindən” screenshot

H.Əliyev referenduma çıxarılan məsələrin özünün təşəbbüsüylə olduğunu qeyd etmişdi:

Bu, o deməkdir ki, mən onları zəruri hesab edirəm. Çünki demokratik dövlətimizin ilk Konstitusiyası qəbul edilən vaxtdan 7 il keçən müddətdə dünyada və Azərbaycnda çox şey dəyişib”.

H.Əliyev müxalifətin referenduma etiraz etməsini anlamadığını vurğulamışdı:

Anlamıram, onlar nə üçün belə şeylərə etiraz edir? Dəyişikliklər üçün yəqin ehtiyac lazımdır. Dəfərlərlə demişəm, bu dəyişikliklər elə deyil ki, oturdun, fikirləşdin ki, bunları edək. Bunlar son illərdə yaranmış vəziyyətlə əlaqədar gündəliyə gəliblər. Ona görə də bu dəyişikliklər edilir. Əgər gələcəkdə hansısa bir dəyişikliyə ehtiyac olarsa, təbii ki, ediləcəkdir. Ancaq yenə də referendum vasitəsilə”.

H. Əliyev müxalifətin MSK-dan 22 min müşahidəçi vəsiqəsi aldığını, amma seçkiyə 3 gün qalmış hay-küy saldığını bildirdi:

“Bəs onda bu vəsiqələri nə üçün, nədən ötrü almışdılar? Nə üçün onlar MSK-dan narazı qalırdı? Yəqin, düşünürdülər ki, onlara müşahidəçi vəsiqə verilməyəcəkdir, hay-küy salacaqlar. Amma onların bütün bəhanələri götürüldü. Bəhanə götürüləndən sonra nə deyim”.

Tədbirdə iştirak edən ARDNŞ-nin vitse-prezidenti İlham Əliyev jurnalistlərin “Bir sıra media nümayəndələri referendumun keçirilməsini gələcəkdə Sizin prezident seçilməyiniz ehtimalı ilə bağlayırlar. Bu, düzgün fikirdirmi?” sualına belə cavab vermişdi: “Xeyr, bu, tamamilə yanlışdır”.

O, özü də dəyişikliklərin tərəfdarı olduğunu qeyd etmişdi.

“Venesiya Komissiyasının tövsiyələrini alma həddən artıq vacib idi”

ATƏT-nin Demokratik və Təsisatlar və İnsan Haqları bürosunun direktoru, Jerar Ştudman avqustun 23-də “Azadlıq” qəzetinə deyib ki, hökumət referendumla bağlı onlarla məsləhətləşmələr aparmayıb:

“Avropa Şurasının üzvü olduğundan təklif olunan düzəlişlərin Azərbaycan təşkilat qarşısında öhdəliklərə toxunmasını nəzərə alaraq Venesiya Komissiyasının konstitusiya üzrə ekspertlərilə məsləhətləşmək və onların tövsiyələrini alma həddən artıq vacib idi”.

Müxalifət: Referendum baş tutmayıb

Hökumət referendumda 88,4 faiz seçicinin iştirak etdiyini bildirsə də, avqustun 27-də Müxalifət partiyaları (Xalq Cəbhəsi, Milli İstiqlal, Demokrat, Müsavat) referendumun baş tutmadığı haqda bəyanat yaydılar.

Bəyanatda 4 300 məntqədə referendumun müşahidə edildiyi qeyd olunur və bildirilirdi ki, ilkin nəticələrə görə 15 faizdən az seçici səs verib: “Referendumda qanunla tələb olunan 50 faizlik kvorum əldə olunmayıb”.

Foto: Meydan TV

ATƏT-nin Bakı Ofisi 24 avqust referendumunun çoxsaylı qanun pozuntuları ilə keçirildiyi haqda bəyanat yaydı:

Ona görə də onun yekunları əhalinin iradəsini əks etdirə bilməz. Məlumatlarda açıq-aşkar polis iştirakı, qutulara çoxsaylı bülletenlərin salındığı, səsverənlərə təzyiqlər, dəfələrlə səsvermə, əlavə siyahılardan istifadə və başqa seçki maxinasiyalarından istifadə olunduğu bildirilir. Bunları nəzərə alaraq Bakı Ofisi hesab edir ki, referendum xalqın həqiqi fikrini üzə çıxarmaq vasitəsi kimi məqsədinə nail olmadı” (“Turan”, 29 avqust 2002-ci il).

Sərt münasibət referendumun nəticələrini tanımamağa bərabərdir”

ABŞ Dövlət Departamentinin mətbuat katibi Riçard Bauçer demişdi ki, 24 avqust referendumunda çoxsaylı qanun pozuntuları, saxtalaşdırmalar və səsvermə qutularının rəsmi şəxslər tərəfindən kütləvi sürətdə doldurulması halları qeydə alınıb:

Biz referendumun demokratikləşmə və 2003-cü ilin payızında keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun baş tutması üçün əsasların yaradılması istiqamətində çox az töhfə verməsindən ciddi narahatıq. Biz Azərbaycanda siyasi plüralizmi və hökumətin şəffaflığı prinsipini müdafiə edəcəyik”.

Dövlət Departamentinin referendumun nəticələrinin legitim sayıb-saymadığı haqda suala Bauçer belə cavab verib:

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

“Vaşinqton 2003-cü il prezident seçkilərinin azad keçirilməsi üçün Azərbaycanın addımlar atmasını gözləyir. Bizim cəhdlərimiz buna nail olmaq istiqamətidə yönələcək…”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Dövlət Departameninin bəyanatını operativliyinə və ciddiyyətinə görə diqqətlayiq adlandırmışdı:

Bu cür birmənalı, sərt münasibət referendumun nəticələrini tanımamağa bərabərdir”.

(Ardı olacaq)

Ana səhifəSiyasət2000-ci ilin parlament seçkisi: “Bu gedişlə hakimiyyət Azərbaycanı fəlakətə aparır”