close

Elnarə Qasımova: “Normal məhkəmələr olsaydı, bu gün həbsdə ölkəni talayanlar olardı”

Elnarə Qasımova. Foto: Meydan TV

İstintaq dövrü üçün həbsdə saxlanma müddəti daha 1 ay 7 gün uzadılıb

“AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Elnarə Qasımova haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən uzadılıb.

Avqustun 10-da Xətai Rayon Məhkəməsində prokurorun bu barədə təqdimatına baxılıb. Məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Nahid Abbaslı təqdimatı müdafiə edib. Deyib ki, istintaq hələ başa çatmayıb. Onun sözlərinə görə, bir sıra istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə Elnarə Qasımovanın azadlıqda qalması məqsədəuyğun deyil. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə mane olmaq ehtimalı var.

Elnarə Qasımova və onun vəkilləri təqdimata etiraz edib. Müdafiə tərəfi bildirib ki, onun istintaqdan yayınacağını demək üçün heç bir əsas yoxdur. Çünki Elnarə Qasımova azadlıqda olarkən şahid qismində iki dəfə çağırılıb, heç birində də yayınmayıb. Məhz ikinci dəfə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsində dindirməyə çağırılandan sonra onun haqqında həbs qərarı verilib.

Müdafiə tərəfi əlavə edib ki, ümumiyyətlə, Elnarə Qasımovaya qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı əsassızdır, heç bir sübut-dəlil yoxdur. Onu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər.

Elnarə Qasımova özü də təqsirsiz olduğunu, jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bildirib. Deyib ki, özü də daxil olmaqla, “AbzasMedia” işi üzrə həbsdə olanların hamısı məhz korrupsiya araşdırmalarına cəzalandırılıb.

Elnarə Qasımova vurğulayıb ki, “AbzasMedia” yüksək vəzifəli şəxslərin, o cümlədən Əliyevlər ailəsinin biznesilə bağlı araşdırmalar aparır, korrupsiyanı ifşa edir. Onları bu araşdırmalarına görə cəzalandırırlar. Jurnalist əlavə edib ki, ölkədə normal hüquq-mühafizə orqanları, gerçək məhkəmələr olsaydı, bu gün həbsdə onlar yox, korrupsiyaya yol verib, ölkəni, xalqın malını talayanlar olardı: “Yerimiz səhv düşüb…”.

Jurnalist bu məhkəmənin də sifarişlə işlədiyini vurğulayaraq, ədalət və qanuni qərar gözləntisi olmadığını əlavə edib.

Hakim Rəfael Xəlilov qısa müşavirədən sonra prokurorun təqdimatının təmin edildiyini, Elnarə Qasımovanın istintaq dövrü üçün həbsdə saxlanma müddətinin daha 1 ay 7 gün uzadıldığını elan edib.

Jurnalistin vəkilləri bu qərardan apelyasiya şikayəti verəcək.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəXəbərlərElnarə Qasımova: “Normal məhkəmələr olsaydı, bu gün həbsdə ölkəni talayanlar olardı”