close

Hökməlinin su, yol, işsizlik problemi: “Əjdaha kimi suyun qabağını kəsiblər”

Foto: Meydan TV

Sakinlərin ironik münasibəti: “Məmurlar layla çalır, biz də yatırıq”

156 nömrəli avtobus çətinliklə dar yolda hərəkət edib qəsəbəyə daxil olur. Hər kəs qəsəbədaxili yolların bərbad, keçilməz olduğundan şikayətçidir.

Abşeronun Hökməli qəsəbəsinə gedən yolun giriş hissəsinə asfalt çəkilsə də, qəsəbədaxili yollarda iri çala-çuxurlar diqqət çəkir. İllərdir ki, qəsəbənin içi asfalt örtüyə həsrət qalıb.

Sakinlər Hökməli qəsəbəsinə işləyən marşrut və taksi sürücülərinin dağılmış yol səbəbindən 20 ildən artıqdır ki, əziyyət çəkdiyini deyirlər:

“Nə yolu yoldur, nə də nəqliyyat dözür. Xəstə, yaşlı qadınam. Sürücülərə, qəsəbə sakinlərinə yazığım gəlir. Yolu nəqliyyatın rahat hərəkəti üçün normal hala gətirməlidirlər. Avtobus girintili-çıxıntılı yolda hərəkət edə bilmir, tez-tez sıradan çıxır”, – deyə Nəsibə Məmmədova adlı sərnişin giley-güzar edir.

“Hər yerə deyirik, kömək edən yoxdur”

10-15 dəqiqə intervalla qəsəbəyə üz tutan 156 nömrəli avtobus sürücüsü isə nəqliyyatın belə yollarda dözmədiyini, tez-tez sürücüsünü xərcə saldığını deyir:

“Hərəkət etmək çətindir. Gərək tez-tez avtomobili təmir etdirək. İrili-xırdalı çalalar, yol kənarı qazıntılar normal gediş-gəlişə mane olur. Hər yerə deyirik, kömək edən yoxdur”.

Foto: Meydan TV

“Su ciddi problemdir…”

Hökməlidə digər problemlər də az deyil. Burada yolla yanaşı, əsas problemlərdən biri də su ilə bağlıdır.

Qəsəbə sakini Xanbala Məmmədov deyir ki, qəsəbə əhalisi artdıqca köhnə su xəttinə müdaxilə olunur, nəticədə yay mövsümündə su verilişində ciddi fasilələr olur. Ona görə də əlacsız qalan sakinlər suyu pulla almaq məcburiyyətində qalırlar.

İmkansız və kasıb ailələr isə günlərlə içməli su belə ala bilmirlər:

“İnsanları qınamaq da olmur, yayda suya tələbat çoxdur. Bir maşın su 10 gün gedir. Elə məhəllələr var ki, orada ümumiyyətlə su yoxdur. Fərq etmir, yay-qış burada su ciddi problemdir. Anbardan su paylanılır deyə kimlərsə suyu təzə məhəllələrə çəkirlər. Onda da su çatışmazlığı yaranır”.

“Ayda 80-100 manat suya pul veririk”

Hökməli qəsəbəsi Bakının böyük yaşayış massivlərindədir və burada Koroğlu, Babək, Rəsul Rza kimi müxtəlif adlarda 200-ə yaxın küçə var. Amma diqqətdənkənar qalan qəsəbədə problemlər bitib-tükənmir. Problem o həddə çatıb ki, əkin-biçin susuzluqdan məhv olur.

Sakinlərin dediyinə görə, məmurlar da bir tərəfdən əjdaha kimi suyun qarşısını alıb öz təsərrüfatına yönəldirlər.

Qəsəbəyə yeni köçən Gülmirə Əliyeva buraya gəlişinə görə peşman olan sakinlərdəndir:

“Yeni məhəllələrdə həyat zülmdür. Çox məhəllərdə 20 ildən artıqdır ki, su yoxdur. Elə yerlər var ki, quru səhradır. Ayda suya 80-100 manat suya veririk. Biz ayda 3-4 dəfə 35 manatdan su gətirdirik. İmkanı olan alır, olmayan günlərlə su axtarır. İşləməyən 100 manatı haradan tapıb suya versin?”.

Foto: Meydan TV

Qəsəbə uşaqların gözü ilə…

Hökməli qəsəbəsində addımladıqca dağılmış su xətləri, üfunət iyi verən köhnə kanalizasiya quyuları və təhlükəli elektrik sayğaclarının yaratdığı xoşagəlməz mənzərə diqqət çəkir.

Uşaqlar üçün də qəsəbədə hərəkət etmək və yaşamaq dözülməzdir. Görünən mənzərəni təsvir edən uşaqlar yol boyunca problemləri göstərirlər:

“Baxın, bu evin aralarında su xətləri dağılıb. Daşı atıb doldururlar nəticədə su aşıb-daşır və ətrafa yayılır. Sonra da pis iy gəlir”.

Azyaşlılar istər yayda, istərsə də qışda küçələrdə hərəkətin çətin olduğunu deyirlər.

İşsizlik və bir tikə çörək davası…

Ölkənin və Bakının digər ərazilərində olduğu kimi Hökməlidə də işsizlik problemi var. Demək olar ki, kasıb təbəqə günəmuzd işlərdən əldə edilən minimal gəlirlərlə dolanır.

Foto: Meydan TV

Qəsəbə sakinləri qeyd edirlər ki, işsizlik onları çörəklə sınağa çəkir:

“Gedib fəhləlilik edirik. İş var? Sosial-iqtisadi vəziyyətimiz o qədər ağırdır ki, bir tikə çörək savaşı veririk. Aşağılarda zavod var, iş üçün müraciət edirik, götürmürlər. Orada 400-500 manatlıq işə qəbul olunanlar sevinir ki, iş tapıblar. Nə ünvanlı sosial yardım, nə də xəstə uşaqlarımıza pensiya düzəldə bilirik. Məşğulluq isə burada faydalı deyil. Vermirlər, etdiyimiz müraciətlər köməksiz qalır. Qonşunu işdən çıxarıblar deyə aylarla işsizdir. Bir balaca dükanım var, xırdavat şeylər satıram. Ancaq üç ailə bu dükandan dolanır. Məmurlar layla çalır, biz yatırıq”, – deyə qəsəbə sakini Sakit Mirzəyev ümidsiz şəkildə narazılığını dilə gətirir.

Foto: Meydan TV

“Qəsəbədə zibil qabları yoxdur”

Hökməlidə antisanitariya da hökm sürür. Məsələ ondadır ki, burada zibil qutularına rast gəlinmir. Ona görə də kim zibili hara gəldi, tökür.

Hər növ tullantının atıldığı ərazilər isə həm uşaqlar, həm heyvanlar üçün həyati təhlükəlidir. Nəzarətsiz qalan küçə heyvanları isə sakinlərə, xüsusilə uşaqlara əlavə bir təhlükə yaradır.

Zibil atılan ərazilərə isə kəskin üfunət qoxusundan yaxın düşmək mümkün deyil. Böyük ərazini və yol kənarına əhatə edən tullantılar xəstəlik mənbəyidir.

Vətəndaşlar isə deyirlər ki, aidiyyəti qurumlar tərəfindən qəsəbə küçələri, məhəllədaxili yollar zibil qutuları ilə təmin olunsaydı, belə ürəkbulandıran mənzərə yaranmazdı.

Foto: Meydan TV

“Uşaqlar təhsildən geri qalırlar”

Bu mənzərənin narahat etdiyi sakinlərdən biri də Pünhan Əlibalayevdir.

O, Meydan TV-yə deyir ki, qəsəbə tam nəzarətsiz qalıb:

“Hərdənbir zibil maşınları olur, o da dolur daşır, çatdırmır. O “Kamaz” da kənd bələdiyyəsinin hesabınadır. Yoxsa belə zibil yığan maşın yoxdur. Çünki zibil qabları yoxdur, necə yığacaq? Zibil qabı yoxdur deyə hamı zibili gətirib yol kənarına atıb-gedir. Atılan zibillər 4-5 gün, bəzən də həftədən çox ərazidə qalır. Üfunətdən adamın beyini dağılır. Uşaqlar orada toplaşıb məktəbə gedir, yayda oynayırlar. Açıq-aşkar epidemiya mənbəyidir. Üstəlik, hər yer küçə itləridir. Onlar da zibillliyin içində olur. Uşaqlara, böyüklərə hücum edirlər. Qəsəbədə faktiki heç nəyə nəzarət yoxdur”.

Qəsəbədə yalnız məktəbdə tikinti gedir. Məlum oldu ki, burada il yarımdır ki, iş aparılır. Sakinlərə qısa müddətdə təhvil veriləcəyi deyilsə də, məktəbin tikintisi yubadılır.

Bu təhsil ocağında isə 600-dən çox məktəbli var. Məktəbin tikintisini aparan şirkət isə il yarım ərzində təhsil müəssisəsini təhvil verəcəyini deyir. Amma sakinlər buna da inanmırlar:

“Köhnə məktəb idi. Uzanır. Bu ildən uşaqları Masazır məktəbinə göndərirlər. Yollarda qalmışıq. Uşaqlar da təhsildən geri qalırlar, çünki məsafə çox uzaqdır. Bu tərəfdə yaxın bir məktəb də var. Bizim uşaqları Masazıra göndərincə ora göndərsəydilər, daha uyğun olardı”.

Foto: Meydan TV

“Hökməlinin heç bir yerində daimi su ilə təminat yoxdur”

Çoxpilləkənli Hökməli bələdiyyə binasının qapısı bağlıdır, işdə heç kəsi tapmaq olmur. Ona görə də bələdiyyə sədri Ramin Orucova telefonla zəng edirik.

O, Meydan TV-yə deyir ki, Hökməlinin heç bir yerində daimi su yoxdur, ona görə də qrafiklə verilir:

“Qəsəbədə daimi su heç yerdə yoxdur.120 tonluq su anbarı isə qəsəbə üçün yetərli deyil. Odur ki, su həftə ərzində xüsusi qrafiklə verilir. Elə bir küçə yoxdur ki, su xətti olmasın, ancaq 90% ərazidə su qrafiklə gəlir. Doğrudur ki, qəsəbə ərazisinə su xətti çəkiləndə ayrı-ayrı şəbəkələr paylanılmayıb. Bu da bələdiyyəyə aid məsələ deyil. Rəsmi şəkildə “Azərsu”ya müraciət etmişdik. Dedilər ki, Hökməlinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün layihə hazırlanıb. İl yarım üstündən vaxt keçir, amma həll olunmur, deyirlər ki, maliyyəyə görə qalıb”.

“Üç-dörd dəfə zibil qabı qoyduq, effekti olmadı”

Məişət tullantılarının yığışdırılmaması və zibil qutularının qoyulmamasına gəlincə bələdiyyə sədri vətəndaşları “günahkar” sayır.

Onun sözlərinə görə, hətta Binəqədi sakinləri məqsədli şəkildə zibilləri Hökməli ərazisinə tökürlər.

Ramin Orucov deyir ki, sakinlər bu məsələdə ona dəstək verməli, ərazinin təmizliyinə diqqət etməlidirlər.

“Hansısa küçə yolunun asfaltlanması üçün vəsait yoxdur”

Bələdiyyə sədri qəsəbənin yolsuzluq və gecikən məktəb probleminə də aydınlıq gətirib.

Dediyinə görə, qəsəbədaxili küçələr bələdiyyənin balansında olsa da, yolları asfaltlamaq üçün maliyyə imkanları yoxdur:

“Hansısa küçə yolunun asfaltlanması üçün vəsaitimiz yoxdur. İmkan daxilində keçilməz küçələrə çınqıl, daş tökürük, ancaq əsaslı təmir və asfalt çəkə bilmirik. Problemi Abşeron Rayon İcra Hakimiyətinə yönəltmişik ki, nə vaxtsa daxili küçələr üçün asfalta vəsait ayrılarsa, bizi də nəzərə alsınlar. Bizdə xəstəxana və məktəb kimi vacib müəssisələrə gedən 30-a yaxın küçə var ki, ümumilikdə 20 kilometr yol təşkil edir. Onu da ölçüb göndərmişik ki, əsas bu yollar intensiv istifadə olunan yollardır. Kömək olarsa, birinci bunları təmir etməliyik. Məktəbə gəlincə isə iş gedir, tez zamanda yekunlaşdırıb təhvil veriləcək”.

Foto: Meydan TV

“Oxumayıblar deyə fəhləliklə məşğuldurlar”

Bələdiyyə sədri qəsəbə sakinlərinin işsizliyinə gəldikdə isə bunu onların “bacarıqsızlığı” ilə əlaqələndirir.

Onun fikrincə, işsizlikdən kim danışırsa, bacarıqsızlığından irəli gəlir:

“Əvvəla, hər kəsin bir iş qisməti var, ancaq bəzən ixtisaslı kadr da tapa bilmir. Odur ki, oxumayan, təhsili olmayan adamların işlə bağlı problemləri daha çoxdur. Yəni təhsildən geri qalıb, oxumayıb deyə fəhləliklə məşğuldurlar. Qəsəbə əhalisindən bəziləri aşağıdakı zavodlarda işləyir. İşsizlik hər yerdə olduğu kimi Hökməlidə də var. Əgər yaşayış varsa, sosial problemlər olmalıdır. Qəsəbə dağınıq vəziyyətdədir, yaşayış vahid kompakt deyil. Görülən işlər də görülməyənin gözündə itir-batır”.

Layihə hazırlanıb, icrası naməlumdur…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən isə Meydan TV-yə bildirilib ki, qurumun sifarişi ilə problemin həlli istiqamətində layihə sənədləri hazırlanıb, nə vaxt icra olunacağı isə bəlli deyil:

“Hökməli qəsəbəsində olan küçə və yeni yaşayış massivləri üzrə sakinlər su ilə müxtəlif qrafiklər əsasında təmin olunurlar. Yeni layihələrin icrası isə su təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla aparılır. O cümlədən yeni yaşayış məhəlləsində su təchizatı şəbəkəsinin inşası işləri tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçirilir”.

“Bununla yanaşı Hökməli qəsəbəsinin bir çox ərazilərində sakinlərin qrafik əsasında su ilə təminatında problem yoxdur. Məsələn, “Dağlıq”, “Koroğlu”, “ Məktəb yolu”, “Rəsul Rza”, “Asif Əhmədov”, “Mehdi Hüseynzadə”, ”Nəsimi” küçələrinə və vətəndaşlar tərəfindən çəkilən “Əlövsətin” xəttinə qrafikə uyğun su verilir. “Beton yol” adlanan ərazidə və 20 Yanvar küçəsində su şəbəkəsi qurulmayıb”, – deyə qurumdan bildirilib.

Ana səhifəSosialHökməlinin su, yol, işsizlik problemi: “Əjdaha kimi suyun qabağını kəsiblər”