close

2005-ci il seçkiləri: “Narıncı müxalifət”, həbslər, Bakıya enə bilməyən təyyarə…

Foto: Meydan TV

Natiq Cavadlı

III hissə

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri sayılır.

Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 19952000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.

Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.

Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.

Sərəncam, Seçki Məcəlləsinə dəyişiklik…

2005-ci il seçkilərinə Prezident İlham Əliyevin mayın 11-də imzaladığı 11 bənddən ibarət seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncamı ilə start verildi. Sərəncamda 2003-cü ilin mayında qəbul edilmiş Seçki Məcəlləsinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndilməsi göstərilirdi:

„Venesiya Komissiyasının və ATƏT-nin DTİHB-nin Yekun rəyində bildirilmişdi ki, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübəyə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur“.

Lakin təəssüflə qeyd olunurdu ki, seçkilər sahəsində ciddi tərəqqinin əldə edilməsinə baxmayaraq, bir sıra nöqsanlar və çatışmazlıqlar qalmaqdadır.

Sərəncam. Foto: arxiv

Sənəddə MSK-ya tövsiyə edilirdi ki, seçki rəsmilərinin, o cümlədən, paytaxtdan kənarda işləyəcək seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədi ilə müvafiq proqramlar hazırlansın və bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq etsin:

Müəyyən edilsin ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə müdaxilə edərlərsə, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Mərkəzi və yerli icra hakimiyyətləri orqanlarına tapşırılsın ki, Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməsinlər və bu cür faktlar aşkar olunduqda qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görsünlər“. Sərəncamda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə, özəl kanallara namizədlərə bərabər əsaslarla təbliğ olunmaları üçün proqramlar və siyasi platformaların müzakirəsi məqsədi ilə müvafiq forumların təşkil edilməsi tövsiyə olunur“.

Foto: Meydan TV

Sərəncamda mərkəzi və yerli icra hakimiyyət orqanlarına vətəndaşların sərbəst toplaşmaq azadlığının, seçki kampaniyası və seçkilərdən sonra ictimai sabitliyin təmin edilməsi məqsədi ilə qanunvericiliyə uyğun olaraq lazımi tədbirlər görməsi tapşırılır. Bundan əlavə, sərəncamda Prezident Administrasiyasına iqtidaryönlü, mərkəzçi və müxalif siyasi qruplarla seçkilərlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və peşəkarlığın, təşkilati işlərin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq donorların texniki yardımından istifadə ilə məşğul olacaq yaranmış kontakt qrupunun toplantısının keçirilməsinə kömək göstərməsi vurğulanırdı.

İyunun birinci yarısında Milli Məclis Seçki Məcəlləsinə yeni maddələrin əlavə edilməsi və mövcud maddələrə dəyişikliklərlə bağlı 43 müddəa öz əksini tapdı. Sənədin ilk maddəsinə səsvermənin nəticələri, seçkilərin nəticələri, seçkilərin yekunları seçkilərin ümumi yekunlarına dair 4 yeni müddəa əlavə edildi.

İyunun 28-də İlham Əliyev məcəlləyə edilən əlavələr və dəyişiklikləri təsdiqlədi.

İyulun 4-də Prezident Əliyev parlament seçkilərinin noyabrın 6-da keçirilməsi haqda sərəncam imzaladı.

İyulun 6-də seçki kampaniyasına start verildi.

Seçki bloklarının kütləvi elanı

Lakin bütün bunlara qədər siyasi partiyalar, siyasi xadimlər seçki bloklarının yaradılması ətrafında müzakirələr aparırdı. İlk belə addım aprelin ikinci yarısında atılmışdı. Mayın əvvəlində isə Milli İstiqlal və Sosial Demokrat partiyaları ilə birgə təsis etdikləri “Yeni Siyasət-YeS” blokunda “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov, Milli Məclisin sabiq sədri Yaqub Məmmədov, keçmiş Baş nazir Rəhim Hüseynov, baş nazirin keçmiş müavinləri Vahid Əhmədov, Əli Məsimli, senarist Eldəniz Quliyev, Media Huququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı və digərləri də yer almışdı. Blok ümumilikdə 44 dairədən namizədini elan etmişdi.

Ardınca Demokrat, Xalq Cəbhəsi, Müsavat partiyaları “Azadlıq Bloku”; Vəhdət və Birlik partiyaları “Azərbaycançı Qüvvələr”; Demokratik Azərbaycan Dünyası, Azad Respublikaçılar, Demokratik Maarifçilik və Respublikaçılar partiyaları “İslahat Bloku”; Ədalət, Vahid Azərbaycan Milli Birlik və Vətəndaş Həmrəyliyi partiyaları “Demokratik Azərbaycan”; Xalq Demokratik və Vahid Azərbaycan partiyaları “Azərbaycan Naminə Seçki Bloku”; Mübarizlər və Milli Dövlətçilik partiyaları “Birlik” siyasi partiyalar bloklarını elan etdilər.

Heç bir bloka qoşulmayan YAP

Yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) heç bir bloka qoşulmadan 109 dairədən namizədliyini irəli sürdü. Sonradan “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqovun namizədliyini geri çəkməsi və həbs edilməsilə ilə hakim partiya 108 nəfərlə seçkiyə qatıldı. Digər dairələrə gəlincə, YAP müttəfiq partiyaların və geniş nüfuza malik ziyalıların həmin dairələrdən seçkiyə qatılmasını nəzərə alaraq namizəd irəli sürmədi.

Foto: Meydan TV

Haşiyə: Amma hakim partiya 125 saylı Zəngilan-Qubadlı dairəsindən „Azadlıq“ blokunun müdafiə etdiyi xalq şairi Ramiz Rövşənə rəqib olaraq İmamverdi İsmayılovun namizədliyini irəli sürdü.

Partiya eyni zamanda, əvvəlki seçkilərdə mandat qazanmış 33 nəfərin adını bu dəfə siyahısına daxil etməmişdi. Onlardan biri də YAP-nin yaradıcılarından olan Sirus Təbrizli idi. S.Təbrizli YAP-ın qərarını özünün seçkiyə qatılmaq istəməməsi ilə əlaqələndirsə də, bu barədə „hələlik danışmağın vaxtı olmadığını, lazım olanda sözünü deyəcəyini“ bildirmişdi.

Baş redaktorların bloku

Mayın ikinci yarısında “Olaylar”, “Ədalət”, “Həftə içi”, “Üç nöqtə”, “Şərq” və “525-ci” qəzetlərinin baş redaktorları “Müstəqil media — 2005” seçki blokunu elan etdilər.

Avqustda elan edilən “İctimai Liderlər Birliyi” bloku 64 namizədinin olduğunu açıqladı. Onlar həm Birliyin üzvləri olan şəxslər, həm blokun dəstəklədiyi və həm də saziş imzaladığı digər seçki bloklarının namizədləri idi. “Parlament-2005” Hüquqşünasların Seçki Blokunun, “Müstəqil Media-2005” Seçki Blokunun, həmçinin “Gənc Lidlerlər” Seçki blokunun namizədləri “İctimai Liderlər”in siyahısına daxil edildi. Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da “İctimai Liderlər Birliyi”nin dəstəklədiyi namizədlər idi.

Bununla belə, müstəqil şəkildə və siyasi partiyalar blokundan seçkilərə qatılan jurnalistlər də var idi.

“Yeni Müsavat” qəzetindən Aynur Camalqızı (95 saylı Tərtər), ANS-nin sabiq əməkdaşı Qənirə Paşayeva (105 saylı Tovuz), “Azadlıq Bloku”ndan Bahəddin Həziyev (54 saylı Dəvəçi-Siyəzən), Rauf Arifoğlu (28 saylı Sabunçu üçüncü), Məhəmməd Ərsoy (47 saylı Mingəçevir), Azər Həsrət (56 saylı Xaçmaz), “Milli Birlik” Hərəkatından Bahar Rüstəmova 92 saylı Zərdab-Ucar seçki dairəsindən seçkilərə qatıldılar.

27 iyulda elan olunan Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlunun rəhbərlik etdiyi “Azərbaycan Tərəqqi Alyansı (ATA) seçki blokuna Qorqud və Dirçəliş partiyaları daxil olsa da, sonradan ikinci qurumu tərk etdi.

Ümumlikdə, 10-dan çox blok seçki yarışında iştirak edirdi. Onların içində namizədlərin sayına görə (117 namizəd) “Azadlıq” Bloku öndəydi.

Asim Mollazadə yeni partiyayla seçkilərə qatılır

Seçki kampaniyasının başlanmasına 2 gün qalmış uzun illər AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini olan Asim Mollazadə Demokratik İslahatlar Partiyasını elan etdi.

Foto: Meydan TV

A.Mollazadə heç bir bloka qoşulmadan parlament seçkilərinə yeni təsis etdiyi partiyadaşları ilə qatıldı.

„Yeni Fikir“çilərin həbsi…

Yay fəslinin 2 ayı siyasi fəallıq baxımdan sakit keçsə də, avqustun 4-də “Yeni Fikir” Gənclər Birliyinin sədri Ruslan Bəşirlinin həbsi proseslərin həyacanlı mərhələsinə start verdi. R.Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama) ilə ittiham olunsa da, onu rəsmi və hakimiyyətə yaxın mediada Ermənistan hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda suçlayırdılar.

Ruslan Bəşirli. Foto: Azadlıq radiosu

R.Bəşirli ittihamları rədd edirdi. Bu hadisədən sonra həm R.Bəşirlinin Zərdabda ailəsinin evi, həm də AXCP qərargahı qarşısında təşkil olunmuş aksiyalar keçirildi.

Müxalifətin ilk seçki kampaniyası

Sentyabrın əvvəlində “Azadlıq” bloku seçici siyahıları ilə bağlı “Mənim adım hanı?” kampaniyasına başladı. Sentyabrın 1-də keçirdiyi mətbuat konfransında Müsavat Partiyasının başqanı İsa Qəmbər siyahılarda bir sıra çatışmazlıqları sadaladı:

“8 saylı Binəqədi seçki dairəsinin 5,9,10 və 11 saylı məntəqələrində 185-ə yaxın seçici adı siyahıya salınmayıb, 20-22 saylı məntəqələrin seçici siyahıları isə məktəb direktorlarının otağında olub. 86 saylı İsmayıllı seçki dairəsinin 1-10 saylı məntəqələrinin seçici siyahıları yoxdur. 124 saylı dairənin 64 saylı məntəqəsi isə ümumiyyətlə fəaliyyət göstərmir, seçici siyahısına adlar icra başçısının icazəsi ilə salınır” (“Turan”).

Narıncı rəngli müxalifət…

2005-ci il seçkilərinə qədər qonşu Gürcüstanda “qızılgül inqilabı” nəticəsində Mixail Saakaşvili, Ukraynada “narıncı inqilab” adı ilə başlanan etiraz dalğasında Viktor Yuşşenko hakimiyyətə gəlmişdi.

“Azadlıq” Blokunun mitinqi. Foto: Azadlıq Radiosu

Azərbaycan müxalifəti Ukrayna müxalifətindən “narıncı” rəngi əxz edərək mitinqlərə narıncı köynəklərlə çıxırdı. Buna cavab olaraq rəsmi və qeyri-rəsmi mətbuatda hakimiyyət təbliğatçıları müxalifəti Ermənistanın bayrağının rəngindən istifadə etməkdə ittiham edərək, tənqid hədəfinə almışdı.

Hökumət Venesiya Komissiyasının seçkilərlə bağlı tövsiyələrinin qəbul etmədi

Sentyabrın 5-6 tarixlərində Azərbaycanda olan Avropa Şurasının Baş katibi Terri Devis keçirdiyi mətbuat konfransında indiyə qədər baş tutan seçkilərin heç birinin demokratik standartlara cavab vermədiyini söylədi:

“Ona görə də parlament seçkiləri əvvəlki seçkilərdən fərqlənməlidir, çünki ölkə üçün çox əhəmiyyətlidir”.

Terri Devis. Foto: Avropa Şurası

Terri Devis İlham Əliyev daxil, görüşdüyü bütün rəsmilərin seçkilərin azad və ədalətli keçirlməsinə çalışacaqlarına söz verdiklərini dedi:

“Mən seçkilərin demokratik keçirilib-keçirilməyəcəyini deyə bilmərəm. Amma qanunvericilik bazası buna imkan verir”.

Amma Terri Devis hökumətin Venesiya Komissiyasının seçkilərlə bağlı tövsiyələrinin qəbul etməyini də bildirdi:

“Səsvermə gününə qədər müəyyən vaxt qalsa da, hansısa dəyişikliklərin ediləcəyi ehtimalı azdır”.

Venesiya Komissiya ilə fikir mübadiləsi aparılıb, amma…

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev komissiyaların tərkibinin dəyişdirilməsinin seçkidən sonraya saxlanıldığını söylədi. Səfa Mirzəyev Venesiya Komissiyası ilə bu barədə fikir mübadiləsi aparıldığını təsdiqləyib:

Səfa Mirzəyev. Foto: Azərtac

“Qərara alındı ki, bu məsələ seçkidən sonraya saxlanılsın. Bundan sonra Seçki Məcəlləsində müəyyənləşmiş qayda üzrə 18 nəfərdən ibarət MSK formalaşacaq”.

Onun sözlərinə görə, Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişiklik haqda Azərbaycanın hazırladığı qanun layihəsi ilə razılaşıb və bir daha məsləhətləşmələr aparıldıqdan sonra Milli Məclisin müzakirəsinə çıxarılacaq.

ADP-nin narıncı çadırları dağıdıldı

Sentyabrın 9-da Nizami rayonunun icra strukturları ADP-nin qərargahına hücum edərək narıncı çadırları dağıtdı. ADP sədrinin müavini Qurban Məmmədov bu addımı Prezident İlham Əliyevin seçki ilə bağlı 11 may sərəncamının “gözdən pərdə asmaq”dan başqa bir şey olmadığının göstəricisi saydı.

Eks prezident keçmiş dövlət katibi ilə eyni dairədə

Sentyabrın 16-da Sosial-Demokrat Partiyasının (SDP) həmsədri, eks-prezident Ayaz Mütəllibov xalqa müraciət edərək “Yeni Siyasət” siyasi partiyalar seçki blokunun namizədlərinə səs verməyə çağırış etdi.

Ayaz Mütəllibov özünün 17 saylı III Yasamal dairəsindən namizədliyinin irəli sürüldüyünü deyd edərək 13 illik mühacir həyatından sonra ölkəyə qayıtmaq imkanının olduğunu bildirdi. Həmin dairədən Lalə Şövkət Hacıyeva da namizədliyini irəli sürmüşdü.

Foto: Meydan TV

“Yeni Siyasət” Blokundan sabiq müdafiə naziri Tacəddin Mehdiyev 99 saylı Şəmkir kənd seçki dairəsindən namizəd idi.

Liberal Partiyasının bazasında yaranan “Milli Birlik” Hərəkatının 114 deputatlığa namizədindən 70-i qeydə alındı.

Ayaz Mütəllibov və Rəsul Quliyev seçki kampaniyasına qatıla bilmir

Respublika Prokurorluğu namizədlikləri qeydə alınmış SDP həmsədri Ayaz Mütəllibovun və ADP sədri Rəsul Quliyevin ölkəyə qayıdacaqları şəkildə həbs olunacaqları haqda açıqlama yaydı. Baş prokuror Zakir Qaralovun onların toxunulmazlıq hüququnun ləğv edildiyini bildirmişdi.

A.Herkel. Foto: Azadlıq Radiosu

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel hər iki namizədin seçki kampaniyasına qatıla bilməməsini normal hal saymadı:

“Əgər namizədlikləri qeydə alınıbsa, onların seçki kampaniyası aparmaq hüquqları var” (APA).

I xanım və baş nazirin müavininin oğlu seçkilərə qatılır

2005-ci il seçkiləri həm də onunla maraq doğururdu ki, ölkənin I xanımı Mehriban Əliyeva da ilk dəfə seçkilərdə iştirak edirdi. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü (2013-cü ildən partiyanın sədr müavini) olan Mehriban Əliyevanın namizədliyi hakim partiya tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüşdü.

Foto: Meydan TV

Həmçinin, Baş nazirin müavini Abbas Abbasovun oğlu Aydın Abbasov 37 saylı Nizami I (Gəncə) seçki dairəsindən seçkilərə qatılmışdı.

Azadlıq” Bloku 8 dairədən namizəd irəli sürmədi

“Azadlıq” Blokununun 117 namizədi qeydi alınmışdı. Blok 5 saylı Şahbuz-Babək, 37 saylı Nizami birinci, 47 saylı Mingəçevir, 67 saylı Cəlilabad şəhər, 79 saylı İmişli, 92 saylı Zərdab-Ucar, 112 saylı Qax, 119 saylı Ağdam dairələrindən namizəd irəli sürmədi.

Blokun namizədləri sırasında şair Ramiz Rövşən (125 saylı Zəngilan-Qubadlı), yazıçı Sabir Azəri (108 saylı Ağstafa), bəstəkar Cavanşir Quliyev (113 saylı Şəki), müğənni Flora Kərimova (42 saylı Sumqayıt ikinci), professolar Cəmil Həsənli (18 saylı Nərimanov-Nizami), Kamil Vəli Nərimanoğlu (32 saylı Suraxanı üçüncü), Nəsib Nəsibli (34 saylı Xətai ikinci) də yer almışdı.

Müxalifətin ilk mitinqi

Noyabrın 10-da “Azadlıq” Bloku “Qələbə” Meydanında seçki yürüş-mitinqi keçirdi. Aksiyanın əsas şüarı “Azərbaycan noyabrda demokratikləşəcək” idi.

Bu, dövlət orqanlarının öz agentura vasitəsilə keçirdiyi əməliyyatdır”

Sentyabrın 15-də “Azadlıq” qəzetinin ofisində “Yeni Fikir” Gənclər Təşkilatının müvəqqəti yerləşdiyi otağında 3 əl qumbarası və bir ədəd 200 qram trotil aşkar edildi. Qəzetin baş redaktoru Qənimət Zahid hadisə barədə 39-cu Polis Bölməsini məlumatlandırdı. Q.Zahid keçirdiyi brifinqdə əvvəlcədən qəzet vasitəsilə təxribat olacağını yazdıqlarını söylədi:

Foto: Meydan TV

Qəzetin 13 və 19 avqust tarixli saylarında təxribat gözlənildiyi haqda məqalə dərc edilmişdi. Həmçinin, bu yazılardan sonra polisə müraciət etmişəm ki, belə bir təxribat versiyası var”.

“Bu, dövlət orqanlarının öz agentura vasitəsilə keçirdiyi əməliyyatdır”,-deyə Qənimət Zahid əlavə edib.

Polislər redaksiya gəlsələr də, sursatları götürmədilər. Elə həmin axşam Q.Zahid özü sursatları 39-cu Polis Bölməsinə təhvil verdi.

Lalə Şövkət “Azadlıq” Bloku ilə saziş imzalayır

Oktyabrın 8-də “Milli Birlik” Hərəkatının sədri Lalə Şövkətlə “Azadlıq” Blokunun rəhbərliyi arasında saziş imzalandı. 4 bənddən ibarət sazişdə qeyd olunurdu ki, seçki pozuntularının aradan qaldırılması, saxtakarlıqlara yol verilməməsi üçün səyləri birləşdirirlər:

Foto: Meydan TV

Bütün seçki komissiyalarında olan nümayəndələr komissiyaların normal işləməsi üçün sıx əməkdaşlıq edəcək və fəaliyyətləri əlaqələndirəcəklər. Tərəflər namizədlikləri üst-üstə düşmədikləri dairələrdə qarşı tərəfin namizədlərinə siyasi və mənəvi dəstək verəcəklər. Tərəflər seçki kampaniyasının gedişində bir-birlərinə qarşı əks təbliğat aparmayacaqlar, seçkilərin nəticələrini qiymətləndirilməsi məqsədilə məsləhətləşmələr keçirəcək və vahid mövqedən çıxış edəcəklər”.

“Azadlıq” Blokunun mitinqləri dağıdılır

Müxalifət sentyabrın 25-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə marşrut üzrə yürüş-mitinq (Cəfər Cabbarlı heykəlinin qarşısı, Füzuli meydanı, Nərimanov kinoteatrı, Elmlər Akademiyasının qarşısı) təklif etsə də, icazə verilmir və “Motodrom”, “Qələbə” meydanları təklif edilir. Elə həmin günlər daxili işlər naziri Ramil Usubov müxalifətin silahlanması və çevik qüvvələr yaratması haqda bəyanat yayır. “Azadlıq” Blokunun Seçki Qərargahının sədri Pənah Hüseyn nazirin açıqlamasını böhtan hesab edərək bildirir ki, bu, müxalifətə qarşı təxribatlar hazırlanmasından xəbər verir.

25 sentyabr aksiyası polis gücünə dağıdılır. Mitinqdə AXCP üzvləri Fuad Qəhrəmanlı, Xaliq Bahadır, Hacı Vaqif Kazımov, ADP üzvləri Natiq Əfəndiyev, Elman Salayev, Vasif Abdullayev və başqaları həbs edilir.

Foto: Meydan TV

AXCP sədri aksiyadan sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, ABŞ səfiri Rino Harniş onunla əlaqə saxlayıb və qarşılıqlı zorakılığa yol verilməsindən narahatlığını deyib

“Səfir Ramiz Mehdiyev və Ramil Uusbovla əlaqə saxlayaraq indiki durumda dialoqun başlanmasına ehtiyacın olduğunu söylədi. Bir müddət sonra Əli Həsənov Fuad Mustafayevlə danışıqlara hazır olduğunu deyib. Bunları nəzərə alaraq tərəfdarlarımıza aksiyanı dayandırmaq göstərişi verdik”.

Lakin bütün bunlara baxmayaraq, “Azadlıq” Blokunun 1, 9 və 23 oktyabrda keçirdiyi aksiyalara da icazə verilmədiyi üçün polislə qarşıdurma yarandı.

Rəsul Quliyevin təyyarəsi Bakı səmasında dövrə vurub…

Oktyabrın 17-də ADP Rəsul Quliyevin Bakıya qayıdacağı haqda məlumat yaydı və xalqı hava limanına çağırdı. Ancaq sabiq spikerin təyyarəsi yalnız hava limanın üzərində dövrə vuraraq Ukraynaya qayıtdı. Ukraynada saxlanılan Rəsul Quliyev bir neçə gün sonra sərbəst buraxıldı və ABŞ-a geri döndü. Yaranmış durumla bağlı “Turan”a danışan Rəsul Quliyev onun təyyarəsinin yarım saatdan çox Azərbaycanın hava limanında qaldığını bildirib:

Sonra pilot mənə dedi ki, Bakı aeroportu onları qəbul etməkdən imtina edib. Biz Tbilisi aeroportuna müraciət etdik, ordan sorğumuza 40 dəqiqədən sonra cavab verəcəklərini söylədilər. Tbilisidən cavab almadan Simferepol hava limanına endik”.

Foto: Meydan TV

Rəsul Quliyev onu da bildirib ki, olduğu təyyarənin şirkəti hələ oktyabrın 14-də Azərbaycan rəhbərliyinə müraciət edib və sərnişinlərin siyahısını da göndərib: “Bakı Hava Limanı ilə bir neçə dəfə əlaqə yaratmaq üçün cəhd göstərilsə də, uğursuzluqla nəticələnib. Təyyarə Simferopola enəndən sonra yenidən ekipaj məlumat verib ki, təyyarənin Bakıya enməsi qadağa olunur”.

Ancaq “Azal Dövlət Konseri”nin direktoru Cahangir Əsgərov Bakı aeroportunun Rəsul Quliyevi gətirən təyyarəni qəbul etməyə hazır olduğunu deyib.

Məmurların həbsi, YAP-çı deputatın polis qardaşı…

Bu hadisədən 2 gün sonra, oktyabrın 19-da iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı Rafiq Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezidentin İşlər İdarəsinin rəisi Akif Muradverdiyev həbs olundu. Onlardan bir gün əvvəl sabiq maliyyə naziri Fikrət Yusifov saxlanılmışdı, onun evində axtarış zamanı 100 min avro, 60 min dollar tapıldığı haqda rəsmi xəbər yayıldı.

Oktyabrın 21-də Əli İnsanov və Fərhad Əliyev YAP-dan çıxarıldı.

Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin oktyabrın 25-də birgə yaydıqları məlumatda isə adları çəkilən şəxslərin Rəsul Quliyevin rəhbərliyilə dövlət çevrilişi hazırladıqları qeyd olunurdu.

Məlumatda YAP-çı deputat Vüqar Rəhimzadənin qardaşı, Nəsimi Rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadənin də adı çəkilirdi:

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq
Foto-kollaj: Meydan TV

“Rəsul Quliyevə yaxın olan Sabir Baxşəliyev İlqar Rəhimzadə ilə əlaqə yaradaraq 2005-ci ilin 16 oktyabrı tarixində sonuncunun dəvəti ilə onun iş otağında görüşüb. Vəzifə borcuna xəyanət edən İlqar Rəhimzadə Bakı şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə həyata keçiriləcək işləri əks etdirən və icra olunması üçün ona verilən tədbirlər planı ilə Sabir Baxşəliyevi tanış edib. Həmin planın üzünü köçürən Sabir Baxşəliyev onun məzmunu, polis qüvvələrinin dislokasiyası barədə məlumatları İlqar Rəhimzadənin iş otağından telefon vasitəsilə müvafiq maraqlı şəxslərə ötürüb. Hər iki şəxs törətdiklərə əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs ediliblər”.

Fərhad Əliyevin qardaşının namizədliyi ləğv edilir

İqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra, oktyabrın 21-də 68 saylı Cəlilabad kənd dairəsindən namizədliyini irəli sürən qardaşı Əlövsət Əliyevin namizədliyi ləğv edilir. Onu seçki qanunvericiliyinin tələblərini pozmaqda ittiham edirdilər:

“Əlövsət Əliyev asfalt yol çəkdirib, seçicilərə pulla ələ almaq istəyib. Bu səbəbdən də onun namizədliyi ləğv olunub”.

Foto: Meydan TV

Amma DSK-nın qərarı ilə razılaşmayan Əlövsət Əliyev sona qədər mübarizə aparacağını, apelyasiya şikayəti verəcəyini bildirib.

Ardınca “Azərkimya” Dövlət Şirkətinin prezidenti, YAP-nin namizədi Fikrət Sadıqov namizədliyi geri götürdü. 41 saylı Sumqayıt I seçki dairəsindən namizəd olan F.Sadıqov qərarını rəqiblərinin ona qarşı başlatdığı “böhtan” kampaniyası ilə izah etdi. Ancaq bundan sonra Fikrət Sadıqov Rəsul Quliyevlə əlaqələndirilərək həbs edildi. Son 3 çağırışda Milli Məclisin deputatı olan F.Sadıqov seçicilərlə görüşdə seçkiqabağı kampaniyaya 8 milyard manat xərcləyib və daha 2 milyard da xərcləmək niyyətinin olduğunu deyib (“Turan”).

Foto: Meydan TV

Oktyabrın 27-də AMEA-nin sabiq prezidenti Eldar Salayev həbs edilir. Akademikin oğlu, ADP-nin sədr müavini Elman Salayev evlərində axtarış aparıldığını bir neçə disk və sənədlərin götürüldüyünü deyib. O, götürülən əşyalar arasında heç bir cinayət elementi olan maddi sübut olmadığını vurğulayıb.

ATƏT: “Televiziyalarda əsas üstünlük hazırkı prezidentin, təbliğinə verilir”

Oktyabrın 14-də ATƏT-nin Müşahidə Missiyası ikinci aralıq hesabatını yaydı. Sentyabrın 24-dən oktyabrın 7-dək olan dövrü əhatə edən hesabatda deyilirdi ki, bir çox seçki komissiyasında şikayətlərin baxılmasında ləngimələrə yol verilir və ya ümumiyyətlə, şikayətlərə qanuna zidd olaraq baxılmır:

ATƏT
Foto: arxiv

Polis və yerli icra strukturları müxalifətdən olan namizədlərin seçicilərlə görüşünə, mitinqlər təşkil etməsinə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və prezidentin 11 may sərəncamına zidd olaraq əngəllər törədilir. Televiziyalarda müxalifətə efir vaxtı ayrılsa da, əsas üstünlük hazırkı prezidentin, hökumətin və iqtidar namizədlərinin fəaliyyətinin təbliğinə verilir. Sentyabrın 30-da Milli Teleradio Şurası ANS ÇM radiostansiyasının Şəki flialını bağlayıb. Seçici vəsiqələri saxtakarlığın qarşısını almağa imkan vermir. Çünki vəsiqələrdə nə seriya nömrəsi, nə də fərqləndirici nişanlar var”.

Daha bir sərəncam…

Seçkiyə 11 gün qalmış, oktyabrın 25-də Prezident İlham Əliyev “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər” haqqında növbəti sərəncam imzalayır. Sənəddə parlamentə təklif olunur ki, “Qeyri-hökumət təşkilatları haqqında” qanundan nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərini müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin. Bundan əlavə, sərəncamda MSK-ya tövsiyə edilir ki, seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair müvafiq təlimatı qısa müddətdə hazırlayıb müzakirəyə çıxartsın.

ABŞ şirkəti 65 dairədə “exit-poll” təşkil etdi

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə “PA Consulting Group” şirkəti seçki günü 65 dairədə “exit-poll” təşkil etmişdi. “PA Consulting Group” şirkəti paytaxtda 8 və 10 saylı Binəqədi, 11 saylı Qaradağ, 13 saylı Əzizbəyov, 15, 16, 17 saylı Yasamal, 22, 29 Səbail, 30,32 Suraxanı, 34 saylı Xətai dairələrində “exit-poll” keçirirdi. Bundan əlavə, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Gəngərli, 7 saylı Ordubad-Culfa, 37 saylı Nizami, 39 saylı Kəpəz, 40 saylı Kəpəz, 41, 44 saylı Sumqayıt və digər dairələr də “exit-poll”a daxil idi.

Foto: Meydan TV

Haşiyə: “PA Consulting Group” şirkətinin bir sıra dairələrdə seçki günü keçirdiyi “exit-poll”un nəticələri MSK-nın məlumatlarından ciddi şəkildə fərqlənirdi. Məsələn, 125 saylı Zəngilan-Qubadlı dairəsində Ramiz Rövşənin, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən Qulamhüseyn Əlibəylinin, 44 saylı Sumqayıt-Abşeron dairəsindən Nəriman Qasımoğlunun, 15 saylı Yasamal birinci dairəsindən Eldar Namazovun, 22 saylı Nəsimi ikinci dairəsindən Murad Sadəddinovun, 29 saylı Səbail dairəsindən Həsən Kərimovun, 30 saylı Suraxanı birinci dairəsindən Vurğun Əyyubun ən çox səs topladığı göstərilsə də, həmin dairələrdən hakimiyyətin dəstəklədiyi namizədlər mandat aldılar.

Medianın seçki göstəricisi

Seçkiyə 5 gün qalmış KİV-in seçki kampaniyalarında Davranış Kodeksinə əməl olunmasının monitorinqini aparan Ekspert Qrupunun hesabatı açıqlandı. Qrupun rəhbəri Zeynal Məmmədli dedi ki, 6 həftənin yekunları müsbət tendensiyadan xəbər verir. O, ən çox pozuntuya Lider TV-nin, ondan sonra isə AzTV-nin yol verdiyini dedi. Çap mətbuatında faiz göstəricilərinə görə, ən çox pozuntular edən “Reytinq” (84.8 %), “Kaspi” (72.09), “Səs” (71.56%). “Yeni Müsavat” qəzetində “qara piar” kampaniyasına aid ediləcək 44 yazı dərc olunub. Ən az pozuntular “Gün-səhər”, “Ekspress” və “Novoe vremya” qəzetlərində olub (APA).

(Ardı olacaq)

Ana səhifəSiyasət2005-ci il seçkiləri: “Narıncı müxalifət”, həbslər, Bakıya enə bilməyən təyyarə…