close

Tofiq Yaqublu: “Sənədlərimi, qələmimi belə əlimdən alıblar ki, gəlib burada nəsə yazmayım”

Tofiq Yaqublu. Foto: Meydan TV

Hakimsinizsə, bura da 8-ci kilometr bazarı deyilsə, qanunla danışmalısınız”

Milli Şuranın Koordinasiya Mərkəzinin, həmçinin Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər heyətinə etiraz edir. O, Elnur Nuriyevin sədrliyilə, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyasına avqustun 16-da keçirilən məhkəmə iclasında etiraz ərizəsi verib.

Tofiq Yaqublunun bu hakimlərə etiraz etməsinin səbəblərindən biri də məhkəmə prosesində jurnalistlərə video və foto çəkməyə icazə verilməməsidir. Avqustun 9-da keçirilən ötən məhkəmə iclasında bu məsələ qaldırılanda hakim Elnur Nuriyev bildirmişdi ki, məhkəmədə jurnalistlər akkreditasiyadan keçməlidir, çəkiliş üçün yazılı şəkildə ərizə verməlidir.

Budəfəki məhkəmə iclasında Tofiq Yaqublu yenə də məhkəməsində jurnalistlərə video və foto çəkilişi üçün şərait yaradılmasını istəyib. Lakin hakim Elnur Nuriyev etiraz edib.

Siyasi fəal hakimdən hüquqi əsaslandırma istəyib. Tələb edib ki, jurnalistlərin məhkəmədə akkreditasiyası ilə bağlı dediklərini qanunla əsaslandırsın. Bu tələbin hansı qanunda nəzərdə tutulduğunu göstərsin:

“Harada yazılıb ki, jurnalistlər məhkəmədə iştirak üçün akkreditasiyadan keçməlidir? Konkret qanunu, maddəsini göstərin. Əvvəlki iki məhkəmə iclasında icazə verdiniz. Mən də müəyyən fikirlər yazılmış vərəqlər göstərdim, çəkdilər, yayıldı. Sizi buna görə çağırıb möhkəm danlayıblar. Ona görə indi icazə vermirsiniz. Heç bir hüquqi əsasınız da yoxdur. Hakimsinizsə, bura da 8-ci kilometr bazarı deyilsə, qanunla danışmalısınız”.

Hakim Elnur Nuriyev qanunu göstərmədən, sadəcə, deyib ki, icazə verilmir:

“Bura siyasət meydanı deyil, məhkəmədir, siz də təqsirləndirilən şəxs…”.

Tofiq Yaqublu təqsirləndirilən şəxs olmadığını vurğulayıb:

“Mən İlham Əliyevin girovuyam”.

O, daha sonra hakimlərə etiraz ərizəsini təqdim edib. Qısa müşavirədən sonra hakimlər etirazın baxılmamış saxlanması barədə qərar qəbul edib.

Daha sonra Tofiq Yaqublu bildirib ki, avqustun 16-da məhkəməyə gətirilərkən Bakı İstintaq Təcridxanasında sənədlərini, qələmini əlindən alıblar. Onun sözlərinə görə, əlindən alınmış sənədlər arasında məhkəmədə zərərçəkmiş Elşən Hüseynova vermək üçün hazırladığı suallar da vardı:

Sənədlərimi, qələmimə, markerə qədər əlimdən alıblar ki, gəlib burada nəsə yazmayım. Görünür, oradakı sualları, qeyd etdiyim məqamları bu işi düzüb-qoşanlara göndərəcəklər ki, buraxdıqları boşluqları doldursunlar”.

Tofiq Yaqublunun vəkili Aqil Layıc bildirib ki, həmin sualları istintaq təcridxanasında görüşüb, müvəkkili ilə birlikdə hazırlamışdı. Onların arasında Tofiq Yaqublunun şərləndiyini sübut edə biləcək məqamlar vardı:

“Bu, müdafiə hüququnun pozulmasıdır”.

Vəkil bu məsələnin araşdırılmasını və hüquq pozuntusuna yol verən şəxslərin cəzalandırılması barədə vəsatət qaldırıb.
Tofiq Yaqublu isə bildirib ki, onun üçün əsas olan sənədlərin qaytarılmasıdır.

Məhkəmə qərar verib ki, Bakı İstintaq Təcridxanasına sorğu göndərilsin və baş verənlər araşdırılsın.

Məhkəmədə də Penitensiar Xidmətin əməkdaşları ilə vəkil Aqil Layıc arasında mübahisə olub. Onlar vəkilin Tofiq Yaqubluya vermək istədiyi sənədlərə baxış keçirilməsini istəyiblər. Vəkil isə bunun qanun pozuntusu olduğunu bildirib:

Vəkillə müvəkkili arasındakı söhbət də, yazışma da konfidensial olmalıdır. Onların bu sənədləri oxuması konfidensiallığın pozulmasıdır”.

Penitensiar Xidmətin əməkdaşları sənədlərə baxandan sonra hakimlərə veriblər. Hakimlər də baxıb və məlum olub ki, sənədlər yalnız Tofiq Yaqublunun haqqındakı cinayət işi ilə bağlıdır. Bundan sonra sənədlər şüşə kabinədə olan siyasətçiyə verilib.

Vəkil Aqil Layıc daha bir vəsatət qaldırıb ki, Almaniyaya gedib, orada vətəndaşlıq almaq üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verdiyini deyən Elşən Hüseynovun son iki ildə hansı daşınmaz əmlakı, avtomobili satıb-satmaması araşdırılsın, bu məqsədlə müvafiq qurumlara sorğu göndərilsin:

“Keçən məhkəmə iclasında ifadə verəndə dedi ki, “Range Rover”imi satıb, 25 min avronu düzəltmişdim. Görək bu adam düz danışır, yoxsa yox. Sonra dedi ki, torpağım vardı, bir hissəsini satmışdım”.

Elşən Hüseynov bildirib ki, son iki il ərzində etibarnamə ilə 20-yə qədər avtomobil satıb və bunun baxılan cinayət işinə aidiyyəti yoxdur.
Aqil Layıc həm Dövlət Yol Polisi İdarəsinə, həm də notarial qaydada etibarnamə verib-vermədiyini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyinə sorğu göndərilməsini istəyib.

“İfadələrində yazır ki, yazıq adamam, pulunu mənə verdiyinə görə müalicə oluna bilmir. Burada isə deyir ki, pul mənim üçün problem deyildi, nə qədər maşını, evi var. Əlbəttə ki, hamısı yalandır, o, ümumiyyətlə, heç bir pul verməyib”, – Tofiq Yaqublu bildirib.
Müdafiə tərəfinin vəsatəti təmin olunub – məhkəmə müvafiq qurumlara sorğular göndərəcək.
Tofiq Yaqublu və vəkili suallar qeyd olunmuş vərəqlərin alındığını və bu səbəbdən prosesi davam etdirməyə hazır olmadıqlarını bildirərək, məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə prosesi avqustun 23-nə qədər təxirə salınıb.

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30.sutkalıq həbs olunub.

Ana səhifəSiyasətTofiq Yaqublu: “Sənədlərimi, qələmimi belə əlimdən alıblar ki, gəlib burada nəsə yazmayım”