close

Səhv babaların, cəza nəvələrin

İsrail. Foto: Nick Beer/shutterstock

Zərdüşt Əlizadə

Kimsə deyir…

İsrail ilə HƏMAS arasında gedən müharibədə hər iki tərəfdən mülki insanların qırılması bütün dünyada ağrı və qəzəb doğurur. Kimsə əsasən yəhudilərə, kimsə əsasən ərəblərə, kimsə bütün həlak olanlara acıyıb yas tutur.

Etiraf edək ki, bu qanlı hadisələrə tam laqeyd qalanlar da var, onların vecinə deyil, harada nə qədər insan qırılır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

“Nə üçün” sualı yenidən gündəlikdən düşmür, Fələstin tarixini azca bilənlər bilməyənlərə bu yaxın tarixi şərh edirlər. Nəzərə alsaq ki, sayı yüz milyonlarla ölçülən ərəblər sayı heç on milyonu ötməyən yəhudlərə mütəmadi məğlub olur, hamını bir vacib sual düşündürür: ərəblər nə vaxt və hansı strateji səhvə yol veriblər?

Kimsə inamla deyir: ərəblər ingilis casusu Lourensə inanıb Birinci cahan müharibəsi zamanı müsəlman xəlifəsi Osmanlı sultanına qarşı üsyan qaldıranda, xaçpərəst Antantanın tərəfində döyüşəndə, həmin bu indi də onları zəlil edən ən mühüm strateji səhvə yol veriblər.

Kimsə qətiyyətlə deyir: BMT-nin Fələstində iki – ərəb və yəhudu – dövləti yaradılması barədə 1948-ci il qərarını pozub İsrailə qarşı müharibəyə başlamış və basılmış dar düşüncəli ərəb məlikləri indiki aramsız faciənin əsasını qoymuşlar.

Kimsə bilicitək deyir: 1967-ci ilin iyun ayının 4-də müharibə ərəfəsində olan Misrin silahlı qüvvələrinin generalları Hava Qüvvələrinin Komandanı Şəms Bədranın qızının toyuna yığışıb şənlənəndə İsrail pilotları artıq öz döyüş təyyarələrində əyləşib “Qalxın” əmrini gözləyirdilər.

İyunun 5-dən 10-una qədər davam etmiş altıgünlük müharibədə İsrail üç ərəb dövlətinin silahlı qüvvələrini darmadağın etdi və ərəblərin qara günləri bu vaxtdan başladı.

Kimsə çoxbilmiş kimi deyir: 1973-cü ilin oktyabr ayının 6-da uğurla başlamış Ramazan müharibəsinin məcrasını Misrin satqın prezidenti Muhamməd Ənvər əs-Sadat İsrailin və ABŞ-ın xeyrinə dəyişdirib öz ölkəsinə məğlubiyyət gətirməsəydi, ərəblər qalib gəlib Fələstin qəziyyəsini həll edəcəkdi.

Kimsə yana-yana deyir: bir-biri ilə boğuşan və çəkişən ərəb liderləri İsrailin felinə uyub Fələstin ərəblərini parçalamasaydı, indi Oslo razılaşmasına uyğun olaraq yəhudu İsrail dövləti ilə yanaşı ərəb Fələstin dövləti də yaşayacaqdı.

Kimsə hiddətlə deyir: özününzü aldatmayın və yormayın, dünyanı idarə edən gizli, fəqət qüdrətli qurumlar və insanlar bütün bu hadisələrin seyrini çoxdan müəyyənləşdiriblər, xalqlardan heç nə asılı deyil, insanlar göyə də çıxsa, yerə də düşsə, həmin bu dünyanın gizli ağaları istədiklərinə çatacaqlar.

Bax, müsəlman gərək əvvəlcə bu məsələnin həllini tapsın, qalan məsələlər sonra asanlıqla öz həllini tapacaq.

Kimsə soyuqqanlı deyir: Qərb dünyası İsrail ilə əlbir olub müsəlman dünyasını əzir və özünə tabe edir. İnanmırsınız? Baxın İsrailə qarşı müqavimət göstərən dövlətlərin və liderlərin taleyinə. İsrailə qarşı əsas döyüşən dövlət və lider kim idi? Misir və Cəmal Əbdül Nasir. Nə oldu? Nasiri  məharətlə aradan götürdülər, Misiri ram və kölə etdilər, Misir çıxdaş oldu. İsrailə barışmaz düşmən İraq prezidenti Səddam Hüseyn idi. Nə oldu? Saxta kütləvi qırğın silahı bəhanəsi ilə başda ABŞ olmaqla Qərb dövlətlərinin koalisiya orduları İraqa hücum etdi və Səddamı asıb İraqı viranə qoydu. İsrailə güzəştə getməyən əl-Ğəzzafi (Qəddafi) öldürüldü, onun zəngin və firavan Liviya dövləti demokratik Avropa dövlətləri tərəfindən bombalanıb dağıdıldı, parçalandı. İsraili tanımayan Sudan demokratik Qərbin səyi ilə parçalandı və zəlil oldu. İsrailə müqavimət göstərən Suriya tarmar olub, bir birilə çəkişən dövlətlərin cıdır meydanına çevrilib. İsrailə müqavimət göstərən Livanı xarabazara çeviriblər. İsrail iddialarını qəbul etməyən İranı 44 ildir şeytan kimi qələmə verib iqtisadi məngənədə sıxırlar, sındırmaq istəyirlər. Fələstin əhalisinin hüquqlarını müdafiə etməyə cürət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qərbin satqın mediası diktator adlandırıb qaralayır.

Kimsə ağrıyaraq deyir: günahı özümüzdə axtaraq! Bütün dünyanın zalım təqibindən qurtulmaq üçün yığışıb səhra Fələstinə pənah gətirmiş yəhudi xalqı aramsız müharibələr şəraitində 70 il ərzində bu torpaqda dünyanın ən qüdrətli və səmərəli dövlətini qura bildi.

Baxın İsrail elminə! Baxın İsrail təbabətinə! Baxın İsrailin kənd təsərrüfatına! Baxın İsrailin mükəmməl ictimai təminatına! Baxın İsrailin mütərəqqi sənayesinə, onun “Merkava” tankına, onun “Uzi” avtomatına, onun zenit raketlərinə, onun dronlarına, onun qırıcı təyyarələrinə, nəhayət, onun atom bombasına! Baxın və müqayisə edin son 70 ildə trilyonlarla dollar qazanmış ərəb dövlətləri ilə müqayisə edin və düşünün, nəticə çxarın.

Kimsə məyusluqla deyir: yazıq müsəlman nə etsin? Bütün müsəlman dövlətlərində təxti-tac Qərbə nökərçilik edən millətə yad məliklərin əlində, itaət etməyən tapılan kimi onu əzib devirirlər. Müsəlman bic deyil, müsəlman gic də deyil, müsəlman münasib mühitə düşəndə, öz istedadını göstərib hətta Nobel mükafatı da ala bilir.

Di gəl müsəlman öz doğma ölkəsində münasib mühit yarada bilmir.
Bax, müsəlman gərək əvvəlcə bu məsələnin həllini tapsın, qalan məsələlər sonra asanlıqla öz həllini tapacaq.

Ana səhifəMənim FikrimcəSəhv babaların, cəza nəvələrin