close

57 fələstinli bombalanmanın qurbanı oldu

Qəzza. Foto: Reuters

Rəfahda bir evə hava hücumu nəticəsində 5 fələstinlinin həlak olduğu bildirilir

İsrail qüvvələri iyulun 16-da Qəzza zolağının bir neçə bölgəsində HƏMAS döyüşçülərilə vuruşub.

Fələstin səhiyyə rəsmiləri İsrailin cənub və mərkəzi bölgələri bombalaması nəticəsində 57 nəfərin öldüyünü açıqlayıb.

Həmçinin cənub sərhəddində yerləşən Rəfahda bir evə hava hücumu nəticəsində 5 fələstinlinin həlak olduğu bildirilir.

Yaxınlıqdakı Xan Yunisdə bir kişi həyat yoldaşı və iki uşağının öldürüldüyünü söyləyib.
Bundan əlavə, İsrailin Qəzzanın cənubundakı Xan Yunus bölgəsində bir avtomobilə endirdiyi hava zərbəsi nəticəsində azı 17 fələstinli həlak olub, 26 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyi bildirib ki, hava hücumu humanitar təyinatlı Əl-Məvasi bölgəsindəki Attar küçəsində məcburi köçkün ailələrinin məskunlaşdığı çadır sahəsinin yaxınlığına endirilib.

İsrail ordusu bildirib ki, zərbə HƏMAS-ın müttəfiqi olan İslami Cihad qruplaşmasının yüksək rütbəli silahlısını hədəf alıb.

“Zərbə nəticəsində bir neçə mülki şəxsin xəsarət alması ilə bağlı xəbərləri araşdırırıq”, – hərbi bəyanatda deyilir.

“Reuters”-in görüntüləri sakinlərin ölü və yaralıların cəsədlərini eşşək arabalarında və rikşalarda xəstəxanalara apardığını göstərir.

2023-cü ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb. Həmin vaxt baş verən qarşıdurmada 1200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri həyatını itirib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 38 min nəfərin həlak olduğu bildirilir. Ölənlərdən neçəsinin döyüşçü, neçəsinin dinc sakin olduğu deyilmir.

Müharibə sahilyanı Fələstin ərazisində humanitar fəlakətə səbəb olub, 2.3 milyon əhali, əsasən, didərgin düşüb, ərazidə irimiqyaslı aclıq başlanıb.

Ana səhifəDünya57 fələstinli bombalanmanın qurbanı oldu