close

DİN görüntülərə aydınlıq gətirdi: “Vətəndaş aqressiv davranıb”

Daxili İşlər Nazirliyi. Foto: DİN

Qurum təzyiqə məruz qalan şəxsin cərimələndiyini deyir

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti polis əməkdaşının vətəndaşın cibinə narkotik atdığı iddia edilən görüntülərin 5 il əvvələ aid olduğunu deyir.

Qurumun media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov hadisənin Sabunçu rayonunda qeydə alındığını bildirib.

Onun sözlərinə görə, ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.

“Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb”, – məlumatda deyilir.

Kollaj: Meydan TV

“Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir”, – Anar Qafarov vurğulayıb.

Videoda vətəndaşa zor tətbiq edən şəxsin polis kapitanı Bəxtiyar Abbasov olduğu deyilir. DİN-in məlumatından fərqli olaraq görüntülərdə vətəndaşın aqressiv davranışı sezilmir. Əksinə, o, əllərini qaldırıb təslim olsa da, zorakılığa məruz qalır. Abbasovun Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işlədiyi bildirilir. Ona vaxtından əvvəl polis kapitanı rütbəsi verilib. Bəxtiyar Abbasov mitinqlərdə də müxaliflərə zorakılıq edərkən görüntülənib. DİN-in açıqlamasında onun adı qeyd olunmur.

Ana səhifəSosialDİN görüntülərə aydınlıq gətirdi: “Vətəndaş aqressiv davranıb”