close

Cəmiyyətin memarları

Foto: president.az

Zərdüşt Əlizadə

Deputatlığa namizədlər çox sərt yoxlamadan keçirlər

Cəmiyyətləri öyrənən insanlar var və bu peşə sahiblərinə sosial antropoloq, yəni insanların ictimai davranış təzahürlərini öyrənən mütəxəssis deyirlər. İndiyədək bu peşə sahibləri müxtəlif xalqların müxtəlif tövr insanlarını və müxtəlif  inkişaf səviyyəli cəmiyyətlərini öyrənib, müəyyən ümumi nəticələrə gəliblər. İstəyən gedib Lebonu, Tardı və ya Seqeleni tapıb oxuya bilər.

Oxusa, biləcək ki, insan cəmiyyəti müxtəlif tövr məxluqatdan ibarətdir. Oxuyub nəsə anlasa, yadına düşəcək ki, onunla bir həyətdə yaşayıb-oynamış, onunla bir sinifdə oxumuş və ya onunla əsgərlikdə bir hissədə qulluq etmiş insanların hərəsi bu kitablarda təsvir edilmiş müxtəlif tövrlü məxluqata aiddir. Yəni, sosial antropoloqların təsnifatına uyğun olaraq, cəmiyyətin əksəriyyəti mücərrəd düşüncə qabiliyyətindən tam məhrum məxluqatdır və onlar öz həyatını ibtidai tələbatını ödəmək xatirinə və instinktlərinə tabe olaraq sürürlər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Müxtəsər, belə məxluqun həyatı qida və törəmə tələbatını ödəmək və digərlərin üzərində ağalıq etmək istəyindən kənara çıxmır. Eynilə bütün canlı məxluqatda, məsələn, uzağa getməyək, meymun sürüsündə və ya şir ailəsində olduğu kimi, insan cəmiyyətinin üzvləri də bir-birilə münasibətini əsasən bu üç sütun – qida, cinsi əlaqə və ağalıq istəyi – üzərində qurur.

Azərbaycan atalar sözü deyir ki, “bir ayının min oyunu bir armudun üstündədir”. Mərhum dostum Vanyan bu məsəlin erməni mislini mənə belə söyləmişdi: “Ayının bütün nəğmələri bala həsr edilib”.  Bəşəriyyətin öyrənilmiş tarixi cəmiyyət üzvlərinin mütləq əksəriyyətinin bu bəsit üçbucaqdan kənara çıxmadığını sübut edir. Bəli, nə qədər kədərli səslənsə də, bəşəriyyət tarixini hərəkətə gətirən əsas ilham mənbəyi onu həmin bu üç – qida, seks və ağalıq – məhvəri ətrafında fırladır.

Bu tövr bəsit insanların cəmiyyətdə nisbi çəkisi, deyilənə görə, 99%-dir. Yəni, insan və xalq dedikdə, məhz onlar nəzərdə tutulur.

Lakin 1% istisna var. Həmin bu mütləq azlıq mücərrəd düşüncə qabiliyyəti olan insanlardır ki, onlar həm də kainat, təbiət, bəşəriyyət və xalqın taleyi barədə düşünürlər və ümumun rifahını öz qayğısı sayırlar. Bəzən isə xalqın qayğısını öz qayğısından əziz tuturlar. Onlarsız bəşəriyyət inkişaf edə bilməzdi. Dünyanın bütün elmi ixtira və kəşflərini həmin bu 1% edib: təkərdən və yelkəndən tutmuş peykə və İnternetə qədər. 1% icad edib, 99% bundan istifadə edir.
Halal xoşları olsun, bu 1% elə buna görə cəfa çəkirdi ki, səfasını hamı görsün.

Cəmiyyətlərin inkişaf səviyyəsi cəmiyyətin bu 1%-i tapıb onlara yaradıcılıq üçün münasib şəraitin təmin edilməsindən asılıdır. O cəmiyyətlərdə ki, həmin bu 1%-in qədri bilinir, onlara zəruri şərait yaradılır, ümumi inkişaf da, 99%-in rifahı da təmin edilir. Harada ki, bu 1%-n qədri bilinmir… Bax müsəlman ölkələrinin gününə-güzəranına.

Azərbaycan cəmiyyətinin memarları, digər sabiq sovet dövlətlərində olduğu kimi, cəmiyyətin aparıcı şəxslərini həmin bu 99% tövrlü insanların arasından seçib çalışırlar ki, hakim siyasi sinfə nəbadə bu 1%-dən kimsə düşsün. Bu 1% maya kimi bir şeydir, xəmirə düşsə, onu qıcqırda bilər. Xəmir qalxar və daşıb qabından kənara tökülər. Buna isə əsla yol vermək olmaz.
Hər kəsin ayağı yalnız yuxarının biçdiyi və sırıdığı yorğana uyğun uzadıla bilər.

Bu köşəni bu yaxınlarda keçirilməsi nəzərdə tutulmuş Milli Məclis seçkiləri münasibətilə yazıram. Açıq söyləsək, bizim bu Milli Məclis zavallı bir qurumdur və ondan demək olar ki, heç nə asılı deyil. Konstitusiyanın müdrik sifarişçisi onun müəlliflərinə elə bunu tapşırmışdı: deputat buyruq qulu olmalıdır, cınqırını çıxarmaq üçün icazə istəməlidir. Müxtəsər, bizim milli parlamanın hekayəti o qədər ağlamalıdır ki, onu söyləmək üçün insan azı saz götürüb Aşıq Ələsgər olmalıdır.

Lakin yuxarı səfə yönələn, qohum və dost olmayan adi adamlara müyəssər dar cığır Milli Məclisdən keçir. Bu dar cığırın keşiyində durub Prezident Aparatının ayıq-sayıq keşikçiləri, əllərində  seçki üçün hələ şanlı Sov.İKP dövründə yazılmış təlimatlar. Hər deputat olmaq istəyəni salırlar bu təlimat süzgəcinə, çapalayıb üzüb çıxsa, adı salınır mübarək siyahıya, keçməsə, ona qalır hədər zəhmət və ömürlük tənə və peşmançılıq.
Bu təlimatlarda çox sərt meyarlar var. Məsələn, ən əsas tələb itaət etmək qabiliyyətidir.

Azərbaycan insanı adlanan nəhəng mərmər qayadan yonub-yonub elə bir nümunəvi deputat heykəli yaradırlar ki, bu heykəli adam arasına çıxarmaq da mümkün olsun, əmr veriləndə, beş il ərzində ağzını açıb bir söz də deməsin və ya yuxarının göstərişi ilə nəyi demək lazımdır, desin. Məhz bu səbəbdən Milli Məclisə salınmış Allah bəndələri orada bəzən 30, bəzən 20, çox vaxt isə azı 10 il otururlar.

Hakimiyyət öl desə, ölərmi? Sus desə, susarmı? Filankəsin başını kəs, kəsərmi? Ağa qara deyə bilərmi? Bəs bir dəqiqədən sonra, yuxarının dəyərli göstərişi ilə, qaraya ağ deyə bilərmi?
Deputatlığa namizədlər çox sərt yoxlamadan keçirlər. Məsələn, həssas cihazlar onların sifətinin rəngini yoxlayır. İmtahan edən məsul şəxs deputatlığa namizəddən soruşur: Azərbaycanda qanunların aliliyi varmı? Əgər namizəd “var” deyəndə sifəti azca allanırsa, beləsi yaramır. Keçid imtahanına tapşırıqla gəlmiş deputatlıq aşiqinə kömək məqsədilə yardımçı sual da verilə bilər: polisin xub kötəklədiyi vətəndaş məhkəməyə müraciət etsə, onun ədalətli qərara nail olmaq şansı varmı? Əgər “var” desə, ona ta ölüm yoxdur, yeri parlamandır.

Bəli, dövlətin sabitliyini qoruyub saxlamaq asan iş deyil, camaatı başına buraxsan, ölkə 1988-1993-cü illərin dərəbəylik dövrünə qayıdar. Deputatlığa seçim məsələsində qərar verən şəxs siyasətçi və ya psixoloq deyil, sadəcə cərrah və ya qəssab olmalıdır, kəsəndə, qətiyyətlə kəsməlidir.

Elə bilirsiz, hakimiyyətdən deputat olası namizədi müxalifətdən deputat sayılası namizəddən seçmək asandır? Əsla yox, hər ikisini seçmək eynilə çətindir. Çətinliyin səbəbi bir çox halda milli kadr potensialının hakimiyyətin standartlarına uyğun gəlməməsidir. İlk baxışdan azərbaycanlılar sanki eynidirlər, lakin onlardan istifadə etməyə başlayanda məlum olur ki, aralarında böyük fərq var. Cəmiyyətin memarları məcbur olub bu kadr potensialı üzərində böyük zəhmət çəkməli olurlar. Azərbaycan insanı adlanan nəhəng mərmər qayadan yonub-yonub elə bir nümunəvi deputat heykəli yaradırlar ki, bu heykəli adam arasına çıxarmaq da mümkün olsun, əmr veriləndə, beş il ərzində ağzını açıb bir söz də deməsin və ya yuxarının göstərişi ilə nəyi demək lazımdır, desin. Məhz bu səbəbdən Milli Məclisə salınmış Allah bəndələri orada bəzən 30, bəzən 20, çox vaxt isə azı 10 il otururlar.

Qaldı seçki əməliyyatının özünə, bizim ölkədə bu, çox rəvan gedir. Əvvəla ona görə ki, əhalinin 80%-i seçki nədir, bilmir və maraqlanmır. Evdə bişməyib, qonşudan gəlməyib. Seçki, bizim vətəndaşın fikrincə, hakimiyyətə lazım olan məchul məqsədli bir mərasimdir, ona isə əsla lazım deyil. Bu səbəbdən bizim vətəndaş dəyərli vaxtını seçki kimi əhəmiyyətsiz işlərə sərf etməz. Baş qoşmaz, baş ağrıtmaz. Müxtəsər, seçki məntəqəsinə gedib özünü yormaq əvəzinə masa arxasında oturub bir stəkan pürrəngi çay içmək kişiyə daha çox yaraşır. O biri tərəfdən, azərbaycanlı çox gözəl bilir ki, səs verdin, ya vermədin, qutudan hakimiyyətin istədiyi adam çıxacaq. O biri tərəfdən, tutaq ki, deputatı özün seçdin, bu bədbəxt ya xoşbəxt deputat nə edə bilər ki? Ağzı nədir ki, nə isə etsin? Düşər Quskanın (keçmiş deputat Hüseyn Abdullayev nəzərdə tutulur – red) kökünə.

Ən yaxşısı budur, insan belə-belə işlərə baş qoşmasın. Adam gərək öz hörmətini saxlasın.
Qaldı gələn seçkilərə, hakimiyyət indidən lazımi tədbirləri görməyə başlayıb. Məsələn, İsa Qəmbər Musavatın başqanlığına qayıdıb. Müsbət əlamətdır, deyilmi? Musavatın iki namizədini parlamana buraxacaqlar, anaş müxalifət partiyası  Avropanın üzünə durub şax deyəcək ki, seçki ədalətli keçdi. Həm Avropa çığallarının səsi kəsiləcək, həm də iki ailənin beş il qəm-qüssəsi azalacaq. Necədir sizin üçün, milli seçki texnologiyası işləyirmi?

O biri tərəfdən, hakimiyyət Qubad İbadoğlunu qazamatdan bayıra boşladı. Müsbət əlamətdir? Şübhəsiz, bu addımı ilə hakimiyyət bir daha sübut etdi ki, dövlətimizdə demokratiyaya doğru güclə də olsa,  sezilən bir meyl var. Bu meyli sezməmək üçün insan gərək tam kar və kor olsun.
Bu dəfəki seçkilərdə deputatların siyahısında ingilisdilli namizədlərin sayı rusdilli deputatların sayından çox olacaq, yəni Azərbaycan Avropaya sarı bir köynək yaxın duracaq.

Düşünmürəm ki, onların sırasında korrupsiyaya aludə şəxslərin sayı azalsın, zira ən dəqiq elmi araşdırmalar sübut edib ki, əcnəbi dilin şərqli ya qərbli olmasından asılı olmayaraq, bizim insanlar milli dəyərlərə eyni sayğı ilə yanaşırlar.

Çox güman ki, zənən məxluqunun sayı da bir neçə nəfər artacaq. Neynək, qoy gender keşikçiləri sevinsinlər.

Hələlik cəmi-əhli -Azərbaycan diqqətini cəmləyib həm Qarabağ düyününün açılmasında, həm də bizim “Qarabağ” futbol klubunun böyük intizarla gözlənilən gələcək qələbələrində. Hər ikisi millətin ruhunu, əsas üç insani tələbatını ödəməyə yönəlib.
Allah xeyirli eləsin.

Ana səhifəMənim FikrimcəCəmiyyətin memarları