close

Qaçaq jurnalistika

Foto: arxiv

Xaliq Bahadır

Birinci epizod

Azərbaycanda qaçaqlığın tarixi uzaqlara gedib çıxır. Qaçaqlıq başlıca olaraq öncələr feodalizm dönəminin, sonralar vəhşi kapitalizmin ortaya çıxardığı fenomenlərdəndir. Türk ellərində adına böyük bir epos bağlanmış Koroğlu bizim qaçaqlıq ağsaqqallarımızdandır. Koroğlu Altaydan Aralıq dənizinədək çox geniş coğrafiyada yayılan, sevilərək anılan qaçaq obrazıdır. Koroğlunu sözügedən böyük coğrafiyada tanıdan, yüzilliklər boyunca xalqa sevdirən onun qanunsuzluqla, feodal dərəbəyliyi ilə barışmazlığı, barışmaz çarpışması olub. Koroğlu 7777 qaçaq yoldaşları – dəliləriylə əli çatan, ünü yetən yerlərdə hüquqsuz xalqın hüquqlarını qorumağa çalışıb.

Foto: Xaliq Bahadırın şəxsi arxivindən

Bilindiyi kimi, yaxın illərin birində Bakıda Koroğlunun at üstündə anıtı yapıldı. Yeri gəlmişkən, demək gərəkir: görünüş, eləcə də ekspressivlik baxımından o Qırat da, o Koroğlu da dastanda göstərildiyindən çox sönükdür. Ancaq indilikdə bizim üçün önəmlisi bu deyil, anıtın açılışı ilə bağlı çıxışında prezident İ.Əliyevin dediyidir:

 “Koroğlu layiqli vətəndaş olub”.

Doğrudan da belədir: Koroğlu yuxarıda da deyildiyi kimi, oğurluqla, xalqı soyub yağmalamaqla varlanmış hökumət adamlarıyla sonadək savaşda olub, onların qanunsuzluqla əldə etdikləri var-dövləti alıb elə onların yoxsullaşdırdığı xalqa paylayıb. Bax, bu baxımdan Koroğlu gerçəkdən LAYİQLİ VƏTƏNDAŞ olub. Ölkədəki qanunsuzluqlara, məmur özbaşınalığına dözməmək, hansı yollarlasa o qanunsuzluqlara, o özbaşınalıqlara qarşı çıxmaq doğrudan-doğruya LAYİQLİ VƏTƏNDAŞ olmaq deməkdir. Kimliyindən asılı olmayaraq bir prezidentin doğru-düzgünlük yolçusu olmuş, ölkədə doğru-düzgünlüyə çalışmış Koroğlunu LAYİQLİ VƏTƏNDAŞ adlandırması faktı da LAYİQLİ VƏTƏNDAŞ olmağa çağırış deməkdir. Ancaq biz günümüzün gerçəyində konkret davranış baxımından o çağırışın bütünlüklə tərs üzü ilə qarşılaşırıq…

İkinci epizod

Çar Rusiyasının ağalığı dönəmində, 19-cu yüzilin sonları, 20-ci yüzilin başlanğıc çağlarında, Azərbaycanda qaçaqlıq geniş yayılmışdı. Onun nədənini, bəlkə də, ən yaxşı Vasili Veliçkonun “Qafqaz” yapıtından öyrənirik.

Jurnalist, tarixçi, etnoqraf Vasili Lvoviç Veliçko 19-cu yüzilliyin sonlarında, 20-ci yüzilliyin ilk illərində Qafqazda yaşamış, bu yerlərin tarixsəl keçmişiylə yaxından ilgilənmişdi. Tiflisdə çıxan “Qafqaz” qəzetinin redaktoru olarkən Qafqazı qarış-qarış gəzən Veliçko yerli xalqların gələnək-görənəklərini, yaşam düzənini, yaşayış özəlliklərini dərindən öyrənib genəl sonuclar çıxarmaqla onlarla bağlı dəyərli tanıtım yazıları yazmışdı. O yazılarda Azərbaycan qaçaqları, qaçaqlığı doğuran sosial-politik gerçəkliklə bağlı yetərincə obyektiv, doğru-düzgün bilgi verilir.  “Soyğunçuluq”, “Məişət şəraitinin dözülməliyi” bölümlərində (s.139-148) bizim mövzumuzla bağlı çox ilginc bilgilər var. Qafqaz xalqlarını ayrı-ayrılıqda xarakterizə eləyən yazar Azərbaycan türklərinə, indiki adlandırma ilə desək, azərbaycanlılara, olduqca yüksək dəyər verir, qanunçu hökumət, düzgün yönətim, başqa sözlə, düzgün idarəetmə olan yerdə bu xalqın çox dəyərli, çox güvənli toplum ola biləcəyini deyir. Ancaq, nə yazıqlar, hakimiyyətdə qanunçuluq, yönətimdə düzgünlük yoxdur. Düzgünlüyü çox sevən doğruçu xalq addımbaşı yalançı, oğru-rüşvətxor məmurlarla qarşılaşır, doğru-düzgünlüyü üzündən barışa bilmədiyi durumla üzləşərək darlıq içində qalır, sonra da salındığı o darlıqdan qurtuluş yollarını aramalı olur.

Jurnalist Qafqaza köçürülüb gətirilən gəlmələrin (o, belə də yazır: “gəlmələr”) – ermənilərin rüşvətlə ələ aldıqları çar məmurları ilə birgə azərbaycanlılara böyük sıxıntılar yaratdıqlarından söz açır. Beləcə, azərbaycanlılar ikiqat basqı altında yaşamalı olurlar. Ermənilər çar məmurlarıyla danışıb-bitişərək azərbaycanlıların dədə-baba torpaqlarını, mülklərini əllərindən alır, iş gedib məhkəməyə çıxanda rüşvət qanunu üstələdiyindən qazanan erməni, itirən azərbaycanlı olur. 

Veliçko istər Gürcüstanda, istərsə də Azərbaycanda qaçaqçılığın geniş  yayılmasının subyektiv, obyektiv nədənlərini göstərir. Subyektiv nədənlər yerli xarakterin doğurduğu görsənişlərdir: özündən tez çıxma, qızğınlıq, savaşa yönəliklik, qanunsuzluğa dözməmək. Obyektiv nədənlər qanunçuluğu başda tutan dövlət hakimiyət sisteminin yoxluğu, dövlət yönətimində rüşvətxorluğun geniş yayılması, məmur özbaşınalığı olaraq göstərilir. İtigözlü, ayıq yazar Qafqaza köçürülmüş ermənilərin burada çar məmurlarını satın alaraq qanunsuz yollarla varlanıb azğın sümürgəçilərə çevrildiklərini, bununla yerlilərdə hökumətə qarşı kəskin acıq doğurmaqla bir yandan da onların qaçaqçılığa nədən olduqlarını göstərir. Qanunsuz yollarla yerlilərdən kimlərinsə mal-mülkü, kimlərinsə torpaqları ələ keçirilir.

Kitabında çağının bir sıra tanınmış qaçaqlarının adını çəkən Veliçko Alay bəy Mursaqulov adlı qaçaqdan ayrıca söz salır. Onun adını çəkdiyi qaçaqlar uzun müddət ələkeçməz olmuş, çar hökumətinin onlarla çarpışması illərlə uğursuz olmuşdu. Bu isə yalnız onların qorxu-hürkü bilməyən üstün qəhrəmanlıqlarına görə deyil, bəlkə, daha çox xalqın onlara sevgisinə görəydi. Onlar soyğunçuluq edir, rüşvətxorluğu, özbaşınalığı ilə ad çıxarmış dövlət məmurlarını öldürür, varlıların – bütün varlıların deyil, azğın varlıların – varını əllərindən alıb xalqa paylayırdılar. O üzdən xalq bacardıqca onları qoruyur, onlara arxa dururdu. Tarixçi yazar Alay Mursaqulov başda olmaqla, adını çəkdiyi qaçaqlarla bağlı yazır:

“Bu adamlar avara-uvara soyğunçular deyildilər, tərsinə, tapdalanmış haqq-ədalət uğrunda savaşanlar idilər. Onlar xalqı əzənləri soyur, öldürürdülər, bununla da bir yandan öz tayfalarının mənəvi istəklərini yerinə yetirir, o biri yandan qəhrəmanlıq, qoçaqlıq göstərərək xalq yaradıcılığının parlaq örnəklərinin yaranmasına nədən olurdular.

Onların qaçaqlığı hərdən əfsanəviliklə, hərdən alicənablıqla, hərdən çox incə yumorla dilə düşürdü. Örnək olaraq Alay bəy Mursaqulovu göstərə bilərik. O, bir neçə dəliqanlı ilə birgə 100 nəfərlik, eləcə də çoxli yaraqlı adamın oturduğu dilican karvanını soymuşdu. Alay bəy qadınları, uşaqları incitməyi adamlarına qadağan etmişdi. Bir neçə yol isə qadınların daş-qaşlarının sevimli anılarla bağlı olduğunu bilib, yiyələrinə qaytarmışdı. Kərəm soyğun yoluyla əldə etdiklərinin çoxunu ardıcıl olaraq yoxsullara paylayırdı. O, olduqca ürəkli, ələkeçməz idi. Bir qəza rəisi nəyin bahasına olur olsun Kərəmi tutmağı kəsdirmişdi. Kərəm bir ay boyunca, sözsüz, yerli polisin aşağı rütbəlilərinin əlbirliyi ilə qəzada zirək inzibatçının çaparları, keşikçiləri arasında at səyirtmişdi”.

Veliçkonun yazdığına görə, Alay bəy Mursaqulov başqa ataman qaçaqlar kimi peşəkar deyil, olayların doğurduğu görsənişlər nədəniylə qaçaq olub. O, diyarda sayılıb-seçilən ağa ailəsindən çıxmışdı, gimnaziyada oxumuşdu, rus dilində gözəl danışırdı. Özəlliklə mədəni adam idi. Ata-baba mülkünün itirilməsi ilə qurtaran qurama bir məhkəmə işi onun bədbəxtiliyinin özülünü qoymuşdu. Məhkəməni udan adam Mursaqulovun nişanlısını da qaçırmışdı. Alay bəy öc almaq üçün onu öldürmüş, Sibirə sürgün olunmuş, ordan qaçıb gələrək soyğunçu dəsətənin başında durmuşdu. Veliçkoya görə, yerli düşüncə, dəliqanlılıq, yaşam ortamı, başqa yüngülləşdirici faktorlar gözə alınmaqla çağında onun suçundan keçilsəydi, onu harasa uzaq bir yerə ordu sıralarına aparsaydılar, o, dövlət üçün çox dəyərli adam olardı.

Bütün işlər anlamsız formalizmlə korlanmış, ortaya Qafqaz hakimiyyətinin sivil yolla öhdəsindən gələ bilmədiyi soyğunçu çıxmışdı”,- Veliçko yazır. Alay bəy özü üçün güvənli saydığı Türkiyəyə getmiş, pulla ələ alınıb Rusiyadan göndərilmiş keçmiş yoldaşlarından birinin əliylə orada öldürülmüşdü.              

Biz toplumsal düşüncə, toplumsal gəlişmə baxımından çağdaş açun bilimindən, çağdaş açun texnologiyalarından çox uzaqdayıq. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya faktlarının dövlət politikasına dönüşdüyü ölkədə başqa sayaq ola da bilməz!  

Çar hakimiyyəti bizi “tatar” adlandırırdı, Veliçko bizi “tatar” adlandırmaqla yazır:

“Rusca danışa bilməyən tatar rəiyyəti heç bir yalandan, heç bir zorakılıqdan heç bir qorxulu yanlışdan qorunmur. O, bir təpənin başında dinməzcə otura, öz sürüsünü otara, kabab bişirə bilər, bu arada isə qanun-qayda yanlıları çaparaq gələrlər, onu güllə ilə vurub, qənimət kimi pristavın yanına apara bilərlər. Pristav ildə iki yol  ondan qoyun, başqa “peşkəş” aldığı üçün onu üzdən tanıyır. Ancaq pristav onun ölüsünü qəza rəisinə göndərər, bəlkə, o da öləni tanıyar, axı ondan sayğılı şəhər məmuruna aparmaq üçün oğurluq at alıb. Ancaq çobanın ölüsünü rəhbərlik üçün bilgi göndərilən quberniya şəhərinə aparırlar, qəzetlərə isə “mühüm rayonun əhalisini vahiməyə salan qorxulu qaçaq İbrahimoğlunun yerli qoruma dəstəsinin atlıları ilə quldurlar arasında atışmada öldürülməsi” ilə bağlı teleqram göndərilir”.

Xarakter keyfiyyətlərinə görə azərbaycanlılara yüksək dəyər verən tarixçi yazar hakimiyyətdə bu xalqla bağlı mədəni baxışın formalaşmadığını bildirməklə yaradıcı iş içün böyük, önəmli bir sahənin şumlanmadığını söyləyir. Veliçkonun  düşüncəsinə görə, “yaranışdan doğru-düzgün, qanunsevər, eləcə də çox bacarıqlı olan Azərbaycan türklərinə gərəyincə təhsil, təlim-tərbiyə verəcək məktəb gərəkdir. Belə məktəblər olarsa, bu xalq dünyanın ən dəyərli xalqlarından biri olar. Damarlarında coşqun türk qanı gəzdirən azərbaycanlılar elə bil anadan ordu adamı – döyüşçü olaraq doğulurlar. Belə yerdə uyğun dövlət politikası, eləcə də bu gözəl xalqa üstün yaranış özəlliklərinə uyğun yanaşma kültürü gərəkir”.

Çar Nikolay dövlət yönətimində geniş yayılmış rüşvətxorluq, satqınlıq faktları ilə bağlı bir gün dilə gəlib acı-acı demişdi: “Vokruq vorovstvo, predatelstvo” (“Hara baxırsan oğurluq, satqınlıq görürsən”) Çar Nikolayın uzaqdan-uzağa gördüklərini xalq eləcə görmür, yaşayırdı: o əzici, üzücü görsənişlər xalqın gündəlik yaşantıları idi…

Üçüncü epizod

Biz ölkə olaraq illərin sayına görə 21-ci yüzildə yaşayırıq, sosial-politik quruluş baxımından isə feodalizmlə kapitalizmin aralığında yaşayan kimiyik. 21-ci yüzil bilgisayar-internet yüzilidir, başqa sözlə, bilimin, texnologiyanın çox yüksək fazaya yetişdiyi dönəm içindəyik. Ancaq bunlar hamısı bizə qıraqdan gələn, iç bilimimiz, iç texnologiyamız olmayan görsənişlərdir. Biz toplumsal düşüncə, toplumsal gəlişmə baxımından çağdaş açun bilimindən, çağdaş açun texnologiyalarından çox uzaqdayıq. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya faktlarının dövlət politikasına dönüşdüyü ölkədə başqa sayaq ola da bilməz!  

Az bir arada ölkəyə gələn çoxsaylı milyardlar bilim, texnologiya baxımından Azərbaycanı təkcə bölgənin deyil, uzaq bölgələrin belə öncülünə dönüşdürə bilərdi. Ancaq antidemokratik, bütünlüklə korrupsioner rejim üzündən ölkəmiz bir çox parametr üzrə ən yaxın qonşulardan – doğal qaynaqlardan yoxsul Gürcüstandan da, Ermənistandan da qat-qat geridə qalır. Rejimin antidemokratik, antihumanist xarakteri dövlətlə birgə toplumu da durğunluq bataqlığına batırıb. Biz indi Sovetlər dönəminin Brejnev “zastoyundan” qat-qat dərin “zastoy” içindəyik. Ölkə getdikcə korrupsiya yükündən qurtulmaq yerinə rejimin vəhşi xarakteri üzündən getdikcə daha çox korrupsiya ilə yüklənir. Batan dövlət qurumlarının, ən başlıcası, təhsil, sağlamlıq sistemlərinin açıq-aydın biznes sisteminə dönüşdürülməyi bir çox baxımlardan sağlam olmayan, dar düşüncəli, istər birey, istərsə də toplum olaraq özünə sayğısız yığın yetişməsinə gətirib çıxarıb. Bunlar, birilərinin düşündüyü kimi, bacarıqsızlıqdan deyil, hakimiyyəti uzun sürə qoruyub saxlama planlarına bağlı özümlü yaradıcılıq örnəkləridir: yararsız təhsil, yararsız sağlamlıq sistemi, yararsız dərmanlar, yararsız ərzaqlar- bunların hamısı sonucda DEGENERAT TOPLUM gerçəyinə gətirib çıxarır.

Azərbaycan bu gün yalan, yaltaqlıq, oğurluq, korrupsiya, monopoliya kimi qorxunc düşmənlərə yenilmiş durumdadır. Başqa sözlə qanunsuzluq, məmur özbaşınalığı, dərəbəylik ölkəni başına götürüb. Rejim pulla ələ ala bildiklərini  pulla, qorxuda bildiklərini qorxudub susdurmaqla özü üçün “gecə qara, cücə qara” ortamı yaratmaqla bildiyini etməyə çalışır. Böyük çoxluğun pulla ələ alınmaqla, qorxudulmaqla susqun qaldığı belə bir durumda ortaya çağın çağırışına uyğun QAÇAQ JURNALİSTİKA çıxır. Başqa sözlə, ortaya bütün relim eybəcərliklərinin kökündə dayanan yalanla barışmayan, barışa bilməyən kimsələr çıxır. Milyonlarla pul tökərək çalışdırdığı çoxsaylı jurnalistlər ordusu, onların buyruq qulu olduqları teleradio, qəzet çoxluğu – rejimin çoxsaylı yalan ordusu qısıt qaynaqla, demək, çox az güclə ortaya çıxan bir neçə gerçəkçi jurnalistə – gerçəkçi jurnalistikaya uduzmuş duruma düşür. Bu isə bütöv bir yalan rejiminin, onun arxasında duran dövlətin, dövlət hakimiyyətinin xırdaca gerçəyə uduzması görsənişini doğurur. Başqa cür desək, arxasında dövlət gücünün dayandığı böyük bir yalan ordusu əliyalın, ancaq  gerçəkçi azlığa uduzur.

Beləliklə, antidemokratik siyasətləri, antihumanist yönətim sistemiylə özünü çıxmaza gətirib çıxarmış rejim çıxış yolunu yalnız qız-oğlan demədən toplu tutuqlamada görür. Darılmağa dəyməz, Moskva Dövlət Universitetinin professoru, filosof Fyodor Girenok yazır:

“Harda ortaya düşüncə çıxırsa, orada olayların, başqa sözlə, görsənişlərin düzəni pozulur. Düşüncə düzəninin pozulması dincliyin pozulması deməkdir”.

Sayından asılı olmayaraq, gerçəkçi jurnalistlər rejimin çoxsaylı Az tv-lərlə topluma aşıladığı yalanla yoğrulmuş düşüncə düzənini pozur, bu isə filosofun dediyi kimi, sonuc olaraq rejimin toxunulmazlıq qazandırmağa çalışdığı DİNCLİYİN pozulmasına gətirir.

Son olaraq. Pablo Neruda deyir: “Bütün çiçəkləri qopara bilərlər, ancaq yenə də nə ola, Yazın gəlişini əngəlləyə bilməzlər”.

Ana səhifəMənim FikrimcəQaçaq jurnalistika