close

Abdullahiyan səfirliyə hücumu Əliyevlə müzakirə etdiyini deyir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan. Foto: Reuters

O hesab edir ki, səfirliyə hücum şəxsi qisas məqsədi daşıyır

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla  bağlı danışıb. Hadisə bi il yanvarın 27-də baş verib.

Nazir bildirib ki, hadisədə günahı olan hər hansı bir şəxs üçün ən ağır cəza verilməsi məhkəmə sisteminin vacib bildiyi hökmlərdən biridir:

“Prokurorluğun müvafiq orqanları bizə belə deyiblər”.

Hüseyn Əmir Abdullahiyan Azərbaycana olan son səfərində Prezident İlham Əliyevlə bu barədə danışdıqlarını deyib:

Bu yaxınlarda Bakıya səfərim zamanı Azərbaycanın möhtərəm Prezidenti ilə görüşümdə bütün anlaşılmazlıqları, problemləri, hətta iki ölkənin birgə əməkdaşlığının əsaslarını və ümumi cəhətlərini nəzərdən keçirdik. Mən cənab Əliyevə İraqda, Əfqanıstanda, İngiltərədə, hətta Çində iranlı diplomatların şəhid olmasını izah etdim. Bundan əlavə, bütün bu ölkələr beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyət daşıyırlar, amma belə hadisələr baş verəndə bu, ölkələri səfirliklərini bağlamaq istəyinə vadar etmir”.

O hesab edir ki, səfirliyə hücum şəxsi qisas məqsədi daşıyır:

“İstənilən ölkədə diplomatik nümayəndəliklərin və yerlərin təhlükəsizliyinə görə məsuliyyət ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirk. Bu işdə heç bir nöqsan olmayıb. Amma hər halda bu hadisə baş verib”.

Onun sözlərinə görə, məhkəmə məsələni diqqətlə araşdırıb:

Son günlər bizim məhkəmə heyəti də Bakıya səfər edib. Məhkəmə qrupumuzun araşdırmasının bir hissəsi Tehranda tamamlanmalı idi və bu mərhələ 40 gün əvvəl tamamilə başa çatdı. Mən Bakıya səfərim zamanı bu ölkənin yüksək səviyyəli rəsmisinə bu barədə məlumat vermişəm. Təhqiqatın ikinci hissəsi Bakıda olan amillər və şəxslərdən daha ətraflı araşdırma tələb edirdi. Məhkəmə heyətimiz həm səfər zamanı, həm də Azərbaycan məhkəmə sistemi ilə qarşılıqlı əlaqədə işin bu mərhələsini həyata keçirdi”.

Nazir ümid edir ki, tezliklə məhkəmə qərarı olacaq:

“İranda məhkəmə sistemi müstəqil bir qurumdur. Amma müvafiq prokurorluq rəsmilərinin bizə bildirdiklərinə əsasən, İran İslam Respublikasında diplomatların və diplomatik yerlərin təhlükəsizliyi ilə bağlı məhkəmə sistemində yüksək həssaslıq və diqqət var. Günahı olan hər hansı bir tərəf üçün ən ağır cəza verilməsi məhkəmə sisteminin vacib bildiyi hökmlərdən biridir. Ümid edirik ki, məsələ ilə bağlı qərardan sonra Tehranla Bakı arasında münasibətlərin mümkün qədər inkişaf etdirilməsi üçün növbəti addımlar atılacaq”.

Qısa xronika

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini İrandan çıxarıb.

Hazırda səfirlikdə onun binasının və oradakı əmlakın mühafizəsini həyata keçirən 5 əməkdaş qalıb.

Bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Bakı dəfələrlə səfirliyin təhlükəsizliyinin təmin olunmasını tələb etsə də, İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb.

Ana səhifəSiyasətAbdullahiyan səfirliyə hücumu Əliyevlə müzakirə etdiyini deyir