close

DİN Sumqayıtdakı oğurluqla bağlı cinayət işi açıldığını deyir

Foto: Meydan TV

Anar Qafarov: “Bu barədə vətəndaşa da məlumat verilib”

Daxili İşlər Nazirliyi (DİN) bu il yanvarın sonlarında Sumqayıtda yerləşən “Gold Qayalı” ticarət mərkəzində alış-veriş edərkən çantasından kartları oğurlanan Zöhrə İbrahim qızı Rzayevanın şikayəti əsasında cinayət işi başladıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Meydan TV-yə bildirib ki, faktla bağlı toplanmış materiallar əsasında 13 avqust 2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Məcəlləsinin 177.2.3-1-ci (Oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Nazirlik rəsmisi deyib ki, bu barədə vətəndaşa da məlumat verilib.

2023-cü il avqustun 15-də Sumqayıt sakini Zöhrə İbrahim qızı Rzayeva Meydan TV-yə müraciət edərək, Sumqayıt polisindən şikayətçi olduğunu deyib.

Vətəndaşın sözlərinə görə, beş aydan artıqdır oğurlanan kredit kartından istifadə edilsə də, Sumqayıt Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi onun şikayətini araşdırmayıb.

Nəticədə Zöhrə Rzayevanın “Unibank”ın “Albalı” kartına 574 manatı borcu yaranıb.

Ana səhifəBölgəDİN Sumqayıtdakı oğurluqla bağlı cinayət işi açıldığını deyir