close

Hüseyn Abdullayev: “Məni zəhərləyiblər, son 25 gündür bu vəziyyətdəyəm”

Hüseyn Abdullayev. Foto: Meydan TV

Məhkəmə keçmiş deputatın Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə qərar verdi

6 ildən çoxdur həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev yenidən məhkəmə qarşısına çıxarılıb. Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqındakı yeni cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azər Tağıyevin sədrliyilə keçirilən hazırlıq iclasında Hüseyn Abdullayevin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunanda, ittiham aktını alıb-almadığını soruşanda keçmiş deputat etiraz edib. O bildirib ki, hazırda əsas məsələ onun səhhətindəki problemlərdir:

“Son 25 gündə mən belə ağır vəziyyətdəyəm. Zəhərləyiblər məni. Dərman verdilər, adı da bilinmir. Ondan sonra bu vəziyyətə düşdüm”.

Vəkilləri də onun səhhətinin ağır olduğunu hakimlərin nəzərinə çatdırıb. Müdafiə tərəfi onun şüşə kabinədən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Vəkil Şəhla Hümbətova müvəkkilinin vəziyyətinin ağır olduğunu bildirərək, onun ev dustaqlığına buraxılması, yaxud da müayinə üçün xəstəxanaya aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, Hüseyn Abdullayevin səhhəti çox ağırdır, tədbir görülməsə, həyatını itirə bilər. Müdafiəçinin sözlərinə görə, bir ay olar, sabiq deputat ağır vəziyyətdədir:

“Hüseyn Abdullayevin təzyiq problemi vardı, ona təcridxanada nəsə dərman veriblər, ondan sonra sinəsində ağrı yaranıb, boğulmağa başlayıb. Birdən-birə səhhəti pisləşib. Görüşəndə də görürük ki, çox halsızdır. Bizimlə görüşə əlil arabasında gətirirlər. Bəzən ümumiyyətlə, vəkillə görüşə gələ bilmir. Penitensiar Xidmətin Müalicə Müəssisəsinin şöbə rəisi Vüsalə xanım onu müayinə edib. Onun verdiyi rəy məhkəməyə də təqdim olunub. Onu ürək həkiminə göstərdik. Həkim bildirdi ki, burada yazılanlara əsasən, Hüseyn Abdullayev infarkt keçirib. Açıq şəkildə yazılıb ki, ürəyin arxa divarında çapıq yaranıb. Belə vəziyyətdə adama ixtisaslı müalicə lazımdır, amma onu heç Penitensiar Xidmətə köçürmürlər”.

Vəkilin sözlərinə görə, Penitensiar Xidmət, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbərliyinə, Ombudsman Aparatına müraciət olunub, lakin nəticəsi yoxdur. Halbuki, qanuna görə, sağlamlığında problem olan şəxs həbs yerində saxlanmasına baxmayaraq, özü seçdiyi həkim tərəfindən müayinə və müalicə oluna bilər: “Bu adamın həyatı təhlükədədir, ölümcül vəziyyətdədir”.

Prokuror Rauf Malışov Hüseyn Abdullayevin mülki xəstəxanaya köçürülüb, müayinə olunmasına etiraz edib. O bildirib ki, Bakı İstintaq Təcridxanasında həkim nəzarəti altındadır.

Gələcəkdə zərurət yaransa, müalicə müəssisəsinə köçürülə bilər.

“İstintaq təcridxanasında o diaqnoza uyğun ixtisaslı həkim yoxdur. Bu diaqnozu da məsul şəxs – Müalicə Müəssisəsinin şöbə rəisi qoyub. Burada nə var ki?! Adamı aparıb müayinədən keçirəcəklər, niyə məsələni bu qədər qloballaşdırırlar? Hüseyn Abdullayev əxlaqı, tərbiyəsi olan adamdır. Görün hansı vəziyyətdədir ki, vəkillərlə görüşdə stulların üstündə uzanıqlı vəziyyətdə olur. Mərhəmət hissinə əsaslanıb bu vəsatətləri veririk ki, məhkəmə təmin eləsin”, – vəkil Ceyhun Yusifov bildirib.

Şəhla Hümbətova əlavə edib ki, BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun Hüseyn Abdullayevlə bağlı qərarı var. 2020-ci ildə çıxarılmış qərarda Hüseyn Abdullayevin həbsinin qanunsuz və əsassız olduğu göstərilib, onun azadlığa buraxılması tələb olunub. Lakin qərar 4 ildir ki, icra olunmur.

Azər Tağıyev, Kamran Muxtarov və Elnur Nuriyevdən ibarət hakimlər kollegiyası yarım saatlıq müşavirədən sonra vəkillərin qaldırdığı vəsatətlərin bir hissəsini təmin edib – onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilməsi, müayinənin nəticələri barədə məhkəməyə məlumat verilməsi, məhkəmə iclaslarına onlayn qaydada qoşulması haqda qərar qəbul edilib. Onun barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət baxılmamış saxlanılıb. Ev dustaqlığına buraxılması barədə vəsatət isə rədd edilib.

Sabiq deputat 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib. Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.
Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

Ana səhifəSiyasətHüseyn Abdullayev: “Məni zəhərləyiblər, son 25 gündür bu vəziyyətdəyəm”