close

ABŞ diplomatı Qubad İbadoğlunun vəkilləri ilə görüşdü

Qubad İbadoğlu. Foto: Meydan TV

“Əsasən, səhhəti ilə bağlı narahatlıqlar müzakirə olundu”

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara sentyabrın 1-də həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun vəkilləri ilə görüşüb.

Görüşdə vəkil Bəhruz Bayramov və Zibeydə Sadıqova iştirak edib.

Zibeydə Sadıqova və Bəhruz Bayramov İbadoğlunun işi və onun səhhəti ilə bağlı məlumat veriblər.

Vəkil Bəhruz Bayramov “Turan”a bildirib ki, diplomat Qubad İbadoğlunun işini diqqətdə saxladıqlarını deyib:

“Qubad İbadoğlunun səhhətinin ağır durumu, ona təyin edilmiş dərmanların qurtarması və hüquqlarının müdafiəsi ilə bağlı apardığımız iş barədə fikir mübadiləsi apardıq. Hüqo Qevara Amerika hökumətinin Qubad İbadoğlunun işini ciddi şəkildə izlədiyini, ABŞ Dövlət Departamentinin, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin digər bir neçə ölkənin səfirləri ilə birgə bəyanat verdiyini bildirib”.

Vəkil Zibeydə Sadıqova da Meydan TV-yə deyib ki, görüşdə əsasən, Qubad İbadoğlunun səhhəti ilə bağlı narahatlıqlar müzakirə olunub.

“Amerikalı diplomata Qubad İbadoğlunun səhhəti barədə məlumat verdik. Bildirdik ki, indiyə qədər onun səhhəti ilə bağlı Penitensiar Xidmətə və digər qurumlara 20-yə qədər sorğu göndərmişik. Amma bizə detalları barədə məlumat verilməyib, o, həkim müayinəsindən keçirilməyib. Yalnız avqustun 3-də həkim müayinə edib. Artıq Qubad İbadoğlunun dərmanları da bitib. İndi bilmirik ki, ona nə dərmanlar verilməlidir, necə müalicə təyin olunmalıdır”, – deyə Zibeydə Sadıqova bildirib.

Qubad İbadoğlunun həbsi

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Avqustun 25-də ona qarşı “dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması” ittihamı da irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Ana səhifəXəbərlərABŞ diplomatı Qubad İbadoğlunun vəkilləri ilə görüşdü