close

Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar ləğv olunub

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni qərar qəbul edib

Bir çox ictimai-siyasi fəalın, müstəqil jurnalistlərin hüquqlarını müdafiə edən Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə iyulun 6-da çıxarılmış qərar ləğv olunub. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 1-də keçirilən iclasında bu barədə qərar qəbul edilib.

Məlumatı Elçin Sadıqovun özü də Meydan TV-yə təsdiqləyib.

Rəyasət Heyəti belə nəticəyə gəlib ki, Elçin Sadıqovla bağlı əvvəlki qərarın verilməsinə səbəb olan şikayət üzrə İntizam Komissiyası yenidən rəy versin. Söhbət “haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayətindən gedir.

Elçin Sadıqovun fəaliyyəti məhz Eynulla Fətullayevin Vəkillər Kollegiyasına şikayəti əsasında dayandırılmışdı.

Eynulla Fətullayev 2022-ci ilin sentyabrında Vəkillər Kollegiyasına şikayət edib. Həmin şikayət “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat alınıb, “Xural.com” saytının hazırda həbsdə olan rəhbəri Əvəz Zeynallıya verilməsi iddiasıyla bağlı olub.

2022-ci il sentyabrın 10-da “Xural.com” saytının rəhbəri Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.

Elçin Sadıqov “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun vəkili idi. O, Rasim Məmmədovun ailəsinin Əvəz Zeynallıya 20 min dollar rüşvət verməsinə vasitəçilikdə ittiham olunurdu.

Elçin Sadıqov bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb. O, özünü təqsirli bilmir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Əvəz Zeynallı isə rüşvətlə yanaşı, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə maddələrilə də ittiham edilərək, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. “Səda TV” internet televiziyasının rəhbəri Elmur Şükürov da onunla birlikdə məhkəmə qarşısına çıxarılıb.

Elçin Sadıqov haqqında cinayət işi isə ayrılıb.

Ana səhifəXəbərlərElçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar ləğv olunub