close

Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb

Foto: kulis.az

İddia olunur ki, iqtisadçı hədə-qorxu ilə pul tələb edib

Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Əvvəl Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə təqsirləndirilən keçmiş deputata bu Məcəllənin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddəsilə yeni ittiham verilib.

İddia olunur ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.

Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır. Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

“Özü bu ittihamların hamısını qondarma hesab edir. Deyir ki, ekologiya məhbusudur və bu ittihamlar Söyüdlü hadisələrini pərdələmək üçündür”, – vəkili bildirib.

Bir müddət öncə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Nazim Bəydəmirlinin özünü “ekologiya məhbusu” adlandırdığına görə yeni ittihamlarla hədələndiyini açıqlamışdı:

“Onu təhdid edirlər ki, əgər Söyüdlü hadisələrinə görə həbs olunduğunu desə, özünü yenə “ekologiya məhbusu” adlandırmaqda davam eləsə, ona qarşı indiki maddədən əlavə dələduzluq, mənimsəmə və başqa yeni ittihamlar irəli sürüləcək. Bu barədə hüquq-müdafiə təşkilatı olaraq, bizə məlumat daxil olub. Çox təəssüf ki, ölkədə bir iqtisadçı alimə, iş adamına qarşı bütün bunlar baş verir…”.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Nazim Bəydəmirli ittihamı qəbul etmir, ilk gündən Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.

Nazim Bəydəmirli özü də “bandotdel”ə çağrılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.

Ana səhifəXəbərlərNazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb