close

ABŞ dolları indeksi son 10 ayın ən yüksək səviyyəsinə qalxıb

Foto: TaniaKitura/shutterstock

Vüqar Bayramov: “İlin son aylarında regionda dollara tələbin artacağı gözlənilir”

Sentyabrın 27-də dünya bazarlarında dollar avro və funt sterlinq qarşısında son 10 ayın ən yüksək səviyyəsinə qalxıb.

“Reuters” yazır ki, ABŞ Xəzinədarlıqları son dövrlərdəki ağır satışlarından sonra stabilləşib. Avronun məzənnəsi dollar qarşısında son altı ayın minimumuna – 1,0555 dollara enib. ABŞ dolları indeksi son 10 ayın ən yüksək səviyyəsinə – 106,32 çatıb.

Şimal regionunun ən böyük bankı olan “Nordea”-nın baş valyuta strateqi Dane Cekov bildirib ki, buna səbəb bazarların ABŞ-da daha uzunmüddətli və yüksək gəlirlər götürməsidir.

Onun fikrincə, dolların sıçrayışı ABŞ Xəzinədarlığının gəlirlərini çoxillik zirvələrə çatdırıb. FED rəsmiləri son günlərdə mərkəzi bankın faiz dərəcələrini daha da yüksəltməsi ehtimalını istisna etmirlər.

Azərbaycanlı deputat, iqtisadçı Vüqar Bayramov düşünür ki, dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər və eləcə də FED-in davamlı güclənmə siyasəti ilə bağlıdır.

Avronun məzənnəsinə gəlincə, o düşünür ki, Avropa Mərkəzi Bankının son qərarları avronun məzənnəsinə təsirsiz ötüşməyib:

ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyərsizləşib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır”.

Azərbaycandakı vəziyyətə gəlincə, iqtisadçı bildirir ki, sentyabrın əvvəllərində Azərbaycanda hərraclarda dollara tələb azalsa da, sonradan yenidən yüksəlib. Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb:

Vüqar Bayramov
Vüqar Bayramov, Foto: Meydan TV

“Öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir”.

Dollara tələbin artmasının manatın məzənnəsinə təsirinə gəldikdə, Vüqar Bayramov deyir ki, Azərbaycanın enerji gəlirlərinin artması səbəbindən tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır:

“Amma Azərbaycan hələlik, üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam edir”.

Maliyyə Nazirliyinin 2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında ABŞ dolları/manat (USD/AZN) rəsmi məzənnəsinin gələn il də sabit (1.7 manat) qalacağı bildirilib.

Neftin qiyməti isə 1 barelə görə 60 dollar həddində müəyyən edilib.

Ana səhifəİqtisadiyyatABŞ dolları indeksi son 10 ayın ən yüksək səviyyəsinə qalxıb