close

Blinken Əliyevi Qarabağ sakinlərinə geniş amnistiya verməyə çağırdı

Foto: president.az

O, bunu sülh və qarşılıqlı anlayış üçün vacib amil sayıb

Sentyabrın 26-da ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefonla danışıb.

Blinken Əliyevi Qarabağın bütün sakinləri üçün sülh, qarşılıqlı anlayış və qarşılıqlı hörmətə əsaslanan geniş amnistiya elan etməyə çağırıb.

Bu barədə “Turan” sentyabrın 27-də Dövlət Departamentinin rəsmisi Metyu Millerə istinadən məlumat yayıb.

Ancaq dünən “president.az”ın yaydığı məlumatda geniş amnistiya barədə açıqlama olmayıb.

Blinken bu ay ərzində üç dəfə Əliyevlə telefonla danışıb.

Artıq məlumat verildiyi kimi, tərəflər Dağlıq Qarabağda potensial müşahidəçilər missiyasını müzakirə ediblər.

Blinken Əliyevi Dağlıq Qarabağın sakinlərinə öz evlərində təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə və hüquqlarının müdafiə olunacağına zəmanət verməyə çağırıb”,- deyə Miller bildirib.

Sentyabrın 22-də Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev demişdi ki, Qarabağda silahı yerə qoyan ermənilərə amnistiya nəzərdə tutulur:

Keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, əgər onlar bu cür təsnif edilə bilərsə, bu adamlar üçün də belə amnistiya nəzərdə tutulur”.

Hikmət Hacıyev Azərbaycanın Qarabağ ermənilərinin dinc reinteqrasiyasını istədiyini də dilə gətirmişdi.

Bununla belə Hikmət Hacıyev “BBC News Azərbaycanca”ya bildirib ki, bu şərt Birinci Qarabağ müharibəsində cinayət törətmiş şəxlərə şamil olunmayacaq.

Ancaq mövzunu Meydan TV-yə şərh edən REAL Partiyasının siyasi komitəsinin üzvü, deputat Erkin Qədirli bir qədər fərqli düşünürdü.

Onun sözlərinə görə, müharibə cinayətləri törədənlərə amnistiya tətbiq olunmur:

Çox güman ki, Hikmət Hacıyev həmin açıqlamanı siyasi niyyət kimi səsləndirib. Əslində, separatizm özü də cinayətdir. Sadəcə, separatçılıq edənlər arasında Azərbaycana qarşı döyüşməyib və insanları öldürməyənlər var, amma onlar separatçıların yerli seçkilərində iştirak ediblər. Bax onlara amnistiya tətbiq etmək olar, yəni belə adamların əməlləri bağışlana bilər. İnsanlığa qarşı cinayət törədənlər isə bağışlanmır. Buna qanun da icazə vermir, beynəlxalq hüquq da bunu doğru saymır”.

Blinken və Əliyev arasında müzakirələr ABŞ-n iki yüksək vəzifəli məmurunun – dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim və USAID rəhbəri Samanta Pauerin hazırda hərbi əməliyyatların nəticələrini qiymətləndirmək üçün regionda səfərdə olduqları bir vaxtda aparılıb.

Onların hər ikisinin bu gün Bakıya gələcəyi gözlənilir.

Ana səhifəSiyasətBlinken Əliyevi Qarabağ sakinlərinə geniş amnistiya verməyə çağırdı