close

ABŞ ərazisində anonim mülk almağı yasaqlayan qaydalar qəbul edir

ABŞ Maliyyə Departamenti. Foto: “home.treasury.gov”

Yeni qayda çirkli pulların yuyulmasının qarşısının almasına hədəflənib

ABŞ Maliyyə Departamenti bildirib ki, ölkəsində tezliklə dəbdəbəli mənizllərin anonim alışına qadağa qoyulacaq.

Səbəb korrupsioner oliqarxlara, terrorçulara və digər cinayətkarlara qanunsuz qazanclarını gizlətməyə imkan verən boşluğu bağlamaqdır.

Yeni qaydalar əmlakı nağd şəkildə satın alan şirkətlərin öz sahiblərinin kimliyini ABŞ Xəzinədarlığının Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinə (FinCEN) bildirməsini nəzərdə tutur.

Məsələ barədə məlumatı olan iki ayrı mənbə “Reuters”ə bildirib ki, qaydaların tətbiqinə bu aydan başlanacaq.

ABŞ maliyyə naziri Canet Yellen hələ martda demişdi ki, cinayətkarlar on illərlə qeyri-qanuni qazanclarını anonim şəkildə daşınmaz əmlakda gizlədiblər.

Onun sözlərinə görə, 2015-2020-ci illərdə ABŞ-da daşınmaz əmlak almaqla 2,3 milyard dollara yaxın pul yuyulub.

Korrupsiyaya qarşı mübarizə təşkilatlarından olan FACT koalisiyasının direktoru Erika Haniçak bu qərarı alqışlayıb.

O deyib ki, bununla FinCEN əmlak sahəsində çirkli pulların yuyulmasının kökünü birdəfəlik aradan qaldıracaq .

Korrupsiya əleyhinə təşkilatlar və bu sahədə fəaliyyət göstərən fəallar isə qanunun nə zaman həyata keçirilməsinin zamanını açıqlamayan FinCEN-in bu istiqamətdə çox yavaş hərəkət etdiyini söyləyib.

FinCEN rəhbərliyi ilk dəfə iki il öncə, 2021-ci ildə qaydanı tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

ABŞ-da uzun müddətdir ki, banklardan müştəri vəsaitlərinin mənbəyini anlamaq və şübhəli əməliyyatlar barədə məlumat vermək tələb olunsa da, daşınmaz əmlak sənayesi üçün ölkə üzrə belə qaydalar mövcud deyil.

Əvəzində FinCEN Nyu York, Mayami və Los Anceles də daxil bir neçə şəhərdə daşınmaz əmlakın alınması barədə məlumatın açıqlanması qaydalarından istifadə etmək yoluna əl atıb.

Coğrafi Hədəfləmə Orderi kimi (geographic targeting order – GTO) kimi tanınan qaydanın bundan sonra ölkə boyunca tətbiqi nəzərdə tutulur.

GTO qaydasının istifadəsinə 2016-cı ildən başlanıb.

Həmin vaxt “New York Times”qəzeti ABŞ-da lüks daşınmaz əmlakların yarıdan çoxunun anonim balıqqulağı şirkətləri tərəfindən alındığını aşkarlamışdı.

Ekspertlərin fikrincə, yeni qaydadan daşınmaz əmlakı “hədəflənən zonalardan” kənarda almaqla yayınmaq mümkündür.

Məsələn, mühacirət etmiş Çin biznesmeni Quo Venqui anonim balıqqulağı şirkətdən istifadə etməklə 2021-ci ildə 26 milyon dollara Nyu Cersidə 4600 kvadrat metr sahəsi olan malikanə alıb.

Biznesmenin aldığı malikanə Manhattanda Hudzon çayının sahlində olub və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməzdi.

Quo həm də bir vaxtlar keçmiş prezident Donald Trampın müşaviri işləmiş Stiv Bannonun biznes şərikidir.

Eyni zamanda o da bildirilir ki, yeni qaydanın səmərəli işləyə bilməsi üçün FinCEN-ə ayrılan vəsaitlər artırılmalıdır.

Ana səhifəİqtisadiyyatABŞ ərazisində anonim mülk almağı yasaqlayan qaydalar qəbul edir