close

ABŞ Qubad İbadoğlunun həbsini izlədiyini deyir

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Miller danışıqların detallarını açıqlamayıb

ABŞ həbsdə olan iqtisadçı Qubad İbadoğlunun işini diqqətlə izlədiyini açıqlayıb.

Bu barədə avqustun 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Washington Post”un son redaktor məqaləsini “Turan”a şərh edərkən deyib.

Bununla belə Metyu Miller xüsusi  diplomatik danışıqların məzmununu açıqlamayacağanı əlavə edib:

“Lakin biz bu həbsi diqqətlə izləyirik”.

“Biz insan hüquqlarının və əsas azadlıqların təşviqinə qəti sadiq qalırıq. Azərbaycanı ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, – deyə Miller davam edib.

Metyu Miller. Foto: “Turan”

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxta pul ittihamını rədd edir, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Beynəlxalq təşkilatlar və ABŞ-ın bir neçə konqresmeni onun dərhal azadlığa buraxılmasını tələb edib.

Ana səhifəSiyasətABŞ Qubad İbadoğlunun həbsini izlədiyini deyir