close

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-ın Ermənistandakı səfirliyi. Foto: “am.usembassy.gov”

Səfirlik qeyri-vacib səyahətlərin qadağan edildiyini deyir

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına növbəti xəbərdarlıq edib.

Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarına xatırladır ki, qeyri-vacib səyahətlər qadağandır.

Səfirlik vətəndaşlarını Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərdə diqqətli olmağa və Dağlıq Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməyə çağırır.

Diplomatik korpusun xəbərdarlığında qadağalar zonası həmçinin Tavus, Vardenis, Sünik, Ararat və digər bölgələrə aiddir.

Nə baş verib?

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib