close

Yazıçı ukraynalıların tənqidinə görə yeni romanının nəşrini təxirə salıb

Elizabet Gilbert. Foto: “nytimes.com”

“İnsanların dərdlərinin üzərinə yeni dərd gətirmək istəmirəm”

Amerikalı yazıçı Elizabet Gilbert Sibirdə baş verən hadisələri əks etdirən “The Snow Forest” adlı yeni romanının nəşrini təxirə saldığını bildirib.

Yazıçı bunu ukraynalı oxucuların tənqidi reaksiyasına görə etdiyini deyib.

Romanda 1930-cu illərdə cəmiyyətdən uzaqlaşmaq və sovet hakimiyyətinə müqavimət göstərmək qərarına gələn bir ailədən bəhs edilir.

Yazıçı qeyd edib ki, son zamanlar ukraynalı oxucular hazırkı müharibənin fonunda Rusiya haqqında kitabın çap olunmasına hiddətləniblər.

“İnsanların dərdlərinin üzərinə yeni dərd gətirmək istəmirəm”, – Gilbert deyib.

“The New York Times” yazır ki, Gilbertin öz kitabının nəşrini təxirə salması ədəbi mühitdə birmənalı qarşılanmayıb. Yazıçının bu addımı özünüsenzura kimi qəbul edilib.

Elizabet Gilbert bir neçə kitabın, o cümlədən 2006-cı ildə işıq üzü görən “Eat, Pray, Love” (“Ye, dua et, sev”) memuarının müəllifidir.

2010-cu ildə bestseller olan roman əsasında aktyorlar Culiya Roberts və Xaviyer Bardemin iştirakı ilə eyniadlı bədii film çəkilib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ana səhifəMədəniyyətYazıçı ukraynalıların tənqidinə görə yeni romanının nəşrini təxirə salıb