close

ABŞ Vaşinqton danışıqlarının növbəti raundunu səbirsizliklə gözlədiyini deyir

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Metyu Miller: “Birbaşa dialoq qalan məsələlərin həlli üçün açardır”

ABŞ Dövlət Departamenti Bakı ilə Yerevan arasında sülh danışıqlarının növbəti raundunun mümkün qədər erkən tarixə keçiriləcəyinə ümid edir”.

Bu açıqlamanı iyunun 13-də departamentin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə səsləndirib.

Məlumatı “Turan” yayıb.

“Biz Vaşinqtonda danışıqların növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik. Çünki tərəflər Cənubi Qafqaz regionu üçün dinc dialoq aparmağa davam edirlər”, – deyə Metyu Miller agentliyin müxbirinin sualına cavabında deyib.

O vurğulayıb ki, birbaşa dialoq qalan məsələlərin həlli üçün açardır.

Diplomat razılaşmanın əldə edilməsinin mümkünlüyünü də əlavə edib.

Metyu Miller. Foto: Twitter

Görüş tarixinin təxirə salınması danışıqlar prosesinin vəziyyətini və tərəflər arasında fikir ayrılıqlarının olduğunu əks etdirirmi?” sualına M.Miller: “Heç də yox… Bu, 100 faiz planlaşdırma ilə bağlı problemdir”, – deyə cavab verib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün iyunun 12-də Vaşinqtonda keçiriləcəyi gözlənilirdi.

Ancaq iyunun 8-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bildirdiyinə görə, Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti mərhələsi təxirə salınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-yə demişdi ki,  xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır:

“Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətABŞ Vaşinqton danışıqlarının növbəti raundunu səbirsizliklə gözlədiyini deyir