close

ABŞ Qarabağdakı humanitar vəziyyəti diqqətdə saxladığını deyir

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

Vaşinqton Bakı və Yerevanla danışıqlarının məzmununu açıqlamır

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağdakı humanitar vəziyyəti diqqətdə saxladığını bildirir.

“Son bir neçə həftə ərzində Vaşinqton Azərbaycan və Ermənistanla daim iş aparıb ki, humanitar yardım Dağlıq Qarabağ əhalisinə çatsın”, – bunu sentyabrın 5-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.

O, “Turan”ın müxbirinin Vaşinqtonla Bakı və Yerevan arasında danışıqların məzmunu ilə bağlı sualına cavab verməkdən çəkinib.

“Bu, bizim fəal şəkildə məşğul olmağı davam etdirəcəyimiz bir şeydir. Laçın dəhlizinin humanitar, ticarət və sərnişin daşımaları üçün dərhal yenidən açılması ilə bağlı çağırışımızı təkrar edirik. Biz ərzaq, dərman və digər zəruri malların əngəlləməsinin davam etməsi nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən çox narahatıq”, – Patel deyib.

Departamentinin nümayəndəsinin şərhləri Konqresin insan hüquqları üzrə ikipartiyalı komissiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı ictimai dinləmələr keçirməyə hazırlaşdığı vaxtda səslənib.

Tom Lantos İnsan Hüquqları Komissiyasının keçirəcəyi dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Kolumbiya Universitetindən David Fillips iştirak edəcəklər.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəXəbərlərABŞ Qarabağdakı humanitar vəziyyəti diqqətdə saxladığını deyir