close

Cəzasız cinayət. Dövlət Duması Ukraynayla müharibəyə gedəcək məhkumların azad edilməsinə icazə verib

Barnaul, Rusiya. 22 iyun 2020. Foto: shutterstock\Jonas Petrovas

“Spektr.press”in materialı

Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan məhkumlar əvvəlcə şərti olaraq azadlığa buraxılacaqlar

Dövlət Dumasının ikinci və üçüncü oxunuşda qəbul etdiyi qanun layihəsinə görə, məhkumlar müharibəyə səfərbər oluna bilər. Sənəd azadlıqdan məhrum olunmuş vətəndaşlara səfərbərlik, hərbi vəziyyət və hərb dövründə hərbi xidmət keçmək haqqında müqavilə bağlamağa icazə verir.

Sənədə əsasən, Müdafiə Nazirliyi ilə müqavilə bağlayan məhkumlar əvvəlcə şərti olaraq azadlığa buraxılacaqlar. Cinayət məsuluyyətindən tam azad olma döyüş mükafatı aldığı təqdirdə və ya yaralandığı, yaxud xəstələndiyi üçün, səfərbərlik dövrü bitdikdə və ya bəlli bir yaş həddini ötdükdə vəd edilir.

Əgər bu cür hərbi xidmətçiləri hərbi rütbəsi əlindən alındığı və ya cinayət törtədiyi üçün xidmətdən uzaqlaşdırarlarsa, cinayət işi bağlanmayacaq. Bundan başqa, əgər məhkum cəbhəyə yollandıqdan sonra yenidən cinayət törədərsə, ona hökmlərin cəmi ilə cəza kəsiləcək, yəni yeni hökmə əvvəlki cəzanın çəkilməmiş müddətinin bir hissəsi, ya da tamı əlavə olunacaq.

Səfərbərliyin yeni qaydaları məhkumların çoxuna şamil olunacaq. Həddi-buluğa çatmayanlaın toxunulmazlığına qarşı cinayət törədənlər, həmçinin terrorizm, ekstremizm, casusluq və dövlət xəyanəti ilə bağlı cinayət törədənlər müqavilə bağlaya bilməyəcəklər.

Yeni düzəlişlər təkcə məhkumlara deyil, cinayət törətməkdə şübhəli bilinənlərə və ittiham edilənlərə da şamil olunur. Yəni cinayət işi açılanlara, amma hökmü oxunulmayanlara da. Onların cinayət işi hərbi hissənin rəhbərliyinin xahişi ilə dayandırıla bilər.

Onların işləri eynilə məhkumlara sürülən şərtlər əsasında bağlana bilər – əgər onlar mükafat alarlarsa və ya yaralandıqları, yaxud səfərbərlik dövrü bitərsə. Hərçənd məhkumlardan fərqli olaraq, bu kateqoriyaya daxil olanları yalnız kiçik və ya orta hədli cinayət törətdikləri halda, yəni maksimal cəzaları üç və beş il olduğu halda bağışlaya bilərlər.

Qanun layihəsi hərbçilərin də cinayətlərini bağışlamağa imkan verir. Lakin mülki vətəndaşlardan fərqli olaraq, hərbçiləri istənilən cinayətə görə – hətta ən ağır cinayətə görə məsuliyyətdən azad edə bilərlər. Bunun üçün onların mükafat almaları və ya hərbi xidmətdən azad olmaları gərəkdir.

Düzəlişlər qanun qüvvəyə mindikdən sonra törədilmiş cinayətləri “bağışlamağı” qadağan edir. Qanunun müəlliflərindən biri, “Vahid Rusiya” Partiyasından Dövlət Dumasının deputatı İrina Pankina bunu kriminogen vəziyyət təhlükəsi ilə izah edib. “Bu, ona görə edilib ki, islah müəssisələrində yerləşərkən müqavilə bağlamaq imkanı vətəndaşların cinayətkar davranışı üçün motivasiya olmasın”, – o deyib.

Bu o deməkdir ki, vətəndaşlar qanun qüvvəyə minənədək gələcəkdə bağışlanmaq şərtilə kiçik və orta ağır cinayətlər törədə bilərlər. Hərbiçilərsə eyni hesabla hətta ağır və xüsusi ağır cinayətlər törədə bilərlər.

Hazırda məhkumlar cəbhəyə əfv olunma mexanizmi ilə göndəriləcəklər. Vladimir Putin yaxın günlərdə hərbi blogerlərlə görüşü zamanı deyib ki, məhkumların cəbhəyə göndərilməsi üçün əfv olunması fərmanına qol çəkir.

O bəyan edib ki, Dövlət Dumasının deputatlarından və Müdafiə Nazirliyindən məhkumların cəbhəyə göndərilməsini “bu adamların qarşısında öhdəliklərini yerinə yetirmək üçün” “ağılla, təcrübə ilə və qanunla” həyata keçirmələrini xahiş edib. “Onlar dərhal azad olunacaqlar – axı mən əfv olunma barədə fərmana qol çəkmişəm”, – Putin deyib.

Rusiyada məhkumların səfərbər edilməsi 2022-ci ilin yayında məlum olub. Əvvəlcə bununla “Vaqner” özəl hərbi şirkəti, sonra, bəzi məlumatlara görə, Müdafiə Nazirliyi məşğul olub. İyunun 18-də “Vaqner”in təsisçisi Yevgeni Priqojin bəyan edib ki, Ukraynaya qarşı müharibədə iştirak edəndən sonra 32 000-dən çox məhbus Rusiya həbsxanalarından azadlığa çıxıb.

Ana səhifəDünyaCəzasız cinayət. Dövlət Duması Ukraynayla müharibəyə gedəcək məhkumların azad edilməsinə icazə verib