close

İbrahim İbrahimli ADR-dən istefa verdiyini deyir

Mənbə: Azərbaycan Demokratiya və Rifah Partiyası

Ədalət Yusub: O, 2020-ci ildə istefa verib

Sosial şəbəkələrdə və hökumətə yaxın mediada həbsdə olan iqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) təsisçilərindən olmuş İbrahim İbrahimlinin istefa verdiyi haqda bəyanat yayılıb.

İbrahim İbrahimli bəyanatında 2014-cü ildə Müsavat Partiyasının qurultayında keçirilən başqan seçkiləri zamanı baş verənlərə etiraz əlaməti olaraq istefa verdiyini qeyd edir:

“Sonrakı müzakirələr zamanı Müsavat Partiyasından ayrılan Vurğun Əyyub, Adil Qeybulla, Qubad İbadoğlu kimi tanınmış simalarla birgə bir hərəkat formalaşdırmaq qərarına gəldik. Təşkilatın rəhbərliyinə Vurğun Əyyubun təklifi ilə daha gənc olduğunu nəzərə alaraq, Qubad İbadoğlunun namizədliyi irəli sürüldü və o, hərəkat rəhbəri oldu. İlk vaxtlar, hərəkatda hər bir qərar kollektiv müzakirə yolu ilə qəbul olunurdu. Dövlət mənafeyinin bütün tənqidi fəaliyyətimizdə nəzərə alınması, ayrı-ayrı sahələrdə baş verən nöqsanlar, onların həlli yolları ilə bağlı konkret təkliflər hazırlanır və mətbuatda dərc olunurdu. Prinsipial mövqe ilə sivil mübarizə üsullarının müştərək tətbiqi fəaliyyətimizin əsas qayəsi idi”.

İ.İbrahimli Vurğun Əyyubun vəfatından sonra ADR-in sürətlə partiyaya çevrilməsi prosesinin başladığını bildirir.

Onun sözlərinə görə, son aylarda başlayan separatçılıq və ayrı-ayrı reputasiyası şübhəli fərdlərin şirnikləndirilərək təşkilata doldurulması vicdanlı üzvlər tərəfindən narazılıqla qarşılanıb:

Üzvlərə təlqin olunurdu ki, tezliklə ölkə rəhbərliyi dəyişdiriləcək, Qubad bəy ABŞ tərəfindən hakimiyyətə gətiriləcək, onun arxasında 50-dən çox konqresmen dayanır və s. Bu məqsədlə, Qubad bəyin təsiri altına düşmək kimi zəif xarakterindən istifadə edən partiyanın İdarə Heyətinin üzvü Ədalət Yusubov və onun qaragüruh çevrəsi təşkilatı tamamilə marginallaşdırdı və sədr də bu xətti dəstəkləməyə başladı. Qubad bəyin ölkədaxili proseslərə münasibətindəki istiqamət məhz bu şəxslərin ritorikası ilə İdarə heyətinin toplantılarından qaynaqlanırdı”.

“Bununla razılaşmayan insanlar, partiyadan bir-bir istefa verməyə başladılar. Bu istefalara öyrədilmiş partiya üzvlərinin göstərdiyi əxlaqsız münasibət, şər kampaniyası partiyadaxili mühitin nə qədər murdar, eybəcər və artıq geridönməz olduğunu göstərdi. Son proseslər bunların məntiqi nəticəsi kimi bir daha göstərdi ki, istefa verənlər nə qədər haqlı imiş.
Bütün bunları nəzərə alaraq, ADR hərəkatından istefa verirəm”
.

Partiya sədrinin müavini Ədalət Yusub Meydan TV-in sorğusuna cavab verib.

O, İbrahim İbrahimlinin Azərbaycan Demokratiya və Rifah Hərəkatının həmtəsisçilərindən olduğunu  təsdiqləyib:

“O, hərəkatın İcra Aparatının rəhbəri və İdarə Heyətinin üzvü olub. Həmçinin zamanında da Müsavat Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri idi. Ancaq 2020-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatından istefa verib, o vaxtdan da əlaqəmiz kəsilib”.

Ədalət Yusubun sözlərinə görə, İbrahim İbrahimli hərəkatın partiyaya çevrilməsi prosesində iştirakçı olmayıb:

“Yəni partiya üzvlüyünü təsdiqləməyib”.

Ədalət Yusub İbrahim İbrahimlinin bəyanatını oxuduğunu və bundan təəssüfləndiyini bildirib:

Bu bəyanat Qubad İbadoğluna açılan cinayət işi ilə həmrəylik təşkil edir”.

Ədalət Yusub. Foto: screenshot

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, xaricdə yaşadığına görə ora gəlib-getmirdi.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətİbrahim İbrahimli ADR-dən istefa verdiyini deyir