close

Ədliyyə Nazirliyi VHP-yə də “yox” dedi

Ədliyyə Nazirliyi. Foto: https://www.justice.gov.az/

Nazirlik partiyanın siyahısını geri qaytarıb

Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvlərin sayı ilə bağlı  təqdim etdiyi müraciətə baxıb.

Bu barədə Meydan TV-yə VHP-nin Mərkəzi İcra Aparatının sədri Samir Əsədli məlumat verib.

O deyib ki, nazirlik onlara mənfi cavab verib.

Samir Əsədli qeyd edib ki, partiya iyulun 5-də “Siyasi Partiyalar haqqında” Qanuna uyğun olaraq 9246 nəfərlik siyahının reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

“Nazirliyin cavabına görə təqdim edilmiş 9246 nəfərdən yalnız 255 nəfəri VHP üzvü olduğunu təsdiq etməyib. Həmçinin 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi bildirilib. 4 minə yaxın adam barədə isə qeyd olunub ki, telefonları cavab verməyib, yaşı çatmır, yaxud vəfat edib və s.”  – o vurğulayıb.

Samir Əsədlinin sözlərinə görə, Ədliyyə Nazirliyi müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən (mobil və ev) istifadə etdiklərini bildirib:

“Bu kənd rayonlarında ailədə və rayon təşkilatı özəklərində bir neçə şəxsin bir telefon nömrəsindən istifadəsi  ilə bağlıdır. “Siyasi Partiyalar haqqında”  Qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin olması tələbi qoyulmayıb. Bütün bu və digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən, 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reyestrdə təsdiqləndiyi ortaya çıxır. Göründüyü kimi, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir. Bununla belə, göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısının daha da dəqiqləşdirib, yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Vətəndaş və İnkişaf Partiyası

Neçə partiya müraciət edib?

İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.

Ədliyyə Nazirliyi indiyə qədər AXC, Müsavat, REAL, Ümid, AĞ, Ədalət partiyalarına mənfi cavab verib.

Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

VHP nə vaxt yaranıb?

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 1992-ci ildə istiqlalçı deputat, şair Sabir Rüstəmxanlının sədrliyi ilə qurulub.

Ədliyyə Nazirliyi elə həmin il VHP-ni qeydiyyata alıb.

VHP Milli Məclisdə 3 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır.

Partiyanın 2006-cı ildən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır.

Ana səhifəSiyasətƏdliyyə Nazirliyi VHP-yə də “yox” dedi