close

Ağdaşda yeni doğulan uşaqların ölüm səbəbləri

Ağdaş Rayon Mərkəzi Xəstəxanası. Foto: Xəstəxananın “Facebook” səhifəsi

Həkim özünü təqsirli bilmir: “Vəziyyət mən olmayanda ağırlaşıb”

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpələrin ölümüylə əlaqədar iki həkim cinayət məsuliyyətinə cəlb olunub.

Bunlardan biri xəstəxananın Ginekologiya və doğum şöbəsinin həkim-ginekoloqu Ziyafət Rüstəmova, digəri isə uşaq həkimi-neonatoloq Rəhilə Əliyevadır.

Bir neçə gün ara ilə bu xəstəxanada uşaq dünyaya gətirən Əfsanə Hacıyeva və Gülşən Bağıyevanın körpələri ölüb.

Bu üzdən hər iki həkim haqqında Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Ağdaş Rayon Məhkəməsinin hökmüylə Ziyafət Rüstəmovaya 1 il 6 ay şərti cəza verilib.

Məhkəmə belə nəticəyə gəlib ki, həkim-ginekoloq düzgün tibbi xidmət göstərmədiyinə görə Gülşən Bağıyevanın uşağı ölü doğulub.

Həkim-neonatoloq Rəhilə Əliyeva isə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 1 il azadlıqdan məhrum edilib. Çünki Azərbaycan qanunvericiliyinə görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilədək olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

İddia olunur ki, Əfsanə Hacıyevanın körpəsinin ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi – kəskin tənəffüs çatışmazlığı olub.

İttihama görə, həkim yeni doğulmuş körpədə postnatal asfiksiyanı düzgün dəyərləndirməyib.

Uşağın oksigen tələbatına görə süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyasını təmin etməli idi, bu istiqamətdə konservativ müalicə tədbirlərinə başlamalıydı. Lakin həkim bu addımları atmayıb.

59 yaşlı Rəhilə Əliyeva isə bu ittihamla razı deyil.

O, Əfsanə Hacıyevanın uşağının ölümündə rolu olmadığını deyir.

1990-cı ildən həkim kimi fəaliyyət göstərdiyini deyən Rəhilə Əliyeva danışır ki, uşaq doğulandan sonra onu ətraflı müayinə edib.

Uşağın ümumi vəziyyəti kafi olub, körpədə tənəffüs problemləri də müşahidə etməyib.

Onun sözlərinə görə, düzdür, temperaturu 38 dərəcə olub, amma müalicə nəticəsində hərarət düşüb.

İki gün sonra körpənin ölümünə gəlincə, deyir ki, həmin gün şəxsi işlərilə əlaqədar Bakıya getməliydi.

Bu üzdən xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdirindən icazə alıb.

Digər neonatoloq həmkarından da xahiş edib ki, növbətçilik qrafikinə uyğun olaraq, səhər saat 9-dan günorta saat 3-ə qədər onu əvəzləsin:

Səhər saat 8-də Bakıya yola düşdüm. Həmin gün o uşağın səhhəti barədə məlumatım olmadı. Dekabrın 24-dən 25-nə keçən gecə saat 3 olardı, həkim yoldaşım mənə zəng elədi ki, körpənin vəziyyəti ağırlaşıb, çətin nəfəs alır. Ona görə uşağı küvezə yerləşdirib. Həmin vaxt mən Bakıda idim, ona görə xəstəxanaya gedə bilmədim. Səhər açıldı, günorta saat 12 olardı, eşitdim ki, uşaq ölüb. Yenə deyirəm, mən növbədə olduğum günlərdə körpənin tənəffüs problemi olmayıb. Uşağın vəziyyəti mən olmayanda ağırlaşıb. Müalicə tədbirlərini də həmkarım görüb…”.

Uşağın anası Əfsanə Hacıyeva deyir ki, hamiləlik dövründə daim həkim nəzarətində olub.

Onun sözlərinə görə, nə özünün, nə də bətnindəki körpənin səhhətində problem olub.

Ana bildirir ki, qızı doğulanda həkimlər onun heç bir problemi olmadığını deyiblər, hətta sonradan uşağı yanına – palataya da gətiriblər:

“Sonrakı günlərdə də uşaqda tənəffüs problemi olması barədə mənə heç nə deyilməmişdi. Dekabrın 24-də axşam temperaturu qalxmağa başladı, tibb bacısı onu palatadan müayinə otağına apardı. Sonra dedilər ki, küvezə qoyacaqlar. Axşam saat 11 olardı, tibb bacılarından biri palataya gəlib dedi ki, uşağın vəziyyəti ağırdır. Küvez olan otağa getdim, gördüm ki, çətin nəfəs alır. Həkim dedi ki, vəziyyəti çox ağırdır, 3-4 gün yaşayacaq. Dedim ki, axı mən hamiləliyin 6 ayında doplerdən keçmişəm, ürək qüsuru və başqa ciddi problem olmayıb. Perinatal Mərkəzə göndərilməsi üçün göstəriş verilməsini istədim. Həkim dedi ki, uşağın öz həkimi Rəhilə Əliyevadır, sadəcə, o, hazırda Bakıdadır, onun isə göndəriş verməyə səlahiyyəti yoxdur. Səhəri gün saat 12-də Ziyafət həkim palataya gəlib, uşağın öldüyünü dedi…”.

Əfsanə Hacıyeva təqsirləndirilən həkimlər – Ziyafət Rüstəmova və Rəhilə Əliyevaya qarşı şikayətçi olmayıb.

Təqsirləndirilən neonatoloq 1 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti verib.

O, məhkəmədə bəraət istəyib.

Bugünlərdə Şəki Ağır Cinayətlər Məhkəməsi onun işinə baxıb.

Bu instansiya da uşaqların ölümündə onun təqsiri olduğu qənaətinə gəlib. Amma cəzasını dəyişib.

59 yaşlı Rəhilə Əliyevaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

Azadlığı məhdudlaşdırılan şəxslər üzərində elektron qolbaq daşımalıdır.

O, gecə saat 23.00-dan səhər saat 7-yə qədər yaşadığı yeri tərk edə bilməz.

Eyni zamanda, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişmək də qadağandır.

Ana səhifəBölgəAğdaşda yeni doğulan uşaqların ölüm səbəbləri