close

“Nicat Lənkəranski”yə sui-qəsddə günahlandırılanlara 38 il həbs cəzası kəsilib

Foto: Meydan TV

Təqsirləndirilən şəxslər cəzanın ağır olduğunu deyiblər

Kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərova qarşı sui-qəsddə ittiham olunan üç nəfər – Ramal Məmmədov, Vüqar Quliyev və Şahmar İsmayılovla bağlı bir ilə yaxındır davam edən məhkəmə yekunlaşıb.

Mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Hökmdən əvvəl isə təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Məhkəmə prosesində hakim Vüqar Quliyev jurnalistlərə münasibətdə ayrı-seçkiliyə yol verib.

O, televiziya kanallarının əməkdaşlarına çəkiliş aparmağa icazə versə də, digər media orqanlarının nümayəndələrinə imkan yaratmayıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov isə 12 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 228.1 (qanunsuz silah saxlama) maddələrilə təqsirli bilinib.

Təqsirləndirilən şəxslərdən Şahmar İsmayılov son sözündə bildirib ki, prokurorun ona istədiyi 14 il cəza tələbi həddindən artıq ağırdır.

O etiraf edir ki, şəhərin mərkəzində odlu silahdan atəş açmaqla cinayət törədib, lakin bu əməlin 14 il azadlıqdan məhrumetmə qədər cəzaya adekvat olmadığını deyir.

Hazırda 28 yaşı olduğunu vurğulayan Şahmar İsmayılovun sözlərinə görə, ona tələb olunan cəza 40 yaşında həbsdən buraxılması deməkdir.

Bu qədər ağır cəza isə onun islah olunmasına xidmət etməyəcək.

O vurğulayıb ki, “Nicat Lənkəranski”ni öldürmək niyyəti olmayıb:

Mən 40 yaşında həbsdən çıxanda necə həyat quracağam? Öldürmək istəsəydim, onu çağırmazdım, elə üzü o biri tərəfə olarkən güllələyərdim. Hadisə yerində maşını zədələnənlərə ziyan dəydiyinə görə onlardan üzr istəyirəm”.

Təqsirləndirilən Vüqar Quliyev bildirib ki, o, ümumiyyətlə, zərərçəkmiş qismində tanınan “Nicat Lənkəranski”ni tanımır. Bu səbəbdən onu öldürməyə cəhd etməsi barədə ittihamı da absurd sayır:

Mən bilmirəm ki, kimin kiminlə nə düşmənçiliyi var. Ara yerdə bizi də bu işə qatdılar. Mən tələbə idim, gələcəyim vardı. Hamısı məhv oldu. İşə düzgün baxmaq lazımdır. İnsan taleyindən söhbət gedir”.

Ramal Məmmədov ümumiyyətlə, hadisə vaxtı evdə olduğunu deyib.

O da prokurorun ağır cəza tələbinə etiraz edib. Lakin qısa müşavirədən sonra Vüqar Quliyevin sədrlik etdiyi, Aytən Əliyeva və Siyavuş Hacıyevdən ibarət hakimlər kollegiyası təqsirləndirilən şəxslərə prokurorun istədiyinə yaxın cəza kəsib.

Bu cinayət işində söhbət 2023-cü ilin martında Bakının mərkəzində – “Təzə bazar”ın yaxınlığında iki nəfərin güllələndiyi hadisədən gedir.

İttihama əsasən, həmin hadisədə Nicat Əkbərovun öldürülməsi planlaşdırılsa da, atılan güllələr başqasına dəymişdi.

1983-cü il təvəllüdlü Nicat Əkbərov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

O, məhkəmənin hazırlıq iclasında deyib ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil.

Onunla yanaşı, daha iki nəfər zərərçəkmiş qismində tanınan var. Bunlar Fəqan Rəhimli və Tamerlan Hüseynovdur. Adları çəkilən şəxslər isə hadisə vaxtı xəsarət alanlardır.

İttiham aktında göstərilib ki, “Nicat Lənkəranski”nin qətlinin sifarişini xarici ölkədə yaşayan, kriminal aləmdə “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımov hazırda məhkəmə qarşısında dayanan şəxslərdən Şahmar İsmayılova verib.

Onlar bu barədə telefonla danışıblar.

Emin Qasımov ona söz verib ki, bu işi görəndən sonra onun İstanbula çıxıb getməsinə, orada yaşamasına kömək edəcək.

İddia olunur ki, Şahmar İsmayılov da öz növbəsində bu işi Ramal Məmmədov və Vüqar Quliyevlə razılaşdırıb.

Onlar Nicat Əkbərovun yaşadığı evi müəyyənləşdiriblər, onu bir müddət izləyiblər.

Cinayət işinin materiallarında yazılıb ki, qətlin sifarişi üçün Emin Qasımov Şahmar İsmayılova ilkin olaraq 950 manat göndərib.

Hadisə günü Nicat Əkbərov “Vurgun Residence”dən çıxıb maşınına minəndə ona tərəf atəş açılıb. Lakin o, güllələrdən yayınıb.

Hadisədən sonra təqsirləndirilən şəxslər ölkəni tərk etmək istəsələr də, hava limanında saxlanılıblar.

Nicat Əkbərovun özü də bu hadisədən az sonra həbs olunub. O, məhkəməyə də təcridxanadan gətirilmişdi.

Bildirmişdi ki, bundan sonrakı məhkəmə iclaslarında iştirak etmək istəmir.

Nicat Əkbərova 2024-cü ilin martında hökm oxunub.

O, narkotik ittihamıyla 1 il 1 ay azadlıqdan məhrum edilib.

Ana səhifəSosial“Nicat Lənkəranski”yə sui-qəsddə günahlandırılanlara 38 il həbs cəzası kəsilib